Quldurluq etməkdə şübhəli bilinən Tərtər rayon sakini S.Hüseynov saxlanılmışdır
11.09.2020Sentyabrın 10-da Bakı şəhər sakini C.Süleymanov DİN-in “102 – Zəng Mərkəzi”nə və Tərtər RPŞ-yə ərizə ilə müraciət edərək əvvəlcədən razılaşdıqları kimi S.Hüseynov adlı şəxsə satmaq məqsədi ilə “Chery Tiggo” markalı avtomobilini Tərtərə gətirdiyini, sonuncunun isə onu odlu silahla hədələyərək avtomobilini ələ keçirdiyini və naməlum istiqamətdə getdiyini bildirmişdir.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən dərhal müvafiq araşdırmalara başlanılmışdır. “İsti izlərlə” və peşəkarlıqla keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov cinayət yolu ilə ələ keçirdiyi avtomobillə birlikdə Bakı şəhərində saxlanılaraq Tərtər Rayon Polis Şöbəsinə gətirilmişdir.
Araşdırmaların davamı olaraq S.Hüseynovun yaşadığı ünvana baxış keçirilən zaman evinin yaxınlığındakı su quyusunun üzərindəki beton örtüyün içərisindən cinayətin törədilməsində istifadə etdiyi 1 ədəd qundağı və lüləsi kəsilmiş, tək lüləli odlu silah və 3 ədəd patron, eləcə də evinə baxış keçirilərkən oradan 1 ədəd xəncər aşkar edilərək götürülmüşdür.Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.