MDB üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının dekabrın 24-25-də Moskva şəhərində keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun çıxışı
24.12.2004
Hörmətli Rəşid Qumaroviç!
Hörmətli iclas iştirakçıları!
Hər şeydən əvvəl, Rusiyanın gözəl paytaxtı Moskva şəhərində MDB üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) iyirmi səkkizinci növbədənkənar iclasının təşkilatçılarına, qonaqpərvərliyə, səmimi qəbula, nümayəndə heyətləri üçün hərtərəfli hazırlanmış səfər proqramlarına, səmərəli fəaliyyət üçün əla şəraitin yaradılmasına görə hörmətli Rəşid Qumaroviçə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Birlik üzvü olan dövlətlərin DİN-ləri arasında əlaqələrin möhkəmləndirilməsini zaman özü diqtə edir və qəti əminəm ki, bu, nəinki ölkələrimizin maraqlarına, həmçinin transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorizmin təhlükə və təhdidlərinə adekvat cavab verilməsində səylərin birləşdirilməsinə dair ümumdünya tendensiyasına da xidmət edir.
Heç şübhəsiz ki, bugünkü görüşümüz bu istiqamətdə gedən proseslərlə həmahəngdir. O, DİNŞ-in cari ilin sentyabrında Kiyev şəhərində qəbul olunmuş qərarına uyğun olaraq keçirilir və bizə elə gəlir ki, Birlik üzvü olan ölkələrin dövlət başçılarının Astana sammitində qarşıya qoyduqları vəzifələrin həlli yolunda mühüm addım olacaqdır. Biz Rusiya DİN-nin rəhbərliyinə, şəxsən Rəşid Qumaroviç Sizə belə mühüm forumun keçirilməsi missiyasını üzərinizə götürdüyünüzə görə minnətdarıq.
Hörmətli həmkarlar!
Qlobal təhlükəsizliyin təmin edilməsi işində beynəlxalq birliyin səylərinə hər bir dövlətin töhfəsi hər şeydən əvvəl milli səviyyədə həyata keçirilən müvafiq tədbirlərin səmərəliliyindən asılıdır. Bununla əlaqədar iclas iştirakçılarını ölkəmizdə ictimai təhlükəsizliyin təmini və cinayətkarlıqla mübarizənin vəziyyətinə dair qısaca məlumatlandırmaq istərdim.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi öz fəaliyyətini ictimai təhlükəsizliyin təmini, cinayətkarlığın xəbərdar edilməsi, qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməsinə dair ümumdövlət prioritetlərinə, qanunun aliliyinə söykənən milli strategiya əsasında qurur. Qanunvericiliyin humanistləşdirilməsi, sosial-hüquqi nəzarətin səviyyəsinin artırılması şəraitində fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə, habelə kriminogen duruma təsir göstərilməsi mexanizminə, vasitələrin keyfiyyətcə yenidən qurulmasına dair proqram sistemli şəkildə, ardıcıllıqla həyata keçirilir. Qanunçuluğun, xidməti, icra və uçot-qeydiyyat intizamının, daxili təhlükəsizliyin möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə zəruri tədbirlər görülür. İnformasiya-analitik işinin təkmilləşdirilməsi dinamik şəkildə gedir. İctimaiyyətlə, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı faydalı əlaqələr genişlənir. Vətəndaş cəmiyyətinin müdafiəsi durmadan artır. Digər hüquq-mühafizə orqanlarıyla sıx təmasda özündə terrorizmə, zorakı cinayət hallarına, qanunsuz silah alverinə, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, insan alverinə, idarəolunmaz miqrasiyaya qarşı xüsusi tədbirləri ehtiva edən cinayətkar qəsdlərin mütəşəkkil formaları ilə strateji, taktiki və kompleks mübarizə tədbirləri həyata keçirilir. Kriminogen durum daim izlənilməklə nəzarətdə saxlanılır. Əməliyyat mövqelərinin, məxfi informasiyanın dərindən işlənilməsi və reallaşdırılmasının gücləndirilməsi yoluyla onun dəyişməsinə qabaqlayıcı, preventiv reaksiya göstərilməsi təmin edilmişdir.
Cinayətkar aləm demokratik dəyərlərə xələl gətirilmədə daim artan hüquq-mühafizə təzyiqini hiss etməkdədir. Aparılan iş proqnozlaşdırılan nəticələri gətirir. Son illər ərzində Azərbaycan Respublikasında cinayətkarlığın azalması müşahidə edilir. Ağır cinayətlərin, qəsdən adamöldürmələrin, quldurluqların, azyaşlılar tərəfindən törədilən hüquq pozuntularının sayı aşağı düşmüşdür. 1993-cü ildən indiyədək təxminən 30 min ədəd müxtəlif odlu silah götürülmüşdür ki, bu da odlu silahla törədilən cinayətlərin 10 dəfədən çox azalmasıyla nəticələnmişdir. Cinayətlərin açılması son illər 90 faizdən yüksək olaraq qalmaqdadır. Respublikamızda əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayı beş ildə orta hesabla 200 cinayət faktı təşkil etmişdir. Müsbət təmayüllər cari ildə də qorunub-saxlanılmışdır.
