İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair" illik hesabatı
29.04.2016Aprelin 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov geniş və ətraflı məruzə ilə çıxış edib.
Həmin hesabatın mətnini nəzərinizə çatdırırıq.
Hörmətli cənab Sədr!
Hörmətli millət vəkilləri!
Son illər dünyada baş verən maliyyə-iqtisadi böhranın dərinləşməsi, silahlı münaqişələrin davam etməsi və yeni qarşıdurma ocaqlarının yaranması idarə olunmayan miqrant axınının humanitar faciə həddinə çatmasına, nəticə etibarı ilə həm də insan alverinin miqyasının əhəmiyyətli dərəcədə genişlənməsinə gətirib çıxarmışdır.
Birləmiş Millətlər Təşkilatının hesabatına əsasən, ötən il təxminən 21 milyon nəfər “müasir köləliyin” qurbanına çevrilmişdir. Bu növ cinayətlərin strukturunda qadınların cinsi istimar məqsədilə alqı-satqısı daha çox nəzərə çarpmaqla, xüsusi çəkisi 53 faiz təşkil etmişdir. Məcburi əmək hallarının sayı da xeyli artmış və hazırda ağır sosial-iqtisadi vəziyyət səbəbindən öz daimi yaşayış yerini tərk edən daha 60 milyon şəxs risk qrupuna daxildir.
Göstərilənlər baxımından, insan alverinə qarşı mübarizədə mütərəqqi və məqsədyönlü siyasət reallaşdıran ölkəmizdə müvafiq proqram vəzifələrin icrası 2015-ci ildə də davam etdirilmişdir.
«Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı» rəhbər tutularaq qanunvericiliyin təkmilləşdirilməsi, profilaktik işin gücləndirilməsi, cinayət təqibinin həyata keçirilməsi, qurbanların reabilitasiyası, reinteqrasiyası, müdafiəsi, fəaliyyətin əlaqələndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və maarifləndirmə işinin təşkili ilə əlaqədar zəruri tədbirlər görülmüşdür.
İlk növbədə qeyd edim ki, Azərbaycanın «İnsan alverinə qarşı mübarizə haqqında» Avropa Şurası Konvensiyasından irəli gələn öhdəliklərinin yerinə yetirilməsi məqsədilə, qanunvericiliyin təkmilləşdirilməsi təmin olunmuşdur.
Konkret olaraq, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş 5 hüquqi akta qurbanlara yardım üçün ayrılan vəsaitin idarə olunmasında və xərclənməsində şəffaflığın təmini; qurbanlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi; əməkçi miqrantların müdafiə tədbirləri ilə əhatə olunması məsələlərini tənzimləyən yeni normalar əlavə edilmişdir.
Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Əmək və Miqrasiya məcəllələrinə, bütövlükdə 7 qanunvericilik aktına dəyişiklik edilməsi ilə bağlı layihələr hazırlanıb hökumətə təqdim olunmuşdur.
Hazırda «Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında» Avropa Şurası Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsi ilə bağlı zəruri tədbirlər görülür.
İnsan Alverinə Qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyasında birləşən 44 ictimai qurum, həmçinin Milli Fəaliyyət Planının iştirakçısı olan prokurorluq orqanları; Daxili İşlər; Ədliyyə; İqtisadiyyat; Əmək və Əhalinin Sosial Müdafiəsi; Səhiyyə; Gənclər və İdman; Təhsil; Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Sərhəd Xidməti; Gömrük; Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitələri insan alverinin mahiyyəti və doğurduğu təhlükələr barədə ictimaiyyətin maarifləndirilməsi işinə böyük maraq və həssaslıqla yanaşmış, hər birinin fəaliyyəti effektli olmuşdur.
Belə ki, Bakı şəhəri və respublikanın bölgələri üzrə 58 təhsil müəssisəsində müəllim və tələbələr, 53 şəhər və rayonda isə hüquq mühafizə və yerli icra hakimiyyəti orqanlarının, tibb, təhsil, uşaq və gənclər, sosial müdafiə qurumlarının və məşğulluq mərkəzlərinin işçiləri, sahibkarlar və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlər keçirilmişdir.
Sərhəd nəzarəti məntəqələrində, hava və dəniz limanlarında, beynəlxalq dəmiryolu vağzalında azərbaycan, rus və ingilis dillərində insan alveri riskləri, bu növ təhlükə ilə üzləşən əcnəbilərin müraciət etməli olduqları yerlərə dair bukletlər paylanılmış, videomateriallar nümayiş etdirilmişdir.
