Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Abşeron rayonunda yaşayan İsmayıl Əmənov DİN-ə ünvanladığı məktubunda fevralın 19-dan 20-nə keçən gecə Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış massivindəki 8-ci binada baş vermiş yanğın zamanı polis əməkdaşlarının sakinlərin təxliyyəsində, onların təhlükəsizliyinin təmin edilməsində göstərdikləri fədakarlıqlara görə DİN və Abşeron RPİ-nin rəhbərliyinə, xüsusən bina sakinlərinin təxliyyəsi zamanı tüstüdən zəhərlənmiş Post Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları İlkin Kərimov, Elməddin Alıyev, Bəhruz Heydərli və Kamil Həsənova minnətdarlığını bildirir.

Sabirabad rayon sakini Asif Zeynalov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizəyə, vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə Rayon Polis Şöbəsinin rəisi Namiq Camalov və müavini Aqşin Tağıyevdən razılığını bildirir.

Sabirabad rayonunun Qəzli kənd sakini Soltanəhməd Qasımov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu ifadə edir, həmçinin Sabirabad RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Xaçmaz rayon sakini Fizuli Mövsümov asayişin etibarlı mühafizəsində göstərdikləri fədakarlığa və sabitliyin təmininə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Quba rayon sakini Qəhrəman Qasımov rayon ərazisindəki dövlət müəssisələrindən, o cümlədən “Şəfəq” qəzetinin redaksiyasından oğurluq edən cinayətkarların məsuliyyətə cəlb olunmasında göstərdikləri xidmətə görə DİN rəhbərliyinə, Rayon Polis Şöbəsinin rəisinə və bütün polis əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayonunun Maşxan kənd sakini Aslan Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə çərçivəsində keçirilən maarifləndirici tədbirlərin yüksək səviyyədə təşkil olunmasına, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində aparılan profilaktiki işlərə görə Astara RPŞ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Amal Rzayevdən razılığını bildirir və minnətdarlığını ifadə edir.

Tovuz rayonunun Qədirli kəndinin bir qrup ağsaqqalı DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizəyə və vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə kənd sakinləri adından Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərova minnətdarlıqlarını bildirirlər.

Şirvan şəhər sakini Şahmurad Əliyev fevralın 14-də Lənkəran rayonunun Sütəmurdov kəndində yaşayan qızı Vüsalə İbrahimovanın həyatının təhlükədə olması ilə əlaqədar “102 xidməti-zəng mərkəzi”nə müraciət etdiyini, hadisə yerinə gələn Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Kənan Əmirli və növbətçi hissənin sürücü polis nəfəri, polis baş serjantı Elşən Səfərovun qadının həyatını xilas edərək, təcili tibbi yardım gələnə qədər ona ilkin tibbi yardım göstərdiklərini qeyd edərək, polis əməkdaşlarının çevikliyi və peşəkarlığı sayəsində qızı V.İbrahimovanın sağ qaldığını bildirir. Bununla əlaqədar DİN və ŞRPŞ rəhbərliyinə, hadisə yerində olan əməkdaşlara minnətdarlığını çatdırır.

Masallı rayonunun Şərəfə kəndinin sakini Sərdar Ağababayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın qorunmasına, yollarda təhlükəsizliyin təmini istiqamətində görülən işlərə görə Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanovdan razılığını bildirir, minnətdarlığını ifadə edir.