Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Xidmətə qəbul və vakansiya elanları
2025/2026-cı tədris ili üçün DİN-in Polis Akademiyasında “hüquqşünaslıq” və “informasiya təhlükəsizliyi” ixtisasları üzrə əyani təhsilə kursantların qəbuluna dair elan
16.12.2024Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası (III qrup) üzrə əyani təhsilə 500, “informasiya təhlükəsizliyi” ixtisası (I qrup) üzrə isə 25 kursantın qəbulu üçün müsabiqə elan edir.
Müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində (11-ci sinifdə) oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək olan (2025-ci ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2025-ci ilin yanvar, aprel və iyul tarixlərində həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.
Sənədlərin qəbulu 2024-cü il dekabr ayının 16-dan 2025-ci il fevral ayının 23-dək bazar günləri istisna olmaqla hər gün saat 1000-dan 1700-dək namizədin daimi qeydiyyatda olduğu inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcəkdir.
Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında DİN-ə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);
– yaşayış yeri üzrə tibb müəssisəsindən DİN-ə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);
– oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
– 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: 8880 qaynar xətti, (012) 454-12-78, (012) 590-97-76, (012) 590-99-47.
Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə qəbulun ilkin şərtlərinə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.
Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 8 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə) verməli, Nazirliyin seçmə komissiyasından uğurla keçdikdən sonra Tibb İdarəsinin Xüsusi həkim komissiyasında müayinə olunub “Polis Akademiyasında təhsilə yararlı” olması barədə rəyi sənədləri toplanan polis orqanına dərhal təqdim etməlidirlər. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu anda abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.
Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, Nazirliyin seçmə və ya həkim komissiyalarından keçə bilməyən və ya həkim komissiyasına göndəriş aldığı gündən 15 gün ərzində müvafiq rəyi təqdim etməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır.
Müsabiqəyə buraxılan abituriyentlərin siyahısı “hüquqşünaslıq” ixtisası (III qrup) və “informasiya təhlükəsizliyi” ixtisası (I qrup) fənləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin Mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
DİM-in qərarı əsasında seçilmiş abituriyentlərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır. 18 yaşına çatmayan şəxlərlə müqavilə onların qanuni nümayəndələrinin – valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılır. Bu şəxslərin Polis Akademiyasına qəbulu müqavilə bağlandıqdan sonra Akademiya rəhbərinin əmri ilə rəsmiləşdirilir və onlar daxili işlər orqanlarının əməkdaşı hesab olunurlar.
Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilədə abituriyentlərin daxili işlər orqanlarına xidmətə könüllü daxil olması, təhsili başa vurduqdan sonra 7 (yeddi) il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi, habelə təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin Polis Akademiyasında onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi nəzərdə tutulur.
Daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilənin forması və bakalavrların hazırlanmasına çəkilmiş xərclərin hesablanması qaydası Nazirlik tərəfindən müəyyən edilir.
Polis Akademiyasında bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulur.
DİN-in Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust – 14 sentyabr 2025-ci il tarixdə Akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dərslər 15 sentyabrda başlamaqla, tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.
Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.
Məzunlara müvafiq olaraq “hüquqşünaslıq” və “informasiya təhlükəsizliyi” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
Seçmə komissiyasının vaxtı barədə əlavə məlumat veriləcəkdir. Polis Akademiyası haqqında ətraflı məlumatlar Akademiyanın www.pa.edu.az internet saytında yerləşdirilmişdir.