DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

12.03.2014

Bu münasibətlə bu gün səhər Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçək dəstələri düzülmüşdür.
Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilmiş, "Əbədi məşəl" önünə əklil qoyulmuşdur. Torpaqlarımızın azadlığı uğrunda Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının qardaşlıq məzarı önünə gül dəstələri düzülmüş, Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunmuşdur.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının 22-ci ildönümünə həsr olunmuş  təntənəli mərasim keçirilmişdir. Mərasimdə respublikanın daxili  işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.
Əvvəlcə Daxili Qoşunların Döyüş Bayrağı təntənəli şəkildə salona gətirilmişdir. Ulu Öndər  Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların  və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət himni səsləndirilmişdir.
Daxili işlər nazirinin müavini-Daxili Qoşunlar komandanı, general-mayor Şahin Məmmədov  qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış etmiş,  ümummilli lider  Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı Fərmanla Azərbaycan Respublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları günün - martın 12-nin Daxili Qoşunlar günü elan olunduğunu xatırlatmışdır.

Qeyd olunmuşdur ki, ötən illər ərzində Daxili Qoşunlar  ölkənin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olmuş, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxmışdır. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 510 hərbi qulluqçusu həlak olmuş, 1166-sı yaralanmış, 268 nəfər itkin düşmüş, 9 əməkdaş Milli Qəhrəman adına layiq görülmüşdür. Natiq bildirmişdir ki, Daxili Qoşunların Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı  Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı zati-aliləri cənab İlham Əliyevin diqqətindən kənarda qalmamış, bir  çox hərbi qulluqçu dövlət mükafatlarına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi,  Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Daxili Qoşunların şəxsi heyətini  peşə bayramları münasibəti ilə təbrik etmiş və bildirmişdir ki, ölkə Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda da davamlı olaraq inkişaf prosesi gedir.
   
Sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bayram münasibətilə təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırmışdır. Nazir ümummilli lider Heydər Əliyevin ordu quruculuğu çərçivəsində Daxili Qoşunların  təkmilləşməsinə böyük önəm verdiyini, məhz Ulu Öndərin xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini, yüksək döyüş hazırlığı olan peşəkar  və mobil bir quruma çevrildiyini məmnunluqla xatırlatmışdır. Cənab Ramil Usubov   vurğulamışdır ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, peşəkarlığının yüksəldilməsinə daim ali diqqət və qayğı göstərir. Məhz möhtərəm dövlət başçısının  tələb və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq, Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir. Qoşunlar milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır və ölkədə daxili sabitliyin dönməzliyinin qorunmasında əsas qüvvələrdən birinə çevrilmişdir.

Cənab Ramil Usubov  yalnız xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra Azərbaycanın onu gözləyən təhlükələrdən qurtulduğunu diqqətə çatdırmışdır.
Xüsusi qeyd edilmişdir ki, məhz ümummilli liderimizin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğunda aparılan islahatlar Daxili Qoşunların da müasir beynəlxalq standartlar səviyyəsində formalaşması üçün möhkəm təməl yaratmışdır. Onun imzaladığı tarixi fərman və sərəncamlar hərbi xidmətin və döyüş hazırlığının yüksəlməsi, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmlənməsi, hərbçilərin sosial təminatının yaxşılaşması ilə nəticələnmiş, Qoşunların idarə edilməsində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Nazir demişdir ki, bu siyasəti uğurla davam etdirən möhtərəm dövlət başçımızın Daxili Qoşunların inkişafı üçün qəbul etdiyi qərarlar, göstərdiyi diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılanır. Ölkəmizin rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidməti fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır.