Bakı, Şirvan, Şəki, Xaçmaz, Quba şəhər və rayonlarında ictimaiyyətin nümayəndələrinin iştirakı ilə miqrantların hüquq və azadlıqlarının qorunması, əmək və cinsi istismar məqsədli insan alverinin qarşısının alınması, onun doğurduğu təhlükələr mövzularında seminarlar keçirilmişdir.
Bakı şəhərinin hər bir rayonunda yüzlərlə məktəblinin iştirakı ilə internet təhlükəsizliyi, uşaq əməyinin istismarının qarşısının alınması üzrə təlimlər, dəyirmi masa və konfranslar təşkil edilmişdir. Bununla yanaşı, ümumtəhsil məktəblərinin yuxarı siniflərində insan alveri, qanunsuz miqrasiya, uşaq hüquqlarına dair mövzular tədris olunmuşdur.
Həyata keçirilmiş hər bir tədbir barədə məlumat, ictimaiyyətə çatdırılması üçün İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin və aidiyyəti dövlət qurumlarının internet səhifəsində yerləşdirilmişdir. Bu sahədə kütləvi informasiya vasitələrinin imkanlarından da səmərəli istifadə olunmuşdur. Görülən işlər, əldə edilən nəticələr respublikanın müxtəlif telekanallarında və mətbuatda işıqlandırılmış, insan alverinin fəsadlarından bəhs edən sosial reklamlar yayımlanmışdır.
Səmərəli fəaliyyətlərinə görə Daxili İşlər Nazirliyi tərəfindən 10 qeyri-hökumət təşkilatı mükafatlandırılmışdır. Eyni zamanda, onların insan alverinə qarşı mübarizəyə dair təqdim etdikləri 99 min manat dəyərində 11 layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmişdir.
İnsan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi və onlara yardım göstərilməsi işində peşəkarlığın artırılması məqsədilə, xüsusi polis qurumunun nümayəndələri 40-dan çox seminar, konfrans və təlimdə, habelə ixtisasartırma kurslarında iştirak etmişlər.
Milli Fəaliyyət Planına əsasən, insan alveri cinayətlərinin hüquqi aspektləri, kriminoloci xüsusiyyətləri, qarşısının alınmasının və açılmasının taktikası xüsusi proqram əsasında Polis Akademiyasında, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya və Dövlət Sərhəd xidmətlərinin təlim mərkəzlərində tədris olunur.
Hesabat dövründə digər dövlətlər, xüsusən təyinat və mənbə ölkələrinin əlaqədar orqanları və müvafiq beynəlxalq təşkilatlar ilə əməkdaşlığın gücləndirilməsi tədbirləri də davam etdirilmişdir.
40-a yaxın ölkənin aidiyyəti dövlət qurumları ilə mövcud olan sazişlər çərçivəsində zəruri tədbirlər həyata keçirilmiş, onlardan və ayrı-ayrı beynəlxalq təşkilatlardan daxil olmuş sorğular cavablandırılmışdır.
Milli Koordinator və xüsusi polis qurumunun rəhbərliyi tərəfindən ATƏT-in İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və Bakı Lahiyə Əlaqələndiricisi, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin, ABŞ-ın Ədliyyə Departamentinin və ölkəmizdəki Səfirliyinin, “Dünya Ümidi” humanitar təşkilatının, Mərakeş Krallığı Daxili İşlər Nazirliyinin nümayəndələri ilə işçi görüşlər keçirilmişdir.
Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəlikləri və konsulluqları akkreditasiya olunduqları ölkələrin insan alverinə qarşı mübarizə strukturları ilə əməkdaşlığın genişləndirilməsi, qurbanların ölkəyə qayıtmalarına yardım göstərilməsi və bunun üçün lazımi sənədlərlə təmin edilməsi istiqamətində davamlı iş aparmış, vətəndaşlarımızın üzləşdiyi problemlər barədə aidiyyəti dövlət qurumlarını məlumatlandırmışlar.
İnsan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi sahəsində peşəkarlığın artırılması məqsədilə xüsusi polis qurumunun, eləcə də digər dövlət orqanlarının əməkdaşları beynəlxalq təşkilatların keçirdikləri layihələr formatında Amerika Birləşmiş Ştatlarında, Fransa, Avstriya, Belçika, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və digər dövlətlərdə təcrübə mübadiləsinə cəlb olunmuş, tədris kurslarında isə təlimçi qismində iştirak etmişlər.
