Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazovun "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair" illik hesabatı

04.04.2014


Hörmətli cənab sədr!
Hörmətli millət vəkilləri!

Dünya birliyinin davamlı səylərinə baxmayaraq, insan alveri - müasir dövrdə təhlükəli transmilli təhdidlərdən biri olaraq qalmaqdadır. İqtisadi, sosial, siyasi və digər amillərin doğurduğu bu problem - minimal risklə yüksək gəlir gətirən qlobal cinayətkar biznesə çevrilmiş, onun müxtəlif formalarda özünü göstərən təzahürləri isə, istisnasız olaraq bütün dövlətləri əhatə edir.
Məlum olduğu kimi, Azərbaycanda həmin cinayətlərə qarşı hüquqi müstəvidə mübarizə, 2003-cü ildə ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Transmilli cinayətkarlığa qarşı” Konvensiyasına və onu tamamlayan müvafiq  protokola qoşulduqdan sonra başlamışdır.
Ötən 10 ildə bu sahəyə dövlət, hökumət və parlament səviyyəsində göstərilən xüsusi diqqət sayəsində, insan alverinin qarşısının alınması, açılması, istintaqı, məhkəmə təqibi, qurbanların müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyası sahəsində beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilən müsbət nəticələr əldə edilmişdir.
Fəaliyyətin məqsədyönlü həyata keçirilməsində Azərbaycan Respublikası Prezidentinin imzaladığı normativ hüquqi aktların müstəsna rolu olmuş, o cümlədən 2004-cü ildə qəbul edilmiş ilk Milli Fəaliyyət Planı çərçivəsində bir çox təşkilati və praktiki məsələlər öz həllini tapmışdır. Belə ki, beynəlxalq təcrübə nəzərə alınmaqla zəruri qanunvericilik bazası formalaşdırılmış, ixtisaslaşdırılmış polis qurumu, insan alveri qurbanlarını müdafiə və onlara yardım mexanizmləri yaradılmışdır.
Digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin təməli qoyulmuş və bu formatda səmərəli informasiya mübadiləsi aparılmışdır. Mütərəqqi təcrübənin öyrənilməsi, xüsusi polis qurumu əməkdaşlarının konfranslara, təlim və treninqlərə cəlb edilməsi kimi peşəkarlığın artırılmasına xidmət edən tədbirlər həyata keçirilmişdir.   
Ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin məşğulluq və həyat səviyyəsinin yüksəlməsi - ötən il icrası başa çatmış ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009-2013-cü illərdə də əhəmiyyətli nəticələri şərtləndirmişdir. Həmin dövr insan alverinə qarşı mübarizədə müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi, qurbanlara göstərilən dövlət dəstəyinin artması və infrastrukturun yenilənməsi ilə səciyyəvi olmuşdur.
Bu müddətdə, ölkəmiz, insan alverinə qarşı mübarizə üzrə Avropa Şurasının Konvensiyasına qoşulmuş, 2 qanun qəbul edilmiş, Dövlət Başçısı tərəfindən 3 fərman imzalanmışdır. Hökumətin müvafiq qərarları ilə 4 qayda, bir dövlət proqramı təsdiqlənmiş, insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə verilən müavinətin məbləği on dəfədən çox artırılaraq 400 manata çatdırılmışdır.
Zəruri qanunvericilik aktları layihələrinin hazırlanmasında Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Xarici İşlər nazirliklərinin və Baş Prokurorluğun nümayəndələrindən ibarət 2009-cu ildə yaradılmış işçi qrupun da böyük rolu olmuşdur.
İnsan alveri Qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin əsas məqsədlərinə nail olmaq üçün 14 mərkəzi icra hakimiyyəti orqanı nümayəndələrinin təmsil olunduğu İdarələrarası Komissiya da səmərəli fəaliyyət göstərmişdir.  
Respublikanın bütün şəhər və rayonlarında, çoxsaylı  məktəb, litsey, kollec və uşaq evlərində mədəni-kütləvi tədbirlər, treninq və seminarlar keçirilmişdir.
Milli Fəaliyyət Planına uyğun olaraq Daxili İşlər Nazirliyinin müvafiq Baş İdarəsinin nəzdində uşaqlar üçün lazımi avadanlıqlarla təmin edilmiş sığınacaq fəaliyyətə başlamış, Bakı şəhərində xüsusi orta təhsil məktəbi və körpələr evi ayrılmışdır.
Planın icrası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 33 layihə maliyyələşdirilmiş və bu məqsədlər üçün 230 min manatdan çox vəsait ayrılmışdır.
Hər iki Milli Fəaliyyət Planında müəyyən edilmiş əsas vəzifələrdən biri də - insan alveri cinayətlərini hazırlayan və törədən şəxslərin aşkarlanıb məsuliyyətə cəlb edilməsi olmuşdur. Bu istiqamətdə fəaliyyət bir an belə səngiməmişdir.
Ötən on ildə digər hüquq mühafizə orqanları ilə birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə 566 insan alveri və 14 məcburi əmək faktı müəyyən edilmişdir.
Bu əməllərə görə 385 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, 5 mütəşəkkil dəstə və 152 cinayətkar qrup zərərsizləşdirilmiş, 529 qurbanın cəmiyyətə reinteqrasiyası təmin olunmuşdur. Görülən işlər barədə hesabatlar Azərbaycan Respublikasının Prezidentinə məruzə olunmuş, Milli Məclisdə dinlənilmişdir (2007-2012-ci illərdə).

