Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elyəddin Səfərov öz məktubunda şəxsi vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsi ilə əlaqədar Nəsimi RPİ-yə müraciət etdiyini, aparılan istintaq nəticəsində ona dəymiş ziyanın qısa vaxtda ödənildiyini qeyd edərək, bununla əlaqədar DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Lənkəranın Ürgə kənd sakini Şəfiqə Mirzəyeva DİN-ə ünvanladığı məktubunda oğlu Ramil Mirzəyevin iyulun 29-da Veravul çayına yıxıldığını, həyatı üçün təhlükə yarandığını qeyd edərək, onu xilas etmək üçün sakinlərin səylərinin nəticəsiz qaldığını bildirir. Məktub müəllifi bildirir ki, yalnız ərazidə xidmət aparan ŞRPŞ-nin Liman Bölməsinin əməkdaşı polis serjantı Taleh Fərzəliyev özünü suya ataraq iki uşaq atası olan oğlunu təhlükədən xilas edib. Bununla əlaqədar Ş.Mirzəyeva rəhbərlik etdiyi qurumda fədakar əməkdaşların yetişdiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini, əmək veteranı Vaqif Sadıxov öz məktubunda şəhər ərazisində abadlaşma işlərinin aparılması, hərəkətin təhlükəsizliyi məqsədi ilə ŞPŞ-nin rəisi Cavid Muradovun qəbulunda olarkən hörmət və ehtiramla qarşılandığından, təkliflərinə diqqətlə yanaşılmasından razılığını bildirir, uğurlu kadr siyasətinə, hər zaman vətəndaşların təkliflərinə diqqət və qayğı ilə yanaşılmasına görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Polad Hacıyev Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşı, polis baş laeytenantı Hörmüz Kazımovun nümunəvi xidmətindən, vətəndaşların şikayətlərinə, irad və təkliflərinə diqqətlə yanaşmasından razılığını bildirir, daxili işlər orqanları əməkdaşlarının nümunəvi xidmətindən məmnunluğunu bildirir.

Sumqayıt şəhər sakini 2-ci qrup əlil Elmira Əhmədova dövlət qurumlarından birində olarkən qəflətən səhhətinin pisləşməsini, yığılıb zədə almasını qeyd edir, bu zaman Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşlarının ona ilkin tibbi yardım göstərmələrindən razılığını bildirir. Məktub müəllifi şəxsi heyətin yüksək mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyəsinə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Qusar rayonundan Mübariz Verdixanov öz məktubunda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirərək qeyd edir ki, iyulun 23-də gecə saat 04.30 radələrində elektrik naqillərinin qısaqapanması nəticəsində ona məxsus mağazada yanğın başlayıb. Həmin vaxt növbədə olan Baş Mühafizə İdarəsinin Quba Regional Şöbəsinin Qusar Bölməsinin növbədə olan əməkdaşları – polis serjantları Muxtar Əhmədov və Rəşid Rəşidov siqnalizasiya sistemi ilə yanğın barədə siqnal daxil olan kimi tez yanğınsöndürmə xidmətinə məlumat vermiş, özləri hadisə yerinə gəlib, əldə olan yanğınsöndürmə balonları ilə yanğını dərhal söndürüblər. Nəticədə sahibkara dəyən ziyanın və yanğının qonşu mənzillərə keçməsinin qarşısı alınmışdır. Məktub müəllifi polis əməkdaşlarının bu sayıqlığına, hər zaman köməyə anındaca yetişməsinə görə minnətdarlığını bildirir.

Cəlilabad rayonunun Göytəpə şəhər sakini Raqif Nağdıyev DİN-ə ünvanladığı məktubunda bir nəfər Salyan rayon sakininin ona olan borcunu qaytarmaqdan imtina etməsini, yalnız DİN-ə müraciət etdikdən sonra aparılan araşdırmalar nəticəsində şikayətinin təmin olunduğunu, pulunu geri ala bildiyini qeyd edir. Məktub müəllifi şikayətinə obyektiv yanaşıldığına görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Saatlı rayon sakini Əziz Məmmədov öz məktubunda daxili işlər orqanlarına şikayətinə obyektiv baxıldığına, ona dəyən ziyanın ödənilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Aysel Talıbova DİN-ə ünvanladığı məktubunda iyunun 25-də saat 17 radələrində ictimai nəqliyyatda yol gedərkən mobil telefonunun oğurlandığını bildirir. O qeyd edir ki, hadisə ilə bağlı Nəsimi RPİ-yə müraciət edib. Məktub müəllifi iyulun 31-də Nəsimi RPİ-yə dəvət edildiyini, telefonunun ona qaytarıldığını bildirir, buna görə ölkə polisinə minnətdarlığını bildirir.