DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair" illik hesabatı

05.05.2018

 
Hörmətli cənab Sədr!
Hörmətli millət vəkilləri!

XXI əsrin təhdid və çağırışlarından hesab edilən insan alverinə qarşı mübarizədə dünya birliyinin səyləri – problemin qloballığı baxımından, ötən il daha da gücləndirilmiş, əvvəlki illərlə müqayisədə xeyli çox – 14.897 fakt və 66.520 qurban müəyyən edilərək  təqsirli şəxslər barəsində məhkəmələr tərəfindən 9.071 ittiham hökmü çıxarılmışdır. 
Ümumbəşəri dəyərlərə sadiqlik nümayiş etdirən Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizədə Milli Fəaliyyət Planında təsbit edilmiş bütün tədbirlər – mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Baş Prokurorluğunun, Ombudsman təsisatının, Mətbuat Şurasının iştirakı ilə 2017-ci ildə də tam yerinə yetirilmişdir. 
İlk növbədə qeyd edim ki, qlobal çağırışlara cavab verən qanunvericilik bazasının formalaşdırılması üzrə hesabat ilində davam etdirilən işlər – sözügedən cinayətlərlə mübarizədə əhəmiyyətli olmuşdur. 

Belə ki, Azərbaycan Respublikasının qanunu ilə ratifikasiya edilmiş “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurasının Konvensiyası – digər hüquqazidd  əməllərlə bərabər, insan alverinə qarşı mübarizədə də tərəfdaş ölkələrlə birgə fəaliyyət üçün yeni imkanlar açmışdır. 
Ölkə Başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda – gənclərin insan alverinə qarşı mübarizədə məlumatlılıq səviyyəsinin artırılması ilə bağlı nəzərdə tutulmuş silsilə tədbirlərin icrasına başlanılmışdır. 
Sosial şəbəkələrdə ictimai mənəviyyata zidd, yeniyetmələrin tərbiyəsini və psixoloji durumunu pozan materialların yayılmasının qarşısının alınması, gənclərin mənəvi cəhətdən sağlam inkişafı, hüquq və mənafelərinin təmin edilməsi sahəsində izahat və tərbiyəvi işlərin gücləndirilməsini, ictimai təsir və hüquqi məsuliyyət tədbirlərinin görülməsini ehtiva edən normativ aktların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
İnsan alveri qurbanlarını gözləyən təhlükə, kriminal şəbəkənin istifadə etdiyi metodlar, dövlət tərəfindən təmin edilən müdafiə üsulları, əhalinin inzibati, cinayət-hüquqi və digər tədbirlər haqqında biliklərinin artırılmasına, bütövlükdə insan alveri riskinin azaldılmasına yönəlmiş məlumatlandırma işi də davam etdirilmişdir. 

Orta ümumtəhsil məktəblərinin yuxarı siniflərinin 80 mindən çox şagirdi və valideynlərlə – uşaqların insan alverindən müdafiəsi məsələləri müzakirə olunmuş, bu tədbirlərdə Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə çəkilmiş filmlər nümayiş etdirilmişdir. 
Analoji görüşlər, həmçinin bir sıra universitetlərin, ali və orta-ixtisas təhsili müəssisələrinin tələbələri ilə keçirilmişdir. 
Əvvəlki illərdə olduğu kimi, təbliğat işinin təşkilində – özündə 45 ictimai qurumu birləşdirən Qeyri-Hökumət Təşkilatları Koalisiyasının, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin böyük rolu olmuş və bu sahədə təşəbbüskarlığı ilə fərqlənən 15 ictimai birlik Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılmışdır. 
Onların təqdim etdiyi ümumi dəyəri 104 min manat olan 16 layihə isə – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmişdir. 
Eyni zamanda, hüquq mühafizə orqanları əməkdaşlarının professional hazırlığı işinə yeni meyarlarla yanaşılmasının, təlim-təhsil sisteminin effektivliyinin artırılmasının zəruriliyi nəzərə alınaraq, insan alverinə qarşı mübarizəni və sosial reabilitasiyanı həyata keçirən dövlət orqanlarının işçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri üçün tədris kursları təşkil olunmuşdur. 
Xüsusi polis qurumunun əməkdaşları 11 xarici dövlətdə və ölkəmizdə keçirilmiş 48 konfrans, seminar və təlimlərdə iştirak etmiş, bir sıra beynəlxalq səviyyəli treninqlərə cəlb edilmişlər. 

