Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakini Qulu Qurbanlı nəvəsinin daxili işlər orqanlarında xidmətə qəbulu zamanı yaradılan şəffaflığa görə cənab nazir başda olmaqla DİN əməkdaşlarına təşəkkürünü bildirir.

Goranboy rayon sakini Afiq Ağakişiyev DİN-ə ünvanladığı məktubunda müraciətinə tez bir zamanda baxılaraq müsbət həll olunmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə və Goranboy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirova minətdarlığını bildirir.

Şəmkir rayon sakini Tofiq Rəsulov DİN-ə ünvanladığı təşəkkür məktubunda bu ağır günlərdə daxili işlər orqanlarının əməkdaşları vətəndaşların sağlamlığını qorumaq üçün gecə-gündüz xidmət apardığını, öz sağlamlıqlarını riskə atdığını yazır. O, insanların hüquq və azadlıqlarının, ictimai asayişin və sabitliyin keşiyində durmaqla yanaşı, asayiş keşikçilərinin cinayətkarlıqla qətiyyətli mübarizəsinin də Vətənə, dövlətə xidmətin bariz nümunəsi olduğunu vurğulayır. Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminə nəzarət edən, millətini, dövlətini qarşılıqsız sevən polisin hər bir azərbaycanlının güvənc yeri olduğunu qeyd edən məktub müəllifinin “Karantin rejimi olduğundan Sumqayıtda yaşayan, qayğıya ehtiyacı olan qohumlarıma kömək etməkdə çətinlik çəkirdim. Çünki gediş-gəliş mümkün deyildi. Daxili İşlər Nazirliyinə müraciət etdim. Məni Şəmkir RPŞ-yə dəvət edib qohumlarımla maraqlandılar, onların ünvanını soruşdular. Həmin günün axşamı telefonuma qohumlarımdan zəng gəldi: “Xəbərin var, polislər bizə Şəmkirdən ərzaq gətirmişdilər”,-deyəndə tutuldum. Bunu yalnız Azərbaycan Polisi edə bilərdi”...

DİN-in Facebook səhifəsinin izləyicisi olan Bakı şəhər sakini Fərda İbrahimov səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ reaksiya verildiyinə və qısa müddətdə müsbət həll edildiyinə görə minnətdarlığını bildirir.

Ağdam rayon Çəmənli kənd sakini Fədai Əsədov ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Abşeron rayon Saray qəsəbə sakini Mahir Xəlilov müalicəsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Abşeron RPİ-nin şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Gəncə şəhər sakini Nurəddin Hüseynov ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkə Prezidenti tərəfindən görülən işlərin, atılan addımların gəncəlilər tərəfindən yüksək qiymətləndirildiyini yazır. O, qeyd edir ki, Gəncədə də xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara şərtsiz əməl edilməsi virusa yoluxmanın qarşısını almağa yönəlib. Dövlətin bütün strukturları, o cümlədən daxili işlər orqanları əməkdaşları vəzifə borclarının öhdəsindən layiqincə gəlir, əhalinin sağlamlığının qorunması naminə öz həyatlarını belə riskə atırlar.

Zəngilan rayon sakini İbrahim Abbasov müəllifi olduğu “İzahlı Məntiq Külliyyatı” kitabı ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətdən sonra onunla əlaqə yaradıldığına, DİN Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevlə onlayn görüşünün baş tutmasına və gələcəkdə əməkdaşlığın davam etdirilməsi üçün lazımı şəraitin yaradılmasında göstəriləcək köməkliyə görə minnətdarlığını ifadə edir.

Koronavirus infeksiyası səbəbilə ölkəmizdə tətbiq edilən sosial izolyasiya tədbirlərinə qoşulan “Relax” istirahət mərkəzinin direktoru Azər Mirzəyev ötən müddət ərzində otelin mühafizəsinin tətbiq olunan qaydalara uyğun təşkil olunmasında, asayişin etibarlı qorunmasında fəallıq nümayiş etdirdiyinə görə Lənkəran Rayonlararası Mühafizə Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.