İstənilən cəmiyyətdə hər hansı tərəqqinin, inkişafın əsasında dayanan əsas amillərdən birinin daxili sabitlik və təhlükəsizlik faktorunun olduğunu xatırladan cənab Ramil Usubov  Daxili Qoşunların torpaqlarımızın qorunmasında fədakarlıq göstərdiyini, yüzlərlə şəhid verdiyini və sonrakı illərdə ölkəmizdə müstəqilliyin, daxili sabitliyin qorunmasında əzmkarlıq nümayiş etdirdiyini, yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik olan bir quruma çevrildiyini məmnunluqla vurğulamışdır.  Təsadüfi deyil ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə hərbi hissələrdə olması, şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından maraqlanması Daxili Qoşunların sıralarında xidmət edən hər bir hərbi qulluqçunun döyüş əzminin yüksəlməsinə stimul verir, onların Vətənə, xalqa xidmət əzmini daha da artırır.  Qeyd olunmuşdur ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini tələb edir.
Çıxışının sonunda daxili işlər naziri ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, Daxili Qoşunların şəxsi heyəti bundan sonra da qarşıda duran bütün vəzifələri yüksək səviyyədə yerinə yetirəcək, Azərbaycan dövlətinə, dövlətçiliyinə, Vətənə, Ali Baş Komandana sədaqətli xidmətini davam etdirəcək.
Daha sonra Daxili Qoşunlarının yaranmasının növbəti ildönümü münasibətilə  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi Sərəncamlar, həmçinin daxili işlər nazirinin və nazir müavini-Daxili Qoşunlar komandanın imzaladıqları əmrlər elan olunmuşdur. Xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya dövlət təltifləri və yeni  rütbələrin paqonları təqdim edilmişdir.
Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı   zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.        
    
*****
     
Daxili Qoşunların yaranmasının 22-ci ildönümü ərəfəsində paytaxtın Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində zabit və gizirlər üçün yeni tikilmiş yaşayış kompleksi istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilmiş tədbirdə respublikanın daxili  işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.
Əvvəlcə daxili işlər nazirinin qarşılanma mərasimi olmuşdur. Nazir müavini-Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport vermişdir.
Sonra general-mayor Şahin Məmmədov  çıxış edərək yeni kompleksin açılışının Daxili Qoşunların həyatında əlamətdar günlərdən biri olduğunu qeyd etmiş, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən Daxili Qoşunlara xüsusi diqqət və qayğısının nəticəsi kimi qiymətləndirmiş,  Daxili Qoşunların komandanlığı və şəxsi heyəti adından ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.
   
Qeyd olunmuşdur ki, inşasına 2012-ci ilin iyununda başlanmış iki ədəd 6 mərtəbəli yeni kompleksin  ümumi sahəsi 12200 kvadratmetrdir. İki binada ümumilikdə 120 mənzil var və onların hər biri zəruri avadanlıqlarla təchiz edilmişdir.
Daha sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edərək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını və təbriklərini tədbir iştirakçıların çatdırmış, yeni mənzillərlin sahiblərini və ailə üzvlərini təbrik etmiş, onlara xoşbəxtlik, cansağlığı və xidməti fəaliyyətdə uğurlar arzulamışdır.   
O, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanıldığını, daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndiyini, hərbi qulluqçuların sosial-məişət şəraitinin ilbəil yaxşılaşdığını vurğulamışdır. Nazir demişdir ki, son illər Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarca obyektlər, hərbi şəhərciklər, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri və s. tikilərək istifadəyə verilmişdir. Bildirilmişdir ki, Biləcəri qəsəbəsində yüksək səviyyədə inşa olunan  yaşayış kompleksinin istifadəyə verilməsi də Prezident İlham Əliyevin  Daxili Qoşunlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
   
Nazir yaşayış kompleksinin açılışını bildirən lenti kəsmiş, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə yaxından tanış olmuşdur.
Yeni tikilidə mənzillə təmin olunan Daxili Qoşunların zabitləri-mayor Çingiz Məmmədov, kapitan Anar Alıyev və onların ailə üzvləri  göstərilən ali diqqət və qayğıya, hərbi qulluqçuların sosial rifah halının, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.