DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Prezidentə müraciət

25.03.2005



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR ORQANLARI ŞƏXSİ HEYƏTİNİN MÜRACİƏTİ

 Möhtərəm cənab Prezident!
 Ümummilli liderimiz Heydər Əliyevin daim xüsusi diqqət göstərdiyi və bu gün Sizin qayğınızla əhatə olunan respublikanın daxili işlər orqanları ölkədə apardığınız quruculuq prosesində fəal iştirak edərək, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
 Lakin Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı Baş İdarəsinin əməkdaşı Hacı Məmmədovun mütəşəkkil cinayətkar dəstəyə başçılıq edərək son illər böyük ictimai rezonansa səbəb olan çoxsaylı qətllər, adam oğurluqları və sair xüsusilə ağır cinayətlər törətməsi, bununla da daxili işlər orqanlarının uzun illər boyu böyük zəhməti, gecəli-gündüzlü gərgin əməyi hesabına ölkədə və xalq qarşısında qazandığı nüfuza zərbə vurması hamımızı dərindən sarsıtmışdır. Biz, Hacı Məmmədovun polisin şərəfli adına ləkə gətirən ləyaqətsiz hərəkətlərini qətiyyətlə pisləyir, həmçinin on ildən artıq bir müddət ərzində onun cinayətkar əməllərini vaxtında ifşa edə bilmədiyimizə görə acı təəssüf hissi keçiririk.
 Sizin tapşırığınızla Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində Hacı Məmmədovun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi, onların törətdiyi ağır cinayətlərin açılması – dövlətimizin cinayətkarlığa qarşı mübarizədə qətiyyətli, barışmaz mövqeyinin bir daha nümayiş etdirilməsi bizi hədsiz sevindirir. Bu, həm də Sizin böyük uzaqgörənliklə dediyiniz “...hər bir cinayətkar, qanunu pozan hər bir şəxs qanun qarşısında cavab verməlidir. Qanunun aliliyi hamımız üçün əsas olmalıdır. İnsanlar bilməlidirlər ki, dövlət cinayətkarlara qarşı amansız mübarizə aparır” fikrinin əyani şəkildə təsdiqlənməsidir.
 Cənab Prezident!
 Əzəli və əbədi liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yaratdığı möhkəm dövlət intizamından irəli gələn, Sizin tələb və tövsiyələrinizə uyğun olaraq bu gün də uğurla davam etdirilən hüquq mühafizə orqanlarının birgə, sıx əməkdaşlıq əlaqələrinin məntiqi nəticəsi olaraq, respublikanın daxili işlər orqanları ölkədə konstitusiya-dövlət quruluşunun müdafiəsi, Azərbaycanın ərazi bütövlüyünün, dövlətçiliyin, müstəqilliyin qorunması, asayişin və əmin-amanlığın təmin edilməsi, separatçı və radikal yönümlü qüvvələrin pozuculuq hərəkətlərinin qarşısının alınması, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, dövlət hakimiyyəti əleyhinə olan ağır cinayətlərin fəal iştirakçılarının tutulması, habelə transmilli cinayətkarlığa qarşı mübarizədə üzərlərinə düşən mühüm vəzifələri daim layiqincə yerinə yetirmiş şəxsi heyətimiz bu yolda canlarını belə əsirgəməyərək şəhidlər vermişdir. Görülmüş işlər dahi öndərimiz Heydər Əliyev və şəxsən Sizin tərəfinizdən həmişə yüksək qiymətləndirilərək daxili işlər orqanlarının yüzlərlə əməkdaşı dövlət mükafatlarına layiq görülmüşlər.
 Zati-aliləri, Daxili Qoşunların peşə bayramına həsr olunmuş mərasimdəki çıxışınızda, Siz, böyük müdrikliklə “Bu hadisə Daxili İşlər Nazirliyi tərəfindən bu günə qədər görülmüş işlərin üstündən xətt çəkməməlidir. Daxili İşlər Nazirliyi Azərbaycanda çox mühüm işlər görübdür. Azərbaycanda qanunun keşiyində duran qurumdur və mən keçmişdə görülmüş işləri yüksək qiymətləndirirəm” deməklə daxili işlər orqanlarının şəxsi heyətinə böyük ruh yüksəkliyi, mənəvi dayaq vermisiniz. Bu ali münasibət bizim hər birimizi respublikada daxili sabitliyin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə bundan sonra da mübariz və səfərbər olmağa çağırır.
 Möhtərəm Prezident!
 Sizi əmin edirik ki, ölkəmizin tərəqqisi və xalqımızın maddi rifahının yüksəlməsi naminə yorulmaq bilmədən, böyük əzm və qətiyyətlə gördüyünüz işlərin başlıca təminatı olan sabitliyin və onun dönməzliyinin qorunub saxlanılması, asayişin, əmin-amanlığın, ictimai təhlükəsizliyin və insan hüquqlarının gələcəkdə də etibarlı qorunması üçün bütün qüvvə və səylərimizi əsirgəməyəcək, müstəqilliyimizin və dövlətçiliyimizin keşiyində həmişə olduğu kimi ayıq-sayıq dayanacağıq!
 Sadiq əsgərləriniz olan daxili işlər orqanlarının, onun ayrılmaz hissəsi olan Daxili Qoşunların şəxsi heyəti dövlətin hüquq mühafizə siyasətini, onun cinayətkarlığa qarşı mübarizə əzmini hər an fədakarlıqla həyata keçirməyə hazır olacaq, Sizin yüksək etimadınızı doğruldacaqdır!
25 mart 2005-ci il.


Xəbərlər lenti