Hörmətli millət vəkilləri!

İnsan alverinə qarşı kompleks mübarizə tədbirləri 2013-cü ildə də ardıcıllıqla davam etmişdir. Əsas diqqət qanunvericiliyin və cinayət təqibinin təkmilləşdirilməsinə, maarifləndirmə işinin, qurbanların və ehtimal olunan qurbanların təhlükəsizliyinin gücləndirilməsinə, beynəlxalq əməkdaşlığın və idarələrarası əlaqələrin möhkəmləndirilməsinə yönəldilmişdir.
"İnsan alverinə qarşı mübarizə haqqında" Avropa Şurası Konvensiyasının implementasiyası ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün, Azərbaycan Respublikasının  2013-cü il 19 aprel tarixli qanunları ilə Cinayət Məcəlləsinə və "İnsan alverinə qarşı mübarizə haqqında" Qanuna müvafiq cinayətlərin əhatə dairəsinin genişləndirilməsinə, qurbanların reabilitasiyasına və repatriasiyasına dair yeni normalar əlavə olunmuşdur.
Nazirlər Kabinetinin qərarları ilə "Şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiqləyən sənədlərin siyahısı,  onların sosial xidmət müəssisələrinə yerləşdirilməsi" və "İnsan alveri qurbanlarının repatriasiyası" qaydaları təsdiq edilmişdir.
Qurbanlara təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımların göstərilməsində, məşğulluqlarının təmin edilməsində, yerlərdə izahedici işlərin aparılmasında qeyri-hökumət təşkilatlarının əməyi də böyükdür.
Bu sahədə işlərin sistemli surətdə davam etdirilməsi məqsədilə, ötən il, Daxili İşlər Nazirliyi və İnsan Alverinə Qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyası arasında 2013-2018-ci illər üçün yeni Anlaşma Memorandumu imzalanmış və perspektiv vəzifələr müəyyən edilmişdir.
İnsan alverinin profilaktikası çərçivəsində geniş auditoriyaya ünvanlanmış maarifləndirmə və təbliğat işinə də önəm verilmişdir. Aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti instutları tərəfindən respublikanın 44 şəhər və rayonunda,  o cümlədən 15 internat məktəbində müvafiq tədbirlər təşkil edilmişdir.
Gənclərin qeyri-hökumət qurumlarının, Daxili İşlər, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə - respublikanın 12 şəhər və rayonunda mədəni-kütləvi aksiyalar keçirilmişdir.
İnsan alveri, qanunsuz miqrasiya və onların doğurduğu təhlükələr barədə Heydər Əliyev Fondunun - Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu ilə birgə layihəsi olan qısametraclı filmlər, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş sosial çarxlar yerli icra hakimiyyətlərinə, digər aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarına təqdim edilmişdir.
Xarici ölkələrdə yaşayan vətəndaşlarımızın məlumatlandırılması və insan alverinin doğurduğu təhdidlərdən qorunması məqsədilə hazırlanmış normativ hüquqi aktlar toplusu, statistik məlumatlar və digər zəruri vəsaitlər Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına göndərilmişdir.
Müvafiq  cinayətlərin qabaqlanmasında kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə olunmuşdur. Görülən işlər və əldə edilən nəticələr respublikanın müxtəlif televiziya kanallarında və mətbuat səhifələrində işıqlandırılmış, elektron informasiya agentliklərinin və xüsusi polis qurumunun veb saytlarına yerləşdirilmişdir.
Əvvəlki illərdə olduğu kimi, insan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi sahəsində peşəkarlığın yüksəldilməsi də diqqət mərkəzində saxlanılmışdır. Beynəlxalq Miqrasiya təşkilatının, ATƏT-in Bakı Ofisinin, Türkiyə Respublikası polisinin, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin dəstəyi və bilavasitə iştirakı ilə xüsusi polis qurumunun işçiləri 22 seminar və konfransa cəlb olunmuşlar. Diqqətəlayiq haldır ki, ölkəmizin bu mühüm sahədə əldə etdiyi müsbət iş təcrübəsini bölüşməsi üçün, əməkdaşlarımız, beynəlxalq təşkilatların müraciətləri əsasında, artıq özləri xarici dövlətlərdə təlimlər keçməyə dəvət edilirlər.
Hüquq mühafizə orqanlarının təhsil müəssisələrində insan alverinə qarşı mübarizə məsələlərini tənzimləyən milli qanunvericiliyin və beynəlxalq sənədlərin müddəaları, bu növ cinayətlərin qarşısının alınması və açılmasının hüquqi və taktiki əsasları tədris olunmuşdur.
Təhlükəsiz Sığınacağın və “Qaynar xətt” telefon xidmətinin əməkdaşları ATƏT-in Bakı Ofisi, Səhiyyə Nazirliyi və İsveçrə Qlobal Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak etmiş, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv təşkilatların nümayəndələri üçün treninqlər keçirilmişdir.
Bu gün insan alveri probleminin həllində fəal mövqe tutan Azərbaycan, etibarlı tərəfdaş olaraq müvafiq cinayətlərə qarşı beynəlxalq səviyyədə effektli sistemin yaradılması üçün davamlı səy göstərir.
Bu baxımdan, 2013-cü ilin dekabr ayında Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə” imzalanmış Birgə Bəyannamə - həmin cinayətlərin təqibi sahəsində dövlətlərarası əlaqələrin inkişaf etdirilməsində xüsusilə əhəmiyyətli olmuşdur.
Digər tərəfdən, ayrı-ayrı vaxtlarda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Amerika Hüquqşünaslar Assosiasiyasının yerli nümayəndəliklərinin rəhbərləri və “Uşaq əməyinin aradan qaldırılması üzrə Beynəlxalq Proqram”ın əlaqələndiriciləri ilə işçi görüşlər keçirilmiş, müzakirələr aparılmışdır.