Qeyd olunmalıdır ki, məcburi əməyin qarşısının alınması, qurbanların və potensial qurbanların müəyyən edilməsi üzrə həyata keçirilən məqsədyönlü fəaliyyət həmin hüquqazidd əməlin ölkəmizdə geniş yayılmasını istisna edir.
Paytaxtın və respublikanın ayrı-ayrı rayonlarında yerləşən tikinti sahələrində və istehsal müəssisələrində keçirilmiş tədbirlərlə 8 məcburi əmək cinayəti müəyyən olunmuşdur.
Dövlət Miqrasiya Xidməti tərəfindən aparılmış yoxlamalarla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə götürülməsi qaydalarının pozulması ilə əlaqədar 159 inzibati xəta aşkarlanmış, əmək qanunvericiliyinin tələblərini pozan 1169 əcnəbi və vətəndaşlığı olmayan şəxs məsuliyyətə cəlb edilmişdir.
Ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı, təkcə ötən il küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən 450 azyaşlı müəyyən olunmuşdur. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməmişdir.
Bununla belə, uşaqlara qayğı və yardımların göstərilməsi, sosial problemlərinin həlli ilə əlaqədar yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına baxılması üçün 272 material göndərilmiş, eləcə də övladlarını hüquqazidd əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülmüşdür.
Baxımsız və müxtəlif səbəblərdən ailə və pedaqoci təsir vasitələrindən kənarda qalan 120 uşağa və onların valideynlərinə “Uşaq hüquqları klinikası”nda, “Uşaq və gənclərin sosial reabilitasiyası mərkəzi”ndə hüquqi, psixoloci və digər yardımlar göstərilmişdir.
Həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə, 2014-cü illə müqayisədə, hesabat dövründə 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanmışdır. Bu əməllərə görə 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilmiş, 13 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir.
Müvafiq cinayətlərə görə 24 şəxs məhkəmə məsuliyyətinə verilmişdir ki, onlardan da 17 nəfəri 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum olunmuşdur. Beynəlxalq axtarışa elan edilmiş təqsirləndirilən şəxslərdən 9-nun yeri İnterpol xətti ilə müəyyən olunaraq istintaq orqanlarına təhvil verilmiş və hazırda 22 nəfərin axtarışı davam etdirilir.
Müəyyən olunmuş 63 qurbandan (57 qadın, 6 kişi) 38-i Türkiyə Respublikasına, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiya Federasiyasına aparılmış, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalmışdır (5 Özbəkistan, 1 Türkmənistan və 1 Ukrayna vətəndaşı).
Qurbanlardan 51-i sığınacağa yerləşdirilmiş, hər birinə zəruri yardımlar edilmiş və təhlükəsizliyi təmin olunmuşdur. Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilmiş, 42-nə Kömək Fondu tərəfindən maddi yardım göstərilmiş, 22-i işlə təmin edilmiş, 31-i peşə kursuna göndərilmişdir. Görülmüş tədbirlərlə 31 qurban ailəsinə qayıtmış, sosial xidmətlə əhatə olunması üçün 51 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 56 qurbana hüquqi və psixoloci yardım, 16 qurbana Səhiyyə Nazirliyinin müəssisələrində xüsusi tibbi xidmət göstərilmiş, daha 13-ü şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmuşdur.
Qurbanların himayəsində olan 29 azyaşlı müxtəlif təhsil proqramlarına cəlb edilmiş, 2 uşağın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 11-nə doğum şəhadətnaməsinin alınmasında köməklik göstərilmiş, 7-i müvəqqəti sığınacağa yerləşdirilmişdir.
Qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 165 min manat ayrılmış və bu məbləğ tam şəkildə təyinatı üzrə istifadə olunmuşdur.
Bütün bunlarla bərabər, insan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 210 cinayət aşkarlanaraq 107 nəfər məsuliyyətə cəlb edilmişdir.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəlmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 13 mindən çox müraciət araşdırılmış və hər biri üzrə qanunvericiliyə uyğun tədbirlər görülmüşdür.
Xüsusi qeyd etmək istərdim ki, Milli Fəaliyyət Planı ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində prokurorluq və məhkəmə orqanları, Ombudsman aparatı, Vəkillər Kollegiyası və Mətbuat Şurası yaxından iştirak etmiş, şəhər və rayonların yerli icra hakimiyyətləri təbliğat işlərinin təşkil olunmasına lazımi dəstək göstərmişlər.
