DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Polisin etik davranış kodeksi

DAXİLİ  İŞLƏR  ORQANLARI ƏMƏKDAŞLARININ ETİK DAVRANIŞ KODEKSİ

Ümumi müddəalar.

Dövlətin ictimai-siyasi həyatının mühüm sahələrindən olan hüquq-mühafizə fəaliyyətinin məqsədyönlü təşkili və həyata keçirilməsi, hüquq-mühafizə orqanları əməkdaşlarının şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət yaratmaq, onların inam və etibarını qazanmaq bacarığından bilavasitə asılıdır.
Yalnız bu kimi keyfiyyətlərə, o cümlədən dəyanətə və saf mənəviyyata, öz həmkarları və əhali arasında hörmətə və nüfuza malik, dövlətə, xalqa və xidməti borca sədaqətli olan daxili işlər orqanlarının əməkdaşları insanların etibarını qazanıb onların dəstəyinə arxalana bilər.
Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi (bundan sonra Davranış kodeksi) - əməkdaşların göstərilən meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəvi-əxlaqi və mədəni davranış qaydalarına əməl etməsinin ifadəsi olan norma və müddəaları müəyyən edir.
Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq,  insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır.
Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə sözsüz əməl edəcəkləri barədə üzərlərinə öhdəlik götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur.
Daxili işlər orqanlarında xidmətə qəbula namizədin yoxlanılması prosesində, Davranış kodeksində müəyyən olunmuş prinsip və qaydalara zidd hərəkətləri barədə təsdiqləyici məlumatların daxil olması, onun xidmətə qəbulunun rədd edilməsi üçün əsas sayıla bilər.


MADDƏ 1.
Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır.

MADDƏ 2.
Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir.
Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər.    

MADDƏ 3.
Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır.
Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir.

MADDƏ 4.
Dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır.

MADDƏ 5.
Xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalıdır.

MADDƏ 6.
Xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir.
Öz xidməti vəzifələrinin  icrasına buna səlahiyyəti olmayan şəxslər tərəfindən müdaxilə etmək cəhdlərinin qarşısını qətiyyətlə almalıdır.
Xidməti vəzifələrin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, bu barədə birbaşa rəisinə məlumat verməli və maddi, qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əməkdaşın xidmət etdiyi orqana akt üzrə təhvil verilməlidir.
Xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür  təsir təəssüratı yaradan və ya vəzifələrin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəisinin rəyini öyrənməlidir.
6-1. Yuxarı vəzifəli şəxslərin qərar və hərəkətlərini müzakirə və şərh etməməli, xidməti fəaliyyətlə əlaqədar olan məlumatların yayılmasına yol verməməlidir.
Xidməti vəzifəsinə aid olmadığı hallarda dövlət orqanının, onun rəhbərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
6-2. Fəaliyyətini səmərəli, ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmalıdır.
Xidmət etdiyi dövrdə maraqların toqquşmasına (vəzifə səlahiyyətləri çərçivəsində özünün yaxud yaxın qohumlarının şəxsi və maddi maraqlarına toxuna bilən qərarların qəbul edilməsi) yol verməməli, öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, həmin maraqların xarakteri barədə birbaşa rəisə məlumat verməlidir.
Xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar  təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, dövlət orqanının rəhbərini məlumatlandırmalıdır.

MADDƏ 7.
Yalnız yüksək peşəkarlığa və şəxsi keyfiyyətlərə malik əməkdaşın insanlara və cəmiyyətə fayda verə biləcəyini nəzərə alaraq, peşəkarlığının, təhsilinin və ümumi intellektual səviyyəsinin  artırılması üçün mütəmadi olaraq öz üzərində çalışmalı, bilik və təcrübəsini, xidməti ənənələri gənc əməkdaşlara aşılamalıdır.

MADDƏ 8.
Xidməti istifadədə olan avadanlığı, texniki və xüsusi vasitələri, tabel silahını və xidməti vəsiqəsini möhkəm qorumalı, xidməti və dövlət sirrinin yayılmasına yol verməməlidir.

MADDƏ 9.
Çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır.
Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir.

MADDƏ 10.
Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir.

MADDƏ 11.
Sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır.

MADDƏ 12.
Cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir.  

MADDƏ 13.
İcrasının mümkün olamayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir.

MADDƏ 14.
İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir.
Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir.

MADDƏ 15.
Yaşayış yeri və anket məlumatlarında dəyişikliklər baş verdikdə, dərhal bu barədə xidmət etdiyi orqanın rəisini məlumatlandırmalıdır. Müəyyən edilmiş qaydada icazə almadan yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyətini keçirəcəyi yeri bildirməlidir.
15-1. Yaxın qohumunun məhkum olması haqqında ona məlum olduğu vaxtdan 1 ay müddətində xidmət etdiyi orqanın rəhbərliyinə məlumat verməlidir.
15-2. Xidmət yerini dəyişmək üçün başqa dövlət orqanları tərəfindən qulluğa (xidmətə) qəbulla bağlı keçirilən müsabiqələrdə (müsahibələrdə, imtahanlarda)   iştirak etmək istədikdə bu haqda qabaqcadan müəyyən edilmiş qaydada raportla Daxili İşlər Nazirliyinə müraciət etməlidir.


MADDƏ 16.
Özünə və həmkarlarına qarşı tələbkar olmalı, Davranış Kodeksində müəyyən olunmuş qaydaların daxili işlər orqanlarının hər hansı əməkdaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir.

MADDƏ 17.
Müxtəlif məsələlərlə bağlı  keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir.

MADDƏ 18.
Kriminal və müəmmalı həyat tərzi keçirən, o cümlədən cinayətkar aləmdə tanınmış və nüfuza malik şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmamalı, şəxsi münasibətlər qurmamalı, onlarla hər hansı bir sövdələşmələrə getməməlidir.
18-1. Mərc oyunlarında iştirakdan, eləcə də, bu məqsədlə belə oyunların təşkil olunduğu müəssisələrə getməkdən çəkinməlidir.

MADDƏ 19.
Öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların səlahiyyət dairəsinə aid məsələlərə, icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməlidir.
Subordinasiya qaydalarını gözləməli, şikayət halları istisna olmaqla, DIN-in rəhbərliyinə yalnız birbaşa rəisləri vasitəsi ilə müraciət etməlidir.
19-1. Heç bir siyasi partiyaya üzv olmamalı, siyasi fəaliyyətlə məşğul olmamalı və digər əməkdaşları da buna təhrik etməməlidir.

MADDƏ 20.
Xidməti vəzifələrindən və xidməti mövqeyindən şəxsi məqsədlərlə istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda daxili işlər orqanları əməkdaşı olmasını qabartmamalı, xidməti vəsiqəsini yersiz təqdim etməməlidir.
Kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə birbaşa müsahibə verməməli və müsahibə ilə bağlı təklif aldıqda sorğunu müəyyən edilmiş qaydalara uyğun olaraq xidmət etdiyi qurumun rəisinə (komandirinə) yönəltməlidir.
Dövlət orqanının resurslarının təhlükəsizliyini təmin etməli və onlardan xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.
Xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir.

MADDƏ 21.
Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir.

MADDƏ 22.
Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur.
Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.

Geriyə qayıt Çap et