Quba rayonu ərazisində quldurluq törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılmış, daha 3 nəfərin şəxsiyyətləri müəyyən edilmişdir
07.04.2019Aprelin 1-də saat 1 radələrində Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girmiş 4 maskalı şəxsin ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb oradan 13.600 manat pul və mobil telefon aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olmuşdur.
Dərhal Quba RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanmışdır.Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H.Hətəmov və Z.İsmayılov saxlanılmış, daha 3 nəfərin isə şəxsiyyətləri müəyyən edilmişdir.
İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.