Cibgirlik etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Hüseyn Quliyev saxlanılıb
22.12.2017Adətən əhalinin sıx toplaşdığı yerlərdə, hərəkətin pik vaxtında ictimai nəqliyyatda öz çirkin əməllərini törədib məsuliyyətdən yayınacağını düşünənlər yanılırlar.
Son vaxtlar hər gün yüz minlərlə paytaxt sakinlərinin və qonaqların istifadə etdiyi Bakı Metropolitenində ara-sıra cibgirlik faktları baş versə də, bu əməlləri törədənlər heç də düşündükləri kimi qaçıb aradan çıxmaqla məsuliyyətdən yayına bilmirlər. Polisin sayıqlığı və peşəkarlığı nəticəsində saxlanılaraq məsuliyyətə cəlb olunurlar.
Son günlər Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Dilrubə Sadətdinli, Neftçala rayon sakini Fatimə Yunusova və Bərdə rayon sakini Nigar Vəliyeva metronun “Elmlər Akademiyası” və “Həzi Aslanov” stansiyalarında pul və sənədləri olan pulqabılarının oğurlanmaları barədə məlumat veriblər.Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cinayətin üstü qısa vaxtda açılıb və bu əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Xırdalan şəhər sakini Hüseyn Quliyev olması müəyyən edilib.