Oğuz rayonun Şirvanlı kənd sakinləri N.Umarlı və A.Balakişiyev əkib-becərdikləri çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanmışlar
01.08.2020Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş N.Umarlı və qohumu A.Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanmışlar. Bu zaman N.Umarlı qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açmışdır. Polis əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində o zərərsizləşdirilərək saxlanılmışdır.
Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən hadisənin baş verdiyi əraziyə baxış zamanı oradan N.Umarlıya məxsus “Makarov”markalı tapança, içərilərində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülmüşdür.Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş “TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.
Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılmış, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.