İnsan alveri ilə bağlı mövzuların tədrisi Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin təlim-tədris mərkəzlərində də davam etdirilərək, həmin qurumlarda təhsilalanlar və işləyənlər üçün xüsusi kurslar təşkil olunmuşdur. 
Səhiyyə, sosial müdafiə sahələrinin və orta ümumtəhsil müəssisələrinin işçiləri – insan alverinin qurbanlarına tibbi və psixoloji yardım, onların sosial reabilitasiyası mövzularında təlimlərdə və dəyirmi masalarda iştirak etmişlər.
Xarici və yerli ekspertlərlə birgə 2000-dən artıq sahibkar cəlb edilməklə keçirilmiş treninqlərdə isə – insan alveri qurbanlarının reinteqrasiyası məsələləri müzakirə olunmuş, potensial qurbanların işə götürülməsi ilə bağlı təşviqat aparılmışdır. Qurbanlar üçün xüsusi müəssisələrin mütəxəssislərinə peşəkar tibbi, psixoloji və digər yardımların göstərilməsinin əsasları öyrədilmişdir. 
İnsan alveri ilə bağlı əksər cinayətlərin transsərhəd xarakter daşıması nəzərə alınaraq, hesabat dövründə xarici tərəfdaşlar və təşkilatlarla qarşılıqlı əlaqələr, informasiya mübadiləsi diqqət mərkəzində  saxlanılmışdır. 
Azərbaycanda insan alverinə qarşı mübarizədə əldə olunan tərəqqi, əməkdaşlığın perspektivləri, birgə layihələrin əhatə dairəsinin genişləndirilməsi – ötən il ABŞ-ın ölkəmizdəki səfirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təmsilçiləri ilə görüşlərdə ərtaflı müzakirə edilmişdir. 

Təyinat ölkələrindən olan Türkiyə və İran İslam respublikalarının, Birləşmiş Ərəb Əmirliklərinin aidiyyəti  dövlət orqanları nümayəndələrinin ölkəmizə səfərləri zamanı məlumat mübadiləsinin intensivliyinin artırılması, axtarışa elan edilmiş təqsirləndirilən şəxslərin ekstradisiyası və başqa vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. 
Ümumən, xarici həmkarlarla yaradılmış səmərəli əməkdaşlıq əlaqələri, xüsusən müstəqillik illərində Daxili İşlər Nazirliyinin 40-a yaxın ölkənin aidiyyəti dövlət strukturları ilə imzaladığı 100-dən çox müqavilə – insan alverinin qurbanı olan Azərbaycan vətəndaşlarının digər dövlətlərdə yerinin operativ müəyyən edilməsində, həmin cinayətləri törədənlər haqqında məlumatların toplanılmasında, razılaşdırılmış tədbirlərin keçirilməsində real nəticələr verməkdədir. 
Bununla yanaşı, bir sıra mötəbər beynəlxalq qurumlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq, Beynəlxaq Miqrasiya və digər təşkilatlarla birgə görülmüş işlərin böyük bir hissəsi – məhz insan alveri problemi ilə bağlı olmuşdur. 
Avropa Şurasının müvafiq Konvensiyasından irəli gələn öhdəliklərin icra vəziyyətinin yerində öyrənilməsi üçün bu təşkilatın Ekspertlər Qrupu (GRETA) ötən il ölkəmizə səfər edərək həyata keçirilən layihələr və təlimlərlə tanış olmuşdur.

İnsan alveri ilə mübarizədə əməkdaşlığın inkişaf etdirilməsinə yeni imkanlar açan Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Birgə Bəyannamə formatında, eləcə də Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsinin 6-cı iclasında qarşılıqlı əlaqələrin perspektivləri müzakirə edilmişdir. 
Daxili İşlər Nazirliyinin və Avropa Birliyinin təşkilati və maliyyə dəstəyi ilə Bakı şəhərində təşkil olunmuş beynəlxalq seminarda – Azərbaycan, Türkiyə və Pakistan dövlətlərinin geniş tərkibli nümayəndə heyəti, İtaliya və Belçika respublikalarını təmsil edən beynəlxalq ekspertlər iştirak etmişlər. 
İnsan alverinə qarşı mübarizədə texniki və məşvərətçi dəstəyin göstərilməsi üçün Xarici İşlər Nazirliyinin əlaqələndiriciliyi ilə müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla səmərəli danışıqlar aparılmış, habelə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən ötən ilin iyun ayından “İnsan alverinə qarşı mübarizə potensiallarının gücləndirilməsi” layihəsinin icrasına başlanılmışdır. 
Hazırda bu layihə çərçivəsində xarici ölkələrdə insan alveri qurbanlarına və ya potensial qurbanlara adekvat yardımın göstərilməsi, diplomatik xidmət əməkdaşlarının bilik və lazımi bacarığının artırılması istiqamətində əhəmiyyətli işlər görülür. 

Müvafiq sahədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər qrupunun (GRETA), Beynəlxalq Miqrasiya və Beynəlxalq Əmək təşkilatlarının hesabatları öyrənilmiş, ayrı-ayrı Avropa ölkələrinin mütərəqqi təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri araşdırılmışdır. 
Məcburi əməyin qarşısının alınması, bu hüquqazidd əməllərə şərait yaradan halların aradan qaldırılması ilə bağlı fəaliyyətin gücləndirilməsinə də xüsusi diqqət yetirilərək qarşıda duran vəzifələr planlı şəkildə yerinə yetirilmişdir. 
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə, ötən il, respublika üzrə 6 məcburi əmək faktı aşkarlanmış, 5 qurbanın, o cümlədən 2 əcnəbinin ölkə daxilində ev qulluğunda və kənd təsərrüfatında istismar edildiyi məlum olmuşdur. Hər bir fakt üzrə başlanılmış cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxlər haqqında məhkəmələr tərəfindən ittiham hökmləri çıxarılmışdır. 
Məcburi əməyin profilaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də, ölkədə olma və yaşama qaydalarını pozan 20.285 əcnəbinin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 6.330 nəfərin deportasiyası olmuşdur. 
Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən edilmişdir. Aparılmış yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməmişdir. 

Lakin, müvafiq problemlərin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayədarlıq qurumlarına – baxılması üçün 450 material göndərilmişdir. Övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində isə inzibati tənbeh tədbirləri görülmüşdür. 
Eləcə də, Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən uşaq mərkəzlərində – küçə həyatına məruz qalmış 150 yetkinlik yaşına çatmayana və onların valideynlərinə ixtisaslı hüquqi və psixoloji yardımlar göstərilmişdir.
Övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 124 uşağın yaşadığı ünvanlarda monitorinqlər keçirilərək, onların zəruri sosial və tibbi yardımla əhatə olunması təmin edilmişdir. 
İnsan alveri sinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində fəaliyyət də məqsədyönlü xarakter daşımışdır. 
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 142 insan alveri, 6 məsburi əmək sinayəti, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 26 fakt aşkarlanmış, 17 nəfərdən ibarət 8 sinayətkar qrup zərərsizləşdirilmişdir. 
İnsan alveri və məcburi əmək faktlarına görə başlanılmış cinayət işlərindən 28-nin istintaqı tamamlanaraq 33 şəxs (25-i qadın, 8-i kişi) barəsində məhkəmələr tərəfindən ittiham hökmləri çıxarılmışdır. 
İnsan alveri cinayətləri törətdiklərinə görə axtarışa elan olunmuş 55 təqsirləndirilən şəxsdən 32-i artıq tutulmuşdur. 

