Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Saxta pulların dövriyyəsi ilə məşğul olan mütəşəkkil qrup zərərsizləşdirilib

03.03.2014

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkəmizin iqtisadiyyatına və bank sektoruna qarşı yönəlmiş cinayətin qarşısını alıb. Həyata keçirilən  növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda “Paypoint” terminalları vasitəsi ilə dövriyyəyə saxta əskinaslar buraxan 6 nəfərdən ibarət qrupun üzvləri yaxalanıb.

Polis əməkdaşları Binəqədi rayon sakini Ehtiram Həsənzadəni şübhəli şəxs qismində saxlayıb. O, öz ifadəsində bildirib ki, saxta pulları dostları ilə birgə hazırlayıb. Daha sonra Binəqədi rayon sakinləri Kənan İbrahimov, Famil Babayev, Kazım Kazımlı, Abbas İbrahimov və Ağdaş rayonunda anadan olan Ələddin Səfərov da müəyyən edilərək tutulublar.

Araşdırmalarla həmçinin müəyyən olunub ki, qrup üzvləri saxta əskinasları Kənan İbrahimova məxsus xüsusi kompyuter avadanlıqları vasitəsilə hazırlayıblar. Əməliyyat zamanı dəstə üzvlərinin istifadə etdikləri texniki avadanlıqlar, eləcə də xeyli sayda saxta pul nümunələri və digər vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxta əskinaslar hazırlandıqdan sonra “MilliÖn” ödəniş sisteminin Binəqədi rayonu ərazisində yerləşən “Paypoint” terminallarında ayrı-ayrı vaxtlarda dəfələrlə dövriyyəyə buraxılıb. O da müəyyənləşdirilib ki, onlar saxta pulları dövriyyəyə daxil etmək məqsədilə Ehtiram Həsənzadənin adına “Dəmirbank”da hesab da açdırıblar. Saxta pulların bir hissəsi “Paypoint” vasitəsi ilə Ehtiram Həsənzadənin bank hesabına köçürülüb, sonra isə hesabdan həqiqi əskinaslar şəklində çıxarılaraq mənimsənilib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

03.03.2014 tarixinə olan kriminal məlumatlar