Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilmişdir

11.10.2010

Xəbər verildiyi kimi, oktyabrın 8-də Milli Məclisin növbəti iclası keçirilmişdir. İclasda  İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun illik məlumatı dinlənilmişdir. O, öz çıxışında Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlərə dair illik hesabatın təfərrüatlarına keçməzdən əvvəl, problemin həlli yönümündə dünyada gedən proseslərin ümumi mənzərəsini xatırlatmışdır. Bildirilmişdir ki, bu, həm də beynəlxalq təcrübə ilə müqayisədə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin və konkret tədbirlərin daha obyektiv və gerçək dəyərləndirilməsi baxımından önəmlidir.

 Cari hesabat müasir dövrün qlobal probleminə çevrilən insan alveri ilə mübarizənin tarixində əlamətdar bir ərəfəyə təsadüf edir. Belə ki, dünya birliyinin “XXI əsrin köləliyi” adlandırdığı bəlaya qarşı mübarizəyə başlamasının on ili tamam olur. 2000-ci ildə ABŞ-da “İnsan alveri qurbanlarının müdafiəsinə dair” Qanun, BMT-də isə həmin cinayətə görə məsuliyyət nəzərdə tutan “İnsan alverinin qarşısının alınması, ləğv edilməsi və cəzalandırılmasına dair “Palermo Protokolu” qəbul edilmişdir. İlk razılaşdırılmış və beynəlxalq öhdəlik sənədi olan bu protokolda “insan alveri” termini də rəsmi ifadəsini tapmışdır. Belə demək olar ki, 2010-cu il həm də o qədər də böyük olmayan müvafiq dünya təcrübəsinin yekunlaşdırılması, qlobal hesabat ilidir.

Diqqəti çəkən faktdır ki, insan alveri ilə mübarizə üzrə dünyada görülən işlərin dəyərləndirildiyi bir vaxtda ötən 10 ilin hətta inkişaf etmiş böyük ölkələr üçün də başlanğıc mərhələ olduğu vurğulanır. Və əksər dövlətlərin müasir köləliklə mübarizə sahəsində yalnız ilk addımlarını atdıqları, həmçinin durmadan artan bu cinayətlərin qarşısının alınmasını hələ heç bir dövlətin tam təmin edə bilmədiyi qeyd edilir.

Natiq qeyd etmişdir ki, ölkəmizdə bu problemlə hüquqi müstəvidə mübarizənin tarixi son 7 ili əhatə edir. Təqdirəlayiq hal isə insan alverinin  qarşısının alınmasında Azərbaycanın öncül, regionda ən fəal, gerçək və mütərəqqi siyasət reallaşdıran dövlətlərdən olmasıdır. Ötən dövrdə, demək olar ki, hər il bir və ya bir neçə mühüm qanun, fərman, sərəncam, qərar və başqa normativ hüquqi aktların qəbul edilməsi məsələyə dövlət səviyyəsində göstərilən diqqəti bir daha təsdiqləyir.
Bu baxımdan “İnsan alverinə qarşı mübarizə üzrə 2009-2013-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, fəaliyyətin səmərəliliyin artırılması, qurbanların müdafiəsi və sosial reabilitasiyası, müvafiq resursların əlaqələndirilməsi, əməkdaşlıq və maarifləndirmə tədbirlərinin icrası hesabat ilində də  uğurla davam etmişdir. Azərbaycan Respublikası “İnsan alverinə qarşı fəaliyyət üzrə Avropa Şurası Konvensiyası”na qoşulmuş, Nazirlər Kabinetinin qərarları ilə “İnsan alverinin qurbanı olmuş uşaqların Sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları” təsdiq edilmiş, insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləği 33 manatdan 200 manata çatdırılmışdır. Milli İstiqamətləndirmə Mexanizminin həyata keçirilməsi üzrə Komissiyanın iclaslarında insan alveri qurbanlarına göstərilən yardımlar, onların müdafiəsi ilə əlaqədar görülmüş işlər, qarşıda duran vəzifələr, mövcud problemlərin həlli yolları müzakirə edilmişdir. Bu növ cinayətlərə şərait yaradan sosial problemlərin aradan qaldırılmasına yönəlmiş proqramların icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sənəd layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının akkreditasiya olunduqları dövlətlərin insan alverinə qarşı mübarizə qurumları ilə əməkdaşlığının genişləndirilməsi, qurbanların ölkəmizə qayıtmalarına yardım göstərilməsi, qayıtmaq hüququ verən sənədlərlə təmin edilməsi üçün Xarici İşlər Nazirliyi tərəfindən zəruri təşkilati tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə görülən işlər sırasında Milli Fəaliyyət Planının icrasına beynəlxalq dəstəyin texniki, məşvərətçi, mümkün olduğu təqdirdə, maliyyə cəlb edilməsi məsələsi də yer almışdır. 

