Mənzillərdən oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıb
28.03.2018Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, xüsusən mülkiyyət əleyhinə olan cinayətlər əleyhinə mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Martın 28-də bu istiqamətdə keçirilmiş tədbirlərlə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətlərinin bir neçəsinin üstü açılıb.
Belə ki, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Səbail rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırma zamanı ev sahibi olan qadın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat pul və 63.400 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Sərxan Bayramov və Teymur Şahpələngov olduqları müəyyən edilib. Oğurladıqları qızıl-zinət əşyalarının bir çoxu polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən qadın mənzilindən 4000 manat və 300 ABŞ dollarının oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad şəhər sakini Vüqar Bağırov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə rayon ərazisindəki evlərin birindən 350 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Məmmədov müəyyən edilərək saxlanılıb.Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.