DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

28.01.2014

Yanvarın 28-də Daxili İşlər Nazirliyində 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov xüsusilə vurğulamışdır ki, yola saldığımız 2013-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev siyasi kursunun uğurlu inkişafı, xüsusən zati-alilərinin xalqımızın yekdil etimadı ilə yenidən dövlət başçısı seçilməsi ilə əlamətdar olmuşdur. Ölkə həyatının bütün sahələrində müsbət nəticələr əldə edilmiş, o cümlədən davamlı şəkildə həyata keçirilən quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan sabitlik və daxili təhlükəsizlik etibarlı qorunmuşdur.

Qeyd olunmuşdur ki, hüquq-mühafizə siyasətinin təkmilləşdirilməsi ilə bağlı möhtərəm Prezidentin fərman, sərəncam və tapşırıqlarından, aidiyyəti plan və proqramlardan irəli gələn vəzifələr vaxtında və tam yerinə yetirilmişdir. Respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən ildə də MDB və Şərqi Avropa məkanında öncül mövqedə olmuş, vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləmişdir.
İclasda daxili işlər naziri hesabat məruzəsi ilə çıxış etmişdir. O, demişdir ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 22.891 cinayət qeydə alınmışdır. Onların 91,4 faizini və ya 20.465-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil etmişdir. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi  ağır və xüsusilə ağır növlər olmuşdur. Profilaktik işin gücləndirilməsi, cinayət və hadisələr barədə məlumatlara operativ reaksiya verilməsi məqsədilə, ötən ilin ilk günlərindən etibarən sistemli şəkildə həyata keçirilən təşkilati-praktiki tədbirlər - əməliyyat şəraitinin nəzarətdə saxlanılmasını təmin etmiş, cinayətkarlığın dinamikasında müsbət dəyişiklikləri şərtləndirmişdir. Belə ki, daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər  azalaraq 20.465 fakt təşkil etmişdir. Cinayətlərin açılması da yüksək olmaqla 85,4 faiz təşkil etmişdir. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində  896 cinayət “isti izlərlə” açılmışdır. Eyni zamanda, prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.
Cinayətlərin qarşısının alınmasında, açılmasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində müasir informasiya texnologiyalarının əhəmiyyəti də böyük olmuşdur. Təkcə “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 7947 hüquqazidd əməlin qarşısı alınmış, habelə 2764 cinayət işi başlanmışdır.  “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 105 cinayət açılmış, 8401 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanmış, axtarışda olan 121 avtomobil saxlanılmışdır. Vahid məlumat-axtarış sistemi vasitəsilə 690 mindən çox sorğu cavablandırılmış, axtarılan 1264 şəxs müəyyən edilmişdir.
Bildirilmişdir ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmışdır. Bu istiqamətdə həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayətlər törətmiş 12.361, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1975 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmişdir. Ötən il təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2059 nəfər tutulmuşdur. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 72 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 şəxsin yeri müəyyən olunmuşdur. Bütövlükdə, axtarılan şəxslərin 66,5 faizinin tutulması təmin edilmişdir.
Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də ardıcıl xarakter daşımışdır. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 1833, o cümlədən 688 ağır və xüsusilə ağır cinayət törətmiş 2095 nəfəri birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Qanunsuz olaraq odlu silah saxlamağa və daşımağa görə 34 faiz çox, yəni 134 şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanmışdır. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd saxta əskinas çıxarılmışdır.
O da qeyd edilmişdir ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər də məqsədyönlü olmuşdur. Narkotiklərlə əlaqədar 2577 cinayət, o cümlədən satışı ilə bağlı 677 fakt aşkarlanmış, 135 nəfərdən ibarət 54 cinayətkar qrup zərərsizləşdirilmişdir. Qeyri-leqal dövriyyədən 619 kq narkotik vasitə çıxarılmış, 65,1 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır. Həmçinin, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə - ümumi çəkisi 302 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilmişdir. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 80 cinayət faktı müəyyənləşdirilərək 17 nəfər məsuliyyətə cəlb edilmiş, habelə bu əməllərin qurbanı olmuş 50 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.
Qanunçuluğun, eləcə də hər bir şəxsin hüquq və azadlıqlarına hörmətin bərqərar olunmasında mühüm rol oynayan istintaq və təhqiqat qurumları əməkdaşlarının fəaliyyəti də qənaətbəxşdir. Hesabat dövründə müstəntiqlərin icraatında 21.199 cinayət işi olmuşdur. 2012-ci illə müqayisədə istintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilmiş cinayət işlərinin sayı 3 faiz artmışdır.
Nazir demişdir ki, daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində həyata keçirilən profilaktiki tədbirlər də müsbət nəticələrlə müşayiət olunmuşdur. Ötən il bu sahədə ictimai münasibətləri tənzimləyən 15 qanunvericilik aktı qəbul edilmiş, o cümlədən yol hərəkəti qaydaları əleyhinə olan bir sıra inzibati xətalara görə sanksiyalar sərtləşdirilmişdir.
Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna 1.245.677 vahid təşkil etmişdir. Bununla belə, həmin artımın fonunda yol-nəqliyyat hadisələrinin sayı 1,6 faiz  və ya 46 fakt, qəzalarda həlak olanların sayı 0,3 faiz, yaxud 4, yaralananların sayı isə 1,6 faiz və yaxud 49 nəfər azