Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Xidmətə qəbul və vakansiya elanları

image_20240117163529.jpg

2024/2025-ci tədris ili üçün DİN-in Polis Akademiyasının magistratura səviyyəsi üzrə əyani təhsilə qəbul elanı

17.01.2024

1. Azərbaycan Respublikası  DİN-in Polis Akademiyası dövlət hesabına  2 illik əyani təhsil əsasında hüquqşünaslıq ixtisasının “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşması üzrə magistraturaya qəbul elan edir.

2. Hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi olan şəxslərin Akademiyanın magistraturasına qəbulu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2021-ci il 26 noyabr tarixli  Q17-001-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxili işlər orqanları əməkdaşlarının qəbulu Qaydası” ilə tənzimlənir.

3. Əməkdaşların sənədlərinin qəbulu və tədris işlərinin tərtibatı onların xidmət yeri üzrə həyata keçirilir. Akademiyanın magistraturasına qəbul olunmaq istəyən əməkdaş 2024-cü ilin fevral ayının 26-dək əsaslandırılmış raportla Azərbaycan Respublikasının daxili işlər nazirinə müraciət edir.
Raporta aşağıdakı sənədlər əlavə edilir:
- şəxsiyyət vəsiqəsinin surəti;
- ali təhsil haqqında sənəd və ona əlavənin notarial qaydada təsdiq edilmiş surəti;
- xarici ölkələrdə ali təhsil almış şəxslərə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını təsdiq edən sənədləri (notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi).

4. Əməkdaşın xidmət keçdiyi orqanda onun raportu əsasında tədris işi tərtib edilir. Tədris işinə əməkdaşın təhsil haqqında sənədlərinin əsli, xidməti xasiyyətnaməsi, kadrların uçotunun şəxsi vərəqəsi (anket), əməliyyat-sorğu uçotları üzrə yenilənmiş yoxlama tələbnamələri üzrə məlumat əlavə edilməklə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir.

5. Daxili işlər orqanları əməkdaşlarının Akademiyaya qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak ödənişsizdir. Akademiyaya qəbul üzrə müsabiqədə iştirak məqsədilə daxili işlər orqanları əməkdaşları sırasından namizədlərin seçilməsini  Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində yaradılmış sənəd qəbulu komissiyası həyata keçirir. Komissiya Akademiyaya qəbul üzrə müsabiqədə iştirak üçün müraciət etmiş namizədlərin Azərbaycan Respublikasının təhsil qanunvericiliyi və daxili işlər orqanlarında xidmət keçmə haqqında qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayaraq namizədlərin siyahısını müəyyən edir. Sənəd qəbulu komissiyası namizədlərin biliklərini və hazırlığını yoxlamır.  

6. Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi daxil olmuş tədris işlərinin tələblərə uyğunluğunu öyrənərək müsabiqədə iştirakı məqsədəmüvafiq hesab edilən namizədlərin siyahısını müəyyən edir və Azərbaycan Respublikasının daxili işlər naziri ilə razılaşdırılmaqla Akademiyanın Müsabiqə komissiyasına təqdim edir.

7. Daxili işlər orqanları əməkdaşlarının Akademiyanın magistraturasına qəbulu üzrə müsabiqə Polis Akademiyasında informasiya-kommunikasiya texnologiyaları vasitəsilə test üsulu ilə keçirilən qəbul imtahanından ibarətdir.

8. İmtahanların məzmunu, forması, aparılması qaydası və texnologiyası, minimal qəbul balı, davametmə müddəti, keçiriləcəyi yer və günlər Akademiya tərəfindən müəyyən edilir:
8.1. Cari ildə magistraturaya qəbul imtahanı üzrə iki cəhdin keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmiş namizədlər öz istəklərinə uyğun olaraq həmin imtahanların birində və ya hər ikisində iştirak edə bilərlər. Magistratura pilləsinə qəbul zamanı ixtisas müsabiqəsində iştirak üçün qəbul üzrə verilən birinci və ikinci cəhd imtahanları arasında ən yüksək nəticə seçilir.        
8.2. Magistraturaya qəbul imtahanı üzrə birinci cəhd 2024-cü il mart ayının 11-də, ikinci cəhd may ayının 06-da keçiriləcəkdir.

9. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin tələblərinə uyğun olaraq məntiqi təfəkkürün yoxlanılması, xarici dil və informatika üzrə test bloklarında qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından, həmçinin xarici dil üzrə yazı işi (esse) tipli yazı tapşırıqlarından da istifadə olunacaq.

10. İmtahanda bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə isə 25 test tapşırığı təqdim olunacaq. Xarici dil üzrə test blokunda isə 20 test tapşırığı təqdim ediləcək, həmçinin bakalavrlar xarici dil üzrə yazı işi (esse) yazacaqlar. Xarici dil üzrə imtahan blokunda edilmiş dəyişikliklər nəzərə alınaraq imtahan müddətinə 30 dəqiqə əlavə olunmuşdur, yəni ümumi imtahan müddəti 3 saat 30 dəqiqə olacaq. Test tapşırıqlarını cavablandırmağa 3 saat, esseni yerinə yetirmək üçün isə 30 dəqiqə vaxt verilir. 
       
11. İmtahanın nəticələri üzrə qəbul yerlərinin sayına müvafiq olaraq minimal qəbul balından az olmamaq şərtilə ən yüksək bal toplayan 10 namizəd müsabiqədən müvəffəqiyyətlə keçmiş hesab olunur və Akademiyanın magistratura pilləsinə qəbul edilirlər.
       
12.  Namizəd imtahanın keçirilməsi qaydasını pozduqda, o cümlədən saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi və digər elektron cihaz gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahan qaydalarını pozan və saxtakarlığa yol verdikdə bu barədə akt tərtib edilir və imtahandan kənarlaşdırılır. Onun imtahan nəticələri Akademiyanın Müsabiqə komissiyası tərəfindən ləğv edilir.
       
13. İmtahan balı eyni olan iki və daha çox namizədi biri-birindən fərqləndirmək mümkün olmadıqda onların hamısı Akademiyanın magistraturasına qəbul edilirlər.
       
14.  İmtahan nəticələrindən narazı qalan namizədlərin müraciətlərinə Daxili İşlər Nazirliyinin Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, Q17-001-21 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 4.19-cu və 4.20-ci bəndlərinə müvafiq olaraq Akademiyanın Müsabiqə komissiyası tərəfindən baxılır. Namizəd Akademiyanın Müsabiqə komissiyasına şəxsiyyətini təsdiq edən sənəd və xidməti vəsiqəsini  təqdim etməklə şəxsən müraciət etməlidir.
       
15. Namizədlər təhsil aldıqları müddətdə qanunvericiliklə müəyyən edilmiş məbləğdə təqaüd alırlar.
       
16.  Akademiyaya qəbul olunan əməkdaşlar Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə xidmət yerində tutduğu vəzifədə saxlanılmaqla Akademiyanın sərəncamına ezam edilirlər. Bu zaman onların əmlak və maliyyə təminatı tutduğu vəzifə üçün müəyyən edilmiş normalar həcmində saxlanılır.
       
17. Akademiyaya qəbul olunan əməkdaşlar Akademiyanın sərəncamına ezam edildikdən sonra Akademiya rəisinin əmri ilə dəyişən heyətin sıralarına daxil edilirlər.
       
18. Akademiyada təhsil alan əməkdaşların vəzifə və xidmət yerinin dəyişdirilməsinə, həmçinin ştat ixtisarı ilə əlaqədar xidmətdən xaric edilməsinə yol verilmir. Təhsil müddətində əməkdaşlar tutduğu vəzifə üçün müəyyən edilmiş həddə növbəti xüsusi rütbəyə təqdim olunurlar.
       
19. Akademiyada təhsil alan əməkdaşlar Akademiya rəisinin səlahiyyətləri çərçivəsində mükafatlandırıla və ya intizam məsuliyyətinə cəlb edilə bilərlər.
       
20. Akademiyada təhsili müvəffəqiyyətlə başa vurmuş əməkdaşlar barədə məlumat ehtiyat kadrlar siyahısına daxil edilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərilir, əməkdaşlar isə əvvəlki iş yerinə ezam edilirlər.
       
21. Daha ətraflı məlumatı DİN-in Baş Kadrlar İdarəsinin  (012) 590-97-76, 17-76 (daxili), DİN-in Polis Akademiyasının 8880 qaynar xətt, (012) 454-34-57, 554-99-84 nömrəli telefonları vasitəsi ilə  və ya https://www.pa.edu.az/ internet saytından əldə edə bilərsiniz.