Astara rayon sakini Vüsal Hüseynovu qətlə yetirməkdə şübhəli bilinən Şiyəkəran kənd sakini Məhəbbət Bağırov tutulub
03.02.2018Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonu ərazisində törədilən qətlin üstü açılıb və bu ağır cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.
Fevralın 2-də Astara rayonunun Kolatan kəndində əvvəllər məhkum olunmuş, 41 yaşlı Vüsal Hüseynovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə daxil olan məlumat əsasında Şəhər Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Məhəbbət Bağırov tutulub.
Saxlanılan zaman onun üzərindən narkotik vasitə olan tiryək də aşkar edilərək götürülüb.