Qeyd olunmuşdur ki, İnsan Alverinə Qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyası ilə qarşılıqlı əlaqədə maarifləndirmə tədbirlərinin icrası üzrə xüsusi proqram əsasında 15 şəhər və rayonda kütləvi tədbirlər təşkil edilərək “152” telefon zəng xidmətinin reklam çarxları, sənədli-detektiv film nümayiş etdirilmiş, "Qaynar xətt"in və Sığınacağın fəaliyyəti, qeyri-hökumət təşkilatlarının Koalisiyası haqqında ətraflı məlumat verilmişdir. Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əməkdaşları tərəfindən bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə respublikanın 39 şəhər və rayonunda yerli icra hakimiyyəti, bələdiyyə və polis orqanları, təhsil, tibb, məşğulluq mərkəzləri, nəqliyyat, gənclər və idman təşkilatları, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün müxtəlif mövzularda seminarlar keçirilmişdir.

Daha sonra məlumat verilmişdir ki, cari ilin yanvar ayında Məhkəmə-Hüquq Şurası və "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin birgə təşkil etdikləri tədbirdə hakimlər,  Avropa Birliyi layihəsi çərçivəsində isə Qadın Hüquqşünaslar Assosiasiyası tərəfindən vəkillər üçün xüsusi təlimlər təşkil edilmişdir. Hüquq-mühafizə orqanlarının zabitləri "İnsan alveri qurbanlarına ilkin sosial-psixoloji və hüquqi yardımın göstərilməsi", "Sosial işin təşkili", "Məhkəmələrdə qurbanlara münasibətdə çatışmazlıqların qeydə alınması" mövzularında kurslara cəlb olunmuşlar. Həmçinin, “İnsan alverinə qarşı mübarizə üzrə cavab mexanizmlərinin gücləndirilməsi” proqramı çərçivəsində fəaliyyətin davamı olaraq, xüsusi polis qurumunun əməkdaşları “dəyirmi masa”larda, “İnsan alveri ilə mübarizə və təhsil” mövzusunda ikinci Milli Konfransda və xarici dövlətlərdə keçirilən treninqlərdə  iştirak etmiş, Böyük Britaniya, İsveç, Kanada, Rusiya və Ukraynanın müvafiq sahədə iş təcrübəsini öyrənmişlər.                      

Beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasının vacibliyi baxımından, ayrı-ayrı vaxtlarda BMT-nin, Beynəlxalq Miqrasiya və Beynəlxalq Əmək Təşkilatlarının Azərbaycandakı nümayəndəliklərinin, Amerika Hüquqşünaslar Assosiyasiyasının, ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin mütəxəssisləri və ekspertləri ilə görüşlər keçirilmiş, məsləhətləşmələr aparılmışdır.
Təyinat ölkələrindən olan Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İran və Türkiyə, habelə BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, İnterpolun Baş Katibliyi, ABŞ, Avstriya, Bolqarıstan, Latviya, Rumıniya, Çin, Misir və digər ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq münasibətləri daha intensiv və səmərəli xarakter daşımışdır.

Qarşılıqlı əlaqələr çərçivəsində ölkəmizdə "İnsan alverinə qarşı mübarizə üzrə cavab mexanizmlərinin gücləndirilməsi", "İnsan alveri qurbanları üçün Sığınacağın və Qaynar xəttin idarə olunması üzrə ölkə potensialının artırılması", "Azərbaycanda insan alverinin qarşısının alınmasında orta məktəb təhsilinin əhəmiyyəti", "Uşaqların insan alverinə məruz qalmasının qarşısının alınması" layihələri üzrə müzakirələr aparılmışdır. Uşaq baxımsızlığının profilaktikası istiqamətində də tədbirlər təşkil edilərək internat məktəblərini bitirən 128 gənc və yeniyetmə üçün insan alveri mövzusunda həftəlik seminarlar keçirilmişdir. Beynəlxalq Miqrasiya Təşkilatının “İnsan alveri ilə bağlı orta məktəblərdə təhsil modulunun hazırlanması” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər respublikanın və paytaxtın 17 orta təhsil məktəb və litseyini, eləcə də uşaq evlərini və internat məktəblərini əhatə etmişdir.
 Şagird və müəllimlərə insan alverinin doğurduğu təhlükələr, “Qaynar xətt” xidməti haqqında ətraflı məlumatlar verilmiş, maarifləndirici vəsaitlər paylanmışdır. Müxtəlif şəhər və rayonların orta təhsil məktəblərinin 9-11-ci siniflərində “İnsan və cəmiyyət” fənnini tədris edən müəllimlər üçün “İnsan alveri, onun doğurduğu təhlükələr və bu sahədə mümkün qabaqlayıcı təşəbbüslərin həyata keçirilməsinin yolları üzrə biliklərin artırılması” mövzusunda təlimlər təşkil olunmuşdur.

Milli Koordinator bir məqamı da nəzərə çatdırmışdır ki, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin nəzdində uşaqlar üçün zəruri avadanlıqlarla təchiz edilmiş Sığınacaq yaradılaraq 2009-cu ilin oktyabr ayından fəaliyyətə başlamışdır. Sığınacağa yerləşdirilmiş uşaqların təhsillərini davam etdirmələri məqsədilə Təhsil Nazirliyi tərəfindən paytaxtda bir orta məktəb və körpələr evi ayrılmışdır.
Cari ilin ötən dövründə polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 611 azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməmişdir. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən valideynlər barəsində qanunla müəyyən edilmiş tədbirlər görülmüşdür.
Aparılan işlərin, əldə olunan nəticələrin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması diqqət mərkəzində olmuşdur. 

Köləliyin müasir forması sayılan insan alveri "qara bazar"ın tələb və təkliflərinə, iqtisadiyyatda yaranan qeyri-stabilliyə, qanunvericilik aktlarında olan boşluqlara və kifayət qədər sərt olmayan sanksiyalara dərhal adekvat reaksiya verən dinamik və həssas bir cinayət kimi qəbul olunur. Beynəlxalq təşkilatların hesabatlarına görə, 2009-cu ildə dünyada 12,3 milyon insan bu cinayətlərin qurbanına çevrilmişdir ki, onlardan da 56 faizi qadın və qızlardır. Cinayətkarların insan alverindən əldə etdikləri gəlirin məbləği isə təxminən 32 milyard dollara bərabərdir. 2008-ci illə müqayisədə, ötən il 56 faiz çox yəni 49.105 insan alverinin qurbanı müəyyən edilmiş və dünya üzrə bu cinayətin qurbanlarının hər 1000 insana  nisbəti 1,8 nəfər təşkil etmişdir (Asiya və Sakit Okean ölkələrində 3-ün 1000-ə nisbətində). Bu baxımdan, qarşıda duran vəzifələrin sistemli şəkildə yerinə yetirilməsi üçün insan alverinin səbəblərinin, ona şərait yaradan halların müəyyən edilib aradan qaldırılması, cinayətlərin təşkilatçılarının, icraçılarının və digər iştirakçılarının məsuliyyətə cəlb edilməsi daim diqqət mərkəzində saxlanılır.

İnsan alverinə xas olan yüksək latentlik nəzərə alınaraq onların aşkarlanması üzrə informasiya-analitik iş və kriminoloji tədqiqatların aparılması istiqamətində fəaliyyət günbəgün gücləndirilir. Görülən məqsədyönlü tədbirlər əməliyyat şəraitinin nəzarətdə saxlanılmasını, inkişaf meyllərinin izlənilməsini, əhalinin müxtəlif qrupları üzrə cinayətin qurbanlarının vaxtında müəyyənləşdirilib qabaqlayıcı tədbirlərin görülməsini şərtləndirmişdir.
Məruzəçi diqqətə  çatdırmışdır ki, 2010-cu ilin 9 ayında həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 63 fakt qeydə alınmış,  5 cinayətkar qrup zərərsizləşdirilmiş, bütövlükdə 29 cinayətkar ifşa edilmişdir. Bu növ hüquqazidd əməllərə görə beynəlxalq axtarış elan edilmiş şəxslərdən 13 nəfəri İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Hazırda 43 nəfərin axtarışı davam etdirilir.
İnsan alverinin qurbanı olan 32 nəfərdən 25-i Sığınacağa yerləşdirilmiş, hər birinə hüquqi, tibbi və psixoloji yardımlar göstərilərək cəmiyyətə reinteqrasiya olunmuşlar. Qurbanların bir hissəsi işlə təmin edilmiş, digərləri isə peşə kurslarına göndərilməklə müvafiq sertifikatlar almışlar. Belə şəxslərin himayəsində olan azyaşlılara da müvafiq yardımlar göstərilərək  2 uşaq Təhsil Nazirliyi tərəfindən internat məktəbinə,  5-i uşaq bağçasına yerləşdirilmişdir. İnsan alverindən zərər çəkmiş 27 nəfərə birdəfəlik müavinətlər və qurbanlara Kömək Fondundan yardımlar verilmiş, 6 nəfərə cinayət  nəticəsində dəymiş maddi ziyan məhkəmə prosesində ödətdirilmişdir. Cinayətlərin açılmasında iştirak etmiş 12 şəxs Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılmışdır.

O demişdir ki, bu gün Azərbaycan müvafiq qurbanlar üçün yalnız mənbə və tranzit ölkəsidir. Araşdırmalar göstərir ki, insan alverinin qurbanlarından 23 nəfəri Türkiyəyə, 4 nəfəri Birləşmiş Ərəb Əmirliklərinə, 3 nəfəri İrana aparılmışlar. Onlardan 1-i orta ixtisas, 3-ü natamam orta, 19-u orta təhsilli, 9 nəfəri təhsili olmayanlardır.
İctimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 115, o cümlədən fahişəliyə cəlb etməyə görə 52, əxlaqsızlıq yuvaları saxlama ilə əlaqədar 63 cinayət aşkarlanaraq 71 nəfər məsuliyyətə cəlb edilmişdir. İctimai mənəviyyat əleyhinə hüquqpozmalarla bağlı saxlanılmış 500-dək qadının potensial qurban olmasının istisna edilməməsi nəzərə alınaraq, hər biri indikatorlar əsasında sorğulara cəlb edilmiş, lakin onların insan alverinin qurbanları olması təsdiqlənməmişdir.

Cari ilin ötən dövründə “Qaynar xətt” telefon xidmətinə insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəlmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar 11.994 zəng daxil olmuşdur.
Millət vəkillərinin nəzərinə o da çatdırılmışdır ki, insanların məcburi əməyə cəlb edilməsi ölkəmiz üçün xarakterik sayılmayan cinayətlərdən olmaqla belə hüquqazidd əməl yalnız bu ilin ötən dövründə qeydə alınmışdır. Azərbaycanın ayrı-ayrı regionlarından gələn vətəndaşların paytaxtda və digər şəhərlərdə sənaye, tikinti və xidmət sahələrində çalışması isə ölkədaxili miqrasiya proseslərinin tərkib hissəsidir və insanların məcburi istismarı kimi qiymətləndirilmir. 

Ümumən, ölkəmizdə insan alverinin bütün formalarının aradan qaldırılması istiqamətində yüksək siyasi iradə mövcuddur ki, bu da həm Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin,   həm də beynəlxalq təşkilatların tövsiyələrinin məqsədyönlü şəkildə yerinə yetirilməsinə təminat verir. Bunun üçün, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlərdən irəli gələn tələblərin icrası məqsədilə aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti, BMT-nin üzvü olan bir çox ölkələr və beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqədə səmərəli iş aparılır. Müvafiq sahədə fəaliyyətin müsbət nəticələrə gətirib çıxaracağını şərtləndirən ən vacib amil isə - ölkəmizdə siyasi sabitliyin, demokratik inkişafın, yüksək iqtisadi tərəqqinin və sosial rifahın təmin edilməsinə nail olunmasıdır.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin insan hüquqlarının etibarlı təminatını xüsusi diqqət mərkəzində saxlaması sayəsində son beş ildə parlamentdə insan alverinə qarşı mübarizəni tənzimləyən qanunvericilik aktları ilə yanaşı, miqrasiya, gender bərabərliyi, məişət zorakılığı və s. vacib məsələlərə dair əhəmiyyətli qanunlar qəbul olunmuşdur. Ötən dövr həm də insan alverinə qarşı mübarizənin keyfiyyət mərhələsi kimi çoxsaylı tədbirlərin həyata keçirilməsi, dövlət strukturlarının əlaqəli fəaliyyətinin təmin edilməsi ilə səciyyəvidir.

Çıxışının sonunda o, bu mühüm prosesdə işgüzar və səmərəli əməkdaşlıq edən bütün qurumlara, həmçinin vətəndaş cəmiyyəti və media nümayəndələrinə öz dərin minnətdarlığını bildirmişdir.

Ən son press-relizlər