Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gədəbəy rayon sakini Heydər Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimova minnətdarlığını bildirir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bərdə rayon Şöbəsinin sədri İsmayıl Rüstəmov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda polis veteranlarının səmimi qəbuluna, veteran vəsiqələrinin təqdim olunmasına, onlara göstərilən diqqət və qayğıya görə Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları Elşən Əhmədova və Yusif Əsədova öz təşəkkürünü bildirir.

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı hər gün ayrı-ayrı vətəndaşlardan DİN rəhbərliyinə ünvanlanan çoxsaylı təşəkkür məktubları daxil olur. Bu məktublarda vətəndaşların polis əməkdaşları haqqında sərgilədiyi fikirlər bir daha onu sübut edir ki, vətəndaş-polis münasibətləri yüksək səviyyədə təşkil olunur və vətəndaş məmnunluğu ən önəmli faktordur. Ağdam rayon sakini, I qrup Qarabağ müharibəsi əlili Rəhman Cəfərov öz məktubunda cəbhə bölgəsində xidmət aparan Ağdam Rayon Polis Şöbəsinin fəaliyyətini yüksək qiymətləndirir. Ağdam RPŞ-nin əməkdaşı, polis nəfəri Taleh Məmmədovun nümunəvi xidmət göstərdiyinə görə ona öz minnətdarlığını bildirir. R.Cəfərov məktubunda qeyd edir: “Polis əməkdaşı Taleh Məmmədov asayişi qorumaqla yanaşı rayon ərazisindəki avtomobil yollarında yolu keçmək istəyən uşaqlara, yaşlılara və əlillərə yardımını əsirgəmir. Bu halların dəfələrlə təkrarlandığını gördüyüm üçün onun bu addımını təqdirə layiq hesab edirəm. Avtomobillərin intensiv hərəkətdə olduğu yolda səkidən səkiyə keçmək həm uşaqlar, həm yaşlılar üçün çox çətindir. Mən də yolu keçməkdə çətinlik çəkirdim. T.Məmmədov vaxtında kömək etməsəydi hər hansı bir bədbəxt hadisə baş verə bilərdi. O, demək olar ki, hər gün mənim kimi insanların həyatını xilas edir.”

Gədəbəy rayonunun kənd və şəhərində yaşayan Yeni Azərbaycan Partiyasının bir qrup üzvləri DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Gədəbəy RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimova minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Əli İsmayılzadə məktubunda ölkəmizdə ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirir.

Şəki şəhərinin Baş Şabalıd kəndində yaşayan Elyaz Güliyev DİN-ə ünvanladığı məktubunda bildirir ki, kiçik bizneslə məşğuldur və işi ilə əlaqədar respublikanın müxtəlif rayonlarında səfərdə olur. O, həmişə polis əməkdaşlarının, xüsusən Dövlət Yol Polisi əməkdaşlarının xeyirxah əməlləri, müxtəlif səbəblərdən yolda qalan sürücülərə, texniki nasazlıq yaranan maşınların təmirinə kömək etmələri halları ilə rastlaşdığını bildirir. Bu yaxınlarda Masallı rayonunda şahidi olduğu bir neçə faktı qeyd edən müəllif polis əməkdaşlarının belə humanistliyinə, vətəndaşlara göstərdikləri diqqət və qayğıya görə DİN rəhbərliyinə və Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhərində yaşayan Türkiyə vətəndaşı Ali Kemal Yılmaz Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda avqustun 27-də Heydər Əliyev Hava Limanında içərisində dəyərli əşyaları olan çantasını unutduğunu bildirir. Polis əməkdaşlarının onu taparaq çantanı təhvil verdiklərini qeyd edən müəllif belə operativliyə və göstərilən diqqətə görə DİN rəhbərliyinə və Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şabran rayon sakini Xəlil Şaxayev DİN-ə ünvanladığı təşəkkür məktubunda ona məxsus itmiş heyvanların tapılmasında göstərilən köməkliyə görə Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Masallı rayonunun Təzə Alvadı kənd sakini Ataxan Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşlarından razılığını ifadə edir.