Hörmətli millət vəkilləri!

Onu da diqqətə çatdırım ki, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin maliyyə təminatı ilə Gəncə şəhərində Regional   Reabilitasiya-Reinteqrasiya mərkəzi yaradılmışdır.
Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) mütəxəssisləri insan alveri qurbanları üçün Sığınacağın və Yardım Mərkəzinin fəaliyyəti ilə yerində tanış olmuşlar.
Xüsusi polis qurumunun və digər dövlət orqanlarının nümayəndələri beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələr formatında - Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Avstriya, Türkiyə, Macarıstan, Polşa, Malayziya, Rusiya, Ukrayna, Belarus və Gürcüstanda təcrübə mübadiləsinə cəlb olunmuşlar.
Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Həmkarlar İttifaqı, Sahibkarlar Konfederasiyası və qeyri-hökumət təşkilatları Koalisiyasının nümayəndələri 18 şəhər və rayon üzrə 31 kənd təsərrüfatı və 8 yol-tikinti obyektində, 4 sənaye müəssisəsində və Qaradağ rayonunda yerləşən daş karxanalarında 45 monitorinq aparmışlar.
Müvafiq tədbirlər zamanı məcburi əməyin qurbanları aşkar edilməsə də, əmək qanunvericiliyinin pozulması faktları müəyyən olunmuşdur.
Görülmüş tədbirlərlə 27 Türkiyə və Azərbaycan vətəndaşına  3 şirkət tərəfindən 77 min manat məbləğində pul vəsaiti ödətdirilmiş, müxtəlif inşaat sahələrində çalışan 7215 işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilmişdir.
Ümumən, qarşıda duran vəzifələrin məqsədyönlü    icrası - müvafiq sahədə kriminogen durumun nəzarətdə saxlanılmasını, qurbanların vaxtında müəyyən edilib qabaqlayıcı tədbirlərin görülməsini şərtləndirmişdir.
Ötən il həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanmış, bu cinayətlərə görə 14-ü qadın və 3-ü kişi olmaqla 17 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmişdir. İnsan alveri cinayətində təqsirləndirilərək axtarışa verilmiş 17 şəxsdən 5-i tutularaq istintaq orqanlarına təqdim olunmuşdur.
Müəyyən edilmiş 56 qurbandan 41-i qadın, 15-i kişi olmuşdur ki, onlardan da 19-u Türkiyə Respublikasına, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılmış, 5-i ölkə daxilində istismara məruz qalmışdır.           
Qurbanlardan 37-si sığınacağa yerləşdirilmiş və hər birinə zəruri yardımlar edilmişdir. O cümlədən 22-si işlə təmin olunmuş, 21-i peşə kursuna göndərilmişdir. Daha 63 qurbana maddi yardım göstərilmiş, 12 qurbanın öz ailəsinə qayıtmasında köməklik edilmişdir. Bununla bərabər, dövlət vəsaiti hesabına 3 nəfərin cərrahi əməliyyata, 1 nəfərin müalicəyə olan ehtiyacı, 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin olunmuşdur. İbtidai istintaq və məhkəmə prosesi dövründə hər bir zərərçəkənə müdafiəçi ayrılmışdır.
Sığınacaqda yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan 23 azyaşlı - «Azərbaycan Uşaqlar Birliyi» İctimai Təşkilatının xətti ilə məktəbdənkənar təhsil, məntiqi təfəkkür, səhiyyə və peşə proqramlarına istiqamətləndirilmişdir.
Baxımsız qalmış və risk qrupuna aid 52 nəfərə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilmişdir.
Profilaktik tədbirlər çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 170 cinayət faktı da aşkarlanaraq 118 nəfər məsuliyyətə cəlb edilmişdir.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 14 minə yaxın müraciət araşdırılmış və hər biri üzrə qanunauyğun ölçülər götürülmüşdür.                    
Görülən işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də müsbət dəyərləndirilməklə ötən il üzrə hesabat və rəylərdə əksini tapmışdır. 2013-cü ilin iyun ayında isə - Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair yayımladığı məlumatda Azərbaycan bir pillə irəliləyərək 2-ci sıra ölkələr siyahısına daxil edilmişdir.

Hörmətli cənab sədr!
Hörmətli millət vəkilləri!


Beynəlxalq ekspertlərin hesablamalarına görə hər il dünyada 27 milyonadək şəxs insan alverinin və məcburi əməyin qurbanına çevrilir ki, onların da yarıdan çoxunu qadınlar və uşaqlar təşkil edir. Göstərilən rəqəmlər köləliyin müasir forması olan həmin cinayətlərin beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən olduğunu bir daha təsdiqləyir.
Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyev də taransmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən insan alverinə qarşı mübarizənin səmərəli həyata keçirilməsinin - xalqların ümumi rifahına və inkişafına nail olmaqda, təhlükəsizliyin təmin edilməsində zəruriliyini dəfələrlə vurğulamışdır.
Müvafiq sahədə Dövlət Başçısının tapşırıq və tövsiyələri rəhbər tutularaq ölkəmizdə insan alverinin bütün formalarının qarşısının alınması və aradan qaldırılması istiqamətində kompleks tədbirlərin, o cümlədən beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin icrasının sistemli surətdə davam etdirilməsi üçün 2014-2018-ci illəri əhatə edən üçüncü Milli Fəaliyyət Planının layihəsi hazırlanmış və Respublika Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Layihədə milli qanunvericiliyin, beynəlxalq konvensiyaların tələbləri, aidiyyəti nazirlik, komitə və xidmətlərin rəy və təklifləri, həmçinin ABŞ Dövlət Departamentinin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının da tövsiyələri nəzərə alınmışdır.
Cari ildə qarşımızda duran vəzifələr - insan alveri ilə bağlı cinayət təqibinin və məcburi əməyin qarşısının alınması işinin gücləndirilməsi, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin daha məqsədyönlü icrası, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin və özəl sektorun imkanlarından effektli istifadə edilməsi, bütövlükdə insan alverinə qarşı mübarizənin, müvafiq maarifləndirmə tədbirlərinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsidir.
Çıxışımın sonunda, bu mühüm sahədə dövlət siyasətinin həyata keçirilməsində verdiyiniz dəstəyə, ümumi işimizə böyük fayda gətirən əməkdaşlıq münasibətinizə görə, hörmətli millət vəkilləri, Sizin hər birinizə, həmçinin vətəndaş cəmiyyəti institutlarının və milli mediamızın nümayəndələrinə dərin minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə sağ olun!

Ən son press-relizlər