"Ət bazarı"nın sökülməsinə etiraz edən 150 nəfər "İctimai Televiziya və Radio Verilişləri" Şirkətinin qarşısında avtomobil yolunu bağlamaq cəhdinin qarşısı alınmışdır
08.03.2007Yeni Yasamal yaşayış sahəsindəki qeyri-qanuni fəaliyyət göstərən "Ət bazarı"nın sökülməsinə etiraz əlaməti olaraq orada işləyənlərdən 150 nəfər "İctimai Televiziya və Radio Verilişləri" Şirkətinin qarşısında avtomobil yolunu bağlamağa cəhd göstərmişlər. İzahedici söhbətlərdən sonra cəhdin qarşısı alınmış və onlar polis əməkdaşlarının müşayiəti ilə Yeni Yasamal yaşayış sahəsinə doğru hərəkət etmişlər. Yol boyu sayı 250 nəfərə çatmış həmin şəxslər polis əməkdaşlarına hücum etmiş, onlara qarşı daş, taxta və dəmir parçaları ilə müqavimət göstərmişlər. Nəticədə 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti almış, habelə 2 ədəd "Tofaş", 1 ədəd "VAZ-2106", 1 ədəd "Niva-2121" və 1 ədəd "UAZ" markalı xidməti avtomaşınlara xeyli ziyan yetirilmişdir. Polisə qarşı aktiv müqavimət göstərmiş 8 nəfər polisə gətirilmiş və onlar barəsində cinayət işi başlanmışdır. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.