Quba rayonunun Dəlləkli kəndi ərazisində kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarının kənd sakini olan 3 yeniyetmə tərəfindən qəsdən yandırılması müəyyən edilmişdir
21.09.2020Cari il sentyabrın 19-da və 20-də Quba rayonunun Dəlləkli kəndi ərazisində kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın hadisələri baş vermiş, yanğınsöndürmə briqadaları və polis əməkdaşları tərəfindən yanğınların qarşısı alınmışdır.
Yanğınların qəsdən törədilməsi şübhə doğurduğundan dərhal müvafiq araşdırmalara başlanılmışdır.
Quba RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə yanğınların kənd sakini olan 3 yeniyetmə tərəfindən törədilməsi müəyyən edilmişdir.Polis əməkdaşları tərəfindən aparılan söhbətlər zamanı onlar törətdikləri əməlləri səmimi etiraf etmiş, peşman olduqlarını bildirmişlər.
Qeyd edək ki, yeniyetmələr kənd sakinləri arasında şübhə doğurmamaq üçün yanğınları törətdikdən sonra onun söndürülməsində fəallıq göstəriblər.Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırmalar aparılır.