Hörmətli millət vəkilləri!
Bu gün, insan alverinə qarşı mübarizədə Azərbaycan təcrübəsi bir çox dövlətlərin əlaqədar qurumlarının diqqət mərkəzindədir və görülən işlər əksər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabat və rəylərdə yüksək qiymətləndirilir.
ATƏT-in İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisinin ölkəmizə səfərinin yekunları ilə əlaqədar dərc edilmiş mətbuat relizində insan alverinə qarşı mübarizədə əldə olunan nəticələr yüksək dəyərləndirilmiş, yeni Milli Fəaliyyət Planında əmək istismarı ilə mübarizəyə geniş yer verilməsi və bu sahədə fəal iş aparılması xüsusi vurğulanmışdır.
Ötən ilin sonunda respublikanın səlahiyyətli dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarından olan nümayəndələrin iştirakı ilə Bakı şəhərində keçirilən tədbirdə Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının Tərəflər Komitəsi, Azərbaycanın həmin beynəlxalq sənəddən irəli gələn öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsini qeyd etmişdir.
ABŞ Dövlət Departamentinin 2015-ci il üçün yayımladığı hesabatın Azərbaycana dair hissəsində qanunvericiliyin təkmilləşdirilməsi, keçirilən maarifləndirmə tədbirləri, insan alverinin və məcburi əməyin qarşısının alınması, qurbanların müdafiəsi, onlara yardım göstərilməsi sahələrində inkişafın əldə edilməsi və sair məsələlər müsbət qiymətləndirilmişdir.
Bu gün elə bir ölkə və ya region yoxdur ki, orada insan alveri cinayətlərinin baş vermədiyini əminliklə demək mümkün olsun. Və məlumdur ki, insan alveri problemi mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə hər bir dövlətin məsuliyyəti, qanunun aliliyi, insan hüquqlarının ciddi müdafiəsi, etibarlı tərəfdaşlıq münasibətləri olmadan öz həllini tapa bilməz.
Məhz bu prinsiplər rəhbər tutularaq ölkəmizdə insan alverinin bütün formalarının aradan qaldırılması üzrə qarşıya qoyulmuş vəzifələr aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti ilə birgə ardıcıllıqla yerinə yetirilir.
Transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən onun təhlükəli növlərindən olan insan alverinə qarşı mübarizə işinə dövlət səviyyəsində göstərilən diqqət, xüsusən Milli Fəaliyyət Planından irəli gələn mühüm tədbirlərin həyata keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən böyük siyasi dəstək müvafiq sahədə strateci vəzifələrin uğurlu icrası və fəaliyyət standartlarının daha da yüksəldilməsi üçün etibarlı təminat yaratmışdır.
Bu baxımdan, növbəti hesabat dövründə, insan alverinə qarşı mübarizəyə dair qanunvericiliyin və cinayət təqibinin təkmilləşdirilməsi, məcburi əməyin bütün formalarının qarşısının alınması, hüquqi, siyasi və sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası davam etdiriləcəkdir.
Vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar ilə əlaqələrin genişləndirilməsi, risk qrupuna aid şəxslərin məlumatlandırma tədbirləri ilə tam əhatə olunması, kütləvi informasiya vasitələrinin, özəl sektorun, internet şəbəkəsinin imkanlarından geniş istifadə edilməsi, bütövlükdə insan alverinə qarşı mübarizənin yeni keyfiyyət səviyyəsinə qaldırılması da qarşıda duran əsas vəzifələrdən olaraq təmin ediləcəkdir.
Hörmətli cənab Sədr!
Hörmətli millət vəkilləri!
Çıxışımın sonunda, insan alveri ilə mübarizənin hüquqi bazasının təkmilləşdirilməsində, maarifləndirilmə tədbirlərində, bütövlükdə bu mühüm sahədə dövlət siyasətinin həyata keçirilməsində bilavasitə iştirak etdiyinizə, işgüzar və səmərəli əməkdaşlıq münasibətinizə görə, Sizə, həmçinin vətəndaş cəmiyyəti və media nümayəndələrinə dərin minnətdarlığımı bildirirəm.
Diqqətinizə görə sağ olun!
OXŞAR ÇIXIŞLAR VƏ MÜSAHİBƏLƏR