Şəmkir rayonu ərazisindəki qəbristanlıqda qəbirlərin üzərində təhqiredici hərəkətlər etməkdə şübhəli bilinən rayon sakini C.Nəcəfli saxlanılmışdır
01.04.2019Şəmkir Rayon Polis Şöbəsinə cari il mart ayının 31-də Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən qəbristanlıqda 2 qəbirin sinə daşı və 50 qəbirin ətrafına quraşdırılmış mərmərdən olan güldanların sındırılması, 7 qəbirin kənarına bərkidilmiş süni güllərin qopardılması və 1 qəbir daşının üzərinə qoyulmuş təbii güllərin ətrafa tullanılması barədə müraciət daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanmışdır.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini, ruhi xəstə C.Nəcəfli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.