Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Xəbərlər

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 24 09 2021 Sentyabrın 24-də Daxili İşlər Nazirliyində axtarış işinin, müvəqqəti saxlama yerlərində xidmətin təşkili, orqan və hissələrdə qanunçuluğun təmini üzrə fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.
Polis Akademiyasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
23 09 2021 Daxili İşlər Nazirliyinin Polis Akademiyasının yaranmasının 100 illiyi münasibətilə Polis Akademiyasında təntənəli mərasim keçirilib. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının və Daxili Qoşun hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Nazir, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasının təsis edilməsinin 100 illik yubileyi münasibətilə onun şəxsi heyətini, məzunlarını, veteranlarını təbrik edib. Akademiyanın keçdiyi şərəfli yola nəzər salan V.Eyvazov bildirib ki, 1921-ci ildə milis nəfəri və komandir kadrları hazırlayan məktəb statusunda yaradılmış bu tədris müəssisəsi Akademiya səviyyəsinə qədər yüksəlib, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif illərdə Akademiyada keçirilən təntənəli mərasimlərdə iştirak etdiyini, zəruri göstərişlər verdiyini, diqqət və qayğısı sayəsində bu təhsil müəssisəsinin maddi-texniki bazasının, tədris prosesinin əhəmiyyətli şəkildə təkmilləşdiyini diqqətə çatdırıb. Müəllim və kursantların istifadəsinə müasir tədris korpusları və texnoloji avadanlıq, yeməkxana və yataqxanalar, idman kompleksi, virtual təlim otaqları, poliqon, zəngin fondu olan elektron kitabxana, xarici dil mərkəzi, konfrans zalı verildiyini vurğulayıb. Beynəlxalq əlaqələrinin ildən-ilə genişlənərək xarici ölkələrin 20-dən çox xüsusi təyinatlı təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirdiyini, tədris prosesində informasiya texnologiyalarından geniş istifadə olunduğunu, xüsusi metodlara və interaktiv təlimə üstünlük verildiyini, kursantlara vətənpərvərlik hissi, zabit qüruru, saf mənəviyyat aşılandığını, bütün bunların mütəxəssis hazırlığını şərtləndirən mühüm amillər olaraq cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində müsbət nəticələrin əldə olunmasına zəmin yaratdığını bildirib. Azərbaycan polisinin peşəkar, milli ruhda tərbiyə olunmuş, dövlətçiliyə, Vətənə və xalqa sadiq bütöv bir nəslinin ərsəyə gəlməsində Polis Akademiyasının da əhəmiyyətli rolunu xüsusi vurğulayan nazir diqqətə çatdırıb ki, ötən 100 ildə bu təhsil müəssisəsinin məzunlarının ümumi sayı təxminən 25 min nəfər təşkil edib və bu gün daxili işlər orqanları üzrə şəxsi heyətin 82 faizi ali təhsilli hüquqşünaslardır. Məzunlardan 25 nəfəri ali rütbələrə, 12 nəfəri (6-sı ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Çıxışında professor-müəllim heyətinin qarşısında duran vəzifələrə xüsusi yer verən nazir bildirib ki, onlardan başlıcası Azərbaycanın ali təhsil müəssisələrinin sırasında layiqli yeri olan Akademiyanı, buradakı tədris və təlim prosesini qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirmək, polisdə xidmətin bütün şərtlərinə cavab verən ixtisaslı kadr hazırlığı fəaliyyətini hərtərəfli dəstəkləmək, kursant və dinləyicilərdə analitik düşüncə tərzi, müasir texnologiyalarla işləmək, ekstremal şəraitdə düzgün qərar çıxarmaq və tədbirlər görmək vərdişi formalaşdırmaq, möhkəm intizamın təməli sayılan hərbi, fiziki və sıra hazırlığını yüksəltmək, hər bir fənnin tədrisi prosesində qanunla müəyyən edilmiş funksiyaların icrasını vətəndaş məmnunluğu prinsipi üzərində qurmağı öyrətmək, zəruri biliklərə və iş metodlarına yiyələndirmək, yeni təsis olunmuş magistratura və doktorantura pillələrində Akademiya, bütövlükdə daxili işlər orqanları üçün elmi potensiallı mütəxəssislər yetişdirməkdir. Mərasimdə həmçinin Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov çıxış edərək planlaşdırılan və görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıya qoyulmuş vəzifələrin icrası barədə məruzə edib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əvvəlki illərdə Akademiyaya rəhbərlik etmiş polis veteranlarını da təbrik edərək onlara Akademiyanın 100 illiyi münasibətilə hazırlanmış döş nişanlarını təqdim edib. Təntənəli mərasim Akademiyaya yeni qəbul olunmuş kursantların andiçmə mərasimi və şəxsi heyətin tribuna önündən keçidi ilə başa çatıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatı 18 09 2021 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulmuşdur. Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilmişdir.
