Masallı rayonunun Sərçuvar kəndində yerləşən “Sərçuvar Petrol” yanacaqdoldurma məntəqəsinin işçilərini hədələyib tüfəngdən havaya atəş açaraq pul vermələrini tələb etmiş rayon sakini C.Cəlalzadə tutulmuşdur
14.01.2016Yanvarın 14-də saat 05 radələrində Masallı rayonunun Sərçuvar kəndində yerləşən “Sərçuvar Petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş naməlum şəxs orada işləyən Rafiq Qafarovu və Nağı Həsənovu hədələyib tüfəngdən havaya atəş açaraq pul vermələrini tələb etmiş, istədiyinə nail ola bilmədiyindən hadisə yerini tərk etmişdir.
Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Cəlal Cəlalzadə tutulmuş, hadisəni törədərkən istifadə etdiyi “İJ -58” markalı tüfəng götürülmüşdür.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 12-də “Sərçuvar Petrol”, dekabrın 22-də Cəlilabad rayonundakı “Alpetrol”, bu il yanvarın 4-də Camaləddin Heydərova məxsus yanacaqdoldurma məntəqələrindən, habelə ötən il dekabr ayının 29-da Təzə Alvadı kəndində Mürvət Əhədova məxsus yanacaq doldurma məntəqəsindən quldurluq yolu ilə 470 manat pul, dekabr ayının 6-da Cəlilabad rayonunun Muğan kəndində “Smirs” yanacaq doldurma məntəqəsində oranın işçisi Orxan Bədəlova tüfəngdən açdığı atəşlə xəsarət yetirib 2630 manat pul aparması da müəyyən edilmişdir.Masallı RPŞ tərəfindən araşdırma aparılır.