Bununla belə biz beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, təcavüzkar separatizmin təhdid və tühlükələrinə qarşı daim cavab verməyə hazır olmağın zəruriliyini yaxşı dərk edirik. Beynəlxalq terrorizm bütün dünya birliyinə meydan oxuyur, cəmiyyətdə sabitlik, dövlətlərin təhlükəsizliyi, bütün bəşəriyyətin gələcəyi üçün ciddi təhlükə yaradır. Terrorçuların hücumları getdikcə daha tez-tez, qanlı, amansız və qəfil olur. MDB dövlət başçılarının sammitində qeyd olunduğu kimi, bu, beynəlxalq terrorizmin təhdid və təhlükəsinə daim adekvat cavab verməyə hazır olmağımızı diqtə edir.
Azərbaycan Respublikası terrorizmlə mübarizəyə dair beynəlxalq konvensiyaların və protokolların iştirakçısıdır, antiterror koalisiyasına lazımi köməklik göstərir, BMT Təhlükəsizlik Şurasının göstərilən sahəyə dair məlum qətnamələrinin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görür.
Azərbaycan dövlətinin prinsipial mövqeyi ondan ibarətdir ki, terror bazaları, təşkilatları harada yerləşməsinə, hansı motivlər, bəhanələr altında gizlənməsinə baxmayaraq, mövcud dünya düzəninə, sabitliyə, bəşəriyyətin inkişafı prosesinə real ciddi təhlükə yaratdığı üçün beynəlxalq birliyin sərt cavabıyla, birgə müqavimətiylə üzləşməlidir. Bu, tam mənada beynəlxalq-hüquqi sahədən kənarda yerləşən, işğal etdikləri ərazilərdən mütəşəkkil transmilli cinayətkar birliklərin və beynəlxalq terrorizmin maraqları üçün istifadə edən separatçı rejimlərə də aiddir. Biz terrorizmin antibəşəri, vəhşi mahiyyətini öz üzərində hiss etmiş bütün ölkələrlə həmrəyik.
Ölkəmizdə terrorçuluğun qarşısının alınması, terrorizmlə mübarizə sahəsində digər dövlətlərin müvafiq orqanlarıyla informasiya, o cümlədən operativ xarakterli informasiya mübadiləsinin daimi təmini, terror aktlarının maliyyələşdirilməsi, yaxud dəstəklənməsinə aidiyyatı olan cinayət təqibiylə əlaqədar hər cür yardım göstərilməsi istiqamətində tədbirlər məqsədyönlü, ardıcıl şəkildə həyata keçirilir. Son beş ildə Azərbaycanın milli təhlükəsizlik orqanları Daxili İşlər Nazirliyi, digər hüquq-mühafizə strukturlarıyla birlikdə "Əl-Cihad" və "Qafqaz İslam Ordusu" kimi terror təşkilatlarına aidiyyatı olan təxminən 30 nəfər ifşa edilərək yaxalanmış, qanunsuz silahlı birləşmələrin 20-dən artıq üzvü məhkəməyə verilmişdir.
Rusiya ərazisində terror aktları törədilməsində iştirakçı olan və Azərbaycanda gizlənməyə cəhd etmiş 14 şəxs Rusiya Federasiyasına ekstradisiya olunmuşdur.
Özlərini xeyriyyə qurumları kimi qələmə verən, terrorçulara maliyyə vəsaitinin yığılmasında və çatdırılmasında şübhəli bilinən 6 təşkilatın fəaliyyətinə xitam verilmiş, belə təşkilatlara aidiyyatı olan 43 nəfər ölkə hüdudlarından kənara çıxarılmışdır.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının birgə səylərilə Azərbaycan ərazisindən istifadə edilməklə xarici dövlətlərdə terror aktları törədilməsinin qarşısının alınması məqsədilə kompleks hüquqi və digər tədbirlər ardıcıllıqla həyata keçirilmişdir. Sərhəd nəzarəti və sənədlərin verilməsinə nəzarət gücləndirilmişdir. Terror təşkilatlarına aidiyyatı olan şəxslərin ekstradisiyasına hər cür yardım göstərilir. Belə şəxslərə sığınacaq, hər hansı vəsait verilməsinin qarşısı tamamilə alınmışdır. Terrorizmlə bağlı şəxslərin və təşkilatların pul, maliyyə vəsaitlərinin və iqtisadi sahədə digər gəlirlərinin dondurulması üçün tədbirlər görülür. Daxili İşlər Hazirliyi öz fəaliyyəti çərçivəsində hüquq-mühafizə orqanları, digər dövlət qurumlarıyla sıx əlaqədə bu işdə fəal iştirak edir. Eyni zamanda, digər müvafiq xidmətlər təhlükəsizliyin təmini, transsərhəd mütəşəkkil cinayətkarlıqla mübarizənin ümumi kontekstində bu öncül istiqamətə xüsusi diqqət yetirirlər.