Müəyyən edilmiş 71 qurbandan (66 qadın və 5 kişi)  68-i Azərbaysan Respublikası, 3-ü xarici ölkə vətəndaşı olmuşdur. Onlardan 65-i müvəqqəti sığınacağa yerləşdirilərək hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilmiş və  400 manat məbləğində birdəfəlik müavinət ödənilmişdir.
Bütövlükdə, 68 qurban sosial xidmətlərlə əhatə olunması üçün qeyri-hökumət təşkilatlarına və insan alveri qurbanlarının Yardım Mərkəzinə istiqamətləndirilmiş, 21-i işlə təmin edilmiş, 6-sı peşə kursuna göndərilmiş, habelə 55-i sonradan ailələrinə qaytarılmışdır. 
Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 15 uşaq məktəbəqədər təhsil proqramına yönəldilmiş, 11-nin atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 9-na aidiyyəti sənədlərin alınmasında köməklik edilmişdir.
Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı “qaynar xətt” telefon xidmətinə daxil olmuş 9 minə yaxın müraciət araşdırılaraq qanunauyğun ölçülər götürülmüş, təşəbbüskarlara zəruri izahlar verilmişdir. 

Hörmətli millət vəkilləri!
Beynəlxalq ekspertlərin rəyinə görə insan alveri – narkotik vasitələrin və saxta malların qanunsuz dövriyyəsindən sonra kriminal biznesin ən mənfəətli növlərindən biridir. İl ərzində bu növ cinayətlərdən daxil olan gəlirin məbləği təxminən 32 milyard dollar təşkil edir. Hər il böyük əksəriyyətini qadınlar və uşaqlar təşkil edən təxminən 2,5 milyon şəxs insan alverinin qurbanına çevrilir, onun cinsi istismar, məcburi əmək, dilənçilik, məişət köləliyi, orqan transplantasiyası kimi formalarına məruz qalır. 
İnsan alveri və məcburi əmək probleminin günümüzün reallığına çevrildiyi müasir dünyada ¬– Azərbaycan da öz potensialından maksimum istifadə edərək həmin təhlükələri qabaqlamaq, onlara adekvat reaksiya vermək üçün davamlı tədbirlər görür və bu istiqamətdə qlobal işlərə əhəmiyyətli töhfələr verir. 
Xüsusən, ölkəmizdə insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə aparılmasının başlanğıcının qoyulduğu 2003-cü ildən sonrakı 15 ildə bu hüquqazidd əməllərin qarşısının alınması, cinayət təqibinin yüksək səviyyədə həyata keçirilməsi, qurbanların müdafiəsi, ölkədaxili və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük bir fəaliyyət ortaya qoyulmuşdur. 
Milli qanunvericilik aktları və konsepsiyalar rəhbər tutularaq beynəlxalq kriminal şəbəkələrin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınmış, sözügedən cinayətlərin təşkilatçılarının və icraçılarının, onlar ilə əlaqəli şəxslərin müəyyənləşdirilməsi üçün bütün lazımi tədbirlər görülmüş və bu gün də sistemli şəkildə həyata keçirilir. 

Hazırda insan alverinə qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi, müvafiq istiqamətdə maarifləndirmə işinin daha məqsədyönlü aparılması, vətəndaş cəmiyyəti institutları ilə əlaqəli fəaliyyətinin gücləndirilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, kadrların peşəkarlığının artırılması, əməliyyat potensialının, beynəlxalq münasibətlərin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi və digər mühüm vəzifələr Azərbaycan Respublikasının qanunlarına, Dövlət Başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun ardıcıllıqla davam etdirilir. Və bütün bu işlərdə ölkə rəhbərliyinin, şəxsən cənab Prezidentin olduqca vacib dəstəyi hər zaman hiss olunur. 
 
Çıxışımın sonunda, insan alverinə qarşı mübarizədə dövlət siyasətinin həyata keçirilməsinə böyük fayda gətirən səmərəli əməkdaşlıq münasibətinizə görə, hörmətli millət vəkilləri Sizə, vətəndaş cəmiyyəti institutlarının və mediamızın nümayəndələrinə bir daha dərin minnətdarlığımı bildirirəm.
 
Diqqətinizə görə sağ olun! 

Ən son press-relizlər