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib 10 09 2021 Sentyabrın 10-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında və Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Daxili işlər naziri yeni səfiri qəbul edib
Daxili işlər naziri yeni səfiri qəbul edib 09 09 2021 Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 9-da Türkiyə Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcını qəbul edib.     Qonağı salamlayan nazir təyinatı münasibətilə onu təbrik edib, dəyərli fəaliyyətində uğurlar arzulayıb.
Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciəti
09 09 2021 Əziz Həmvətənlər! Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə bu il iyul ayının 1-dən qapalı məkanlarda 150, açıq havada isə 50 nəfərin iştirakı ilə toy şənliklərinin keçirilməsinə icazə verilib. Lakin aparılan yoxlamalar nəticəsində müəyyən edilib ki, bəzi hallarda qeyd olunan qərardan irəli gələn tələblər pozularaq toylarda icazə verilən saydan artıq qonaqlar iştirak edir, eləcə də mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiq edən COVID-19 pasportu hələ də yoxdur. Daxili İşlər Nazirliyi övladına toy etməyi planlaşdıran vətəndaşlarımızı öncədən təbrik edir, eyni zamanda onlardan təşkil edəcəkləri toy və digər şənlik mərasimləri zamanı koronovirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün qərarlara, o cümlədən dəvət edilən qonaqların say məhdudiyyətinə, onların COVID-19 pasportuna malik olmaları tələbinə ciddi nəzarət və riayət etməyi xahiş edir. Əks təqdirdə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə nəzarəti həyata keçirən aidiyyəti orqanlar qanunvericiliyin tələblərinə uyğun olaraq cəza tədbirləri görmək məcburiyyətində qalacaqlar.
Polis Akademiyasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Polis Akademiyasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 09 09 2021 Daxili İşlər Nazirliyinin Polis Akademiyasının yaranmasının 100 illiyi münasibətilə Polis Akademiyasında təntənəli mərasim keçirilib. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının və Daxili Qoşun hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı 31 08 2021 Daxil olmuş məlumatlar və keçirilən yoxlamalar nəticəsində bəzi şəxslərin ölkəmizdə koronovirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edərək pul müqabilində ayrı-ayrı vətəndaşlara dair məlumatları “e-tebib” elektron qeydiyyat sisteminə yerləşdirmələri və bununla da guya peyvənd olunmaları ilə bağlı onlara saxta “COVID-19” pasportu satmaları müəyyən olunub. Belə ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqustun 30-da keçirilən tədbirlərlə saxta “COVID-19” pasportu satmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Şıxıyev, Eldar Mirzəyev və Şirin Şirəliyev saxlanılmışlar. İlkin dindirmə zamanı onlar hər birindən 225 manat almaqla 40 nəfər şəxsə belə saxta sənəd satdıqlarını etiraf etmişlər. F.Şıxıyevə məxsus “Mercedes” markalı avtomobilə baxış keçirilərkən bir vətəndaşa məxsus vaksinasiyanın hər iki dozası qeyd olunmuş “COVID-19” pasportu, 30 nəfərə aid üzərilərində mobil nömrələri yazılmış şəxsiyyət vəsiqələrinin surətləri və bank kartları aşkar edilərək götürülmüşdür. Hazırda faktla bağlı Rayon Polis İdarəsinin və Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı
27 08 2021 Daxil olmuş məlumat əsasında keçirilən müvaffiq tədbirlər nəticəsində müəyyən edilib ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhər Poliklinikasında pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksinasiya olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilməsi həyata keçirilir. Paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini S.Həsənova, tanışları - həmin poliklinikanın sahə həkimi R.Əliyeva və qeyd edilən tibb müəssisəsinin həkim-terapevti G.Mədətzadə saxlanılıblar. Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara pul müqabilində xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovanın yaşadığı evdən və R.Əliyevanın əl çantasından xeyli sayda peyvəndin 1-ci və 2-ci dozasının vurulmasına dair saxta pasportlar aşkar edilib. Həmçinin R.Əliyevadan pul müqabilində guya peyvənd olunmuş şəxs kimi qeydiyyata düşmək üçün ona müraciət edən müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələri və sürətləri, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırmalar aparılır. Bir məqam xüsusi olaraq vurğulanmalıdır ki,bu istiqamətdə həyata keçirilən tədbirlər koronovirusla mübarizədə fədakar fəaliyyətləri ilə xalqımızın böyük rəğbətini qazanan qəhrəman həkim və tibb işçilərinin əməyinə əsla kölgə salmamalıdır. Onlar həmişə olduğu kimi bu gündə hər birimizin sağlamlığının keşiyində əzmlə dayanıblar. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması ilə əlaqədar saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, "961" nömrəli "Çağrı Mərkəzi", "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilmələrini xahiş edir.