Quldurluq etməkdə şübhəli bilinən Göyçay rayon sakinləri İ.Abdullayev, X.Ömərov, habelə cinayəti bilib polisə məlumat verməmiş N.Bəşirov saxlanılmış, digər bir nəfər isə müəyyən edilmişdir
09.02.2020Fevralın 3-də saat 22 radələrində Şəki şəhərinin Cəfərabad kəndi ərazisində R.Muxtarzadənin idarə etdiyi şirkətlərdən birinə məxsus “Ford” markalı avtomobilin “VAZ-2106” markalı avtomobillə vurulması, həmin avtomobildən düşmüş 3 nəfərin “Ford” markalı avtomobildə sərnişin qismində gedən həmin şirkətin əməkdaşı C.Kərimova küt alətlə xəsarət yetirərək içərisində 15.000-20.000 manat pul olan çantanı aparması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olmuşdur.
Dərhal Şəki ŞRPŞ əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Baş Cinayət Axtarışı, Baş İctimai Təhlükəsizlik, Baş Dövlət Yol Polisi idarələri, Təhlükəsiz Şəhər Xidməti, Şəki ŞRPŞ və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakinləri İ.Abdullayev, əvvəllər məhkum olunmuş X.Ömərov, habelə cinayəti bilib polisə məlumat verməmiş N.Bəşirov saxlanılmış, digər bir nəfər isə müəyyən edilmişdir.Əməliyyat-axtarış tədbirləri davam etdirilir.