Terrorizm və ekstremizmlə mübarizədə əməkdaşlığın hüquqi-normativ bazasının möhkəmləndirilməsi məqsədilə ölkəmizdə məqsədyönlü iş gedir, fəal şəkildə informasiya mübadiləsi aparılır. Terror aktlarının, terrorçu və ekstremist qrup və təşkilatların fəaliyyətinin xəbərdar edilməsi və qarşısının alınması, onlara maliyyə və digər yardımların daxil olması kanallarının bağlanması, terrorçu, ekstremist fəaliyyətə aidiyyatı olan şəxslərin tutulması və axtarışına dair birgə razılaşdırılmış operativ-profilaktik, əməliyyat-axtarış, digər xüsusi tədbirlər mütəmadi olaraq həyata keçirilir.
MDB üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurası dəfələrlə terrorizm və ektremizmin digər təzahürlərinə qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə baxmışdır. Bu müddət ərzində terrorizmlə mübarizədə DİN orqanlarının səylərinin birləşdirilməsinə kömək edən bir sıra mühüm qərarlar qəbul olunaraq həyata keçirilmişdir. Bu istiqamətdə Birlik üzvü olan bir sıra ölkələrin daxili işlər nazirliklərindən olan həmkarlarımızla qarşılıqlı fəaliyyətimizdə müsbət təcrübə toplanmışdır. Fürsətdən istifadə edərək burada iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinə qarşılıqlı inama, birgə əməkdaşlıq məsələlərinin həllinə konstruktiv şəkildə yanaşdıqlarına görə minnətdarlığımı bildirmək istəyirəm.
Təcrübə göstərir ki, birgə səylərlə xeyli uğurlar qazanmaq mümkündür. Şübhəsiz ki, bu zaman əsas şərt qarşılıqlı yardımın möhkəmləndirilməsi, mühüm operativ informasiyanın qabaqlayıcı mübadiləsi, onun hərtərəfli, dərindən təhlili və məqsədyönlü şəkildə istifadəsi, birgə razılaşdırılmış tədbirlərin həyata keçirilməsi, sorğuların keyfiyyətli icrası, bu və ya digər kriminogen proseslərin dəqiq proqnozlaşdırılması işbirliyinin, əməkdaşlığın dəfələrlə sınaqdan çıxmış formalarıdır. Zənnimcə, bugünkü müzakirələrimiz gələcəkdə həmin istiqamətlərdə də müəyyən irəliləyişin olmasına kömək edəcəkdir. heç şübhəsiz ki, terrorizmin qarşısının alınmasına dair MDB üzvü olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının 2005-ci il üçün Planının reallaşdırılması da bu prosesə yeni təkan verəcəkdir. Azərbaycan Respublikası DİN-nin təmsilçiləri bu Planın hazırlanmasında yaxından iştirak etmiş və bizim mövqeyimiz həmin sənəddə öz əksini tapmışdır.
Biz bu sənədin ideologiyasını qəbul edirik, bölüşürük, orada nəzərdə tutulmuş tədbirlərin məqsədəmüvafiqliyini dəstəkləyirik. Lakin sənədin preambulasında biz terrorizmlə mübarizə məsələlərinə dair BMT-nin Konvensiyasına və Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilməsini istərdik. Zənnimizcə, beynəlxalq terrorizmlə birgə mübarizənin insan, vətəndaş hüquq və azadlıqlarına ciddi riayət olunmaqla, demokratik dəyərlərə hörmət edilmək şərtilə aparılmasını qeyd etmək çox vacibdir.
Son illər ərzində həyata keçirilən "Sərhəd-Sipər" əməliyyatının mövcudluğu şəraitində "Astana" adlı analoji yeni xüsusi əməliyyat tədbirlərinin hazırlanaraq reallaşdırılması zərurəti şübhə doğurur.
Ymumən, müəyyən düzəlişlər, o cümlədən redaktə xarakterli düzəlişlər aparılmaqla biz həm Planın, həm də Qərar layihəsini dəstəkləyirik, onların imzalanmasına və sonradan həmin sənədlərin reallaşdırılmasına daim hazırıq.
Diqqətinizə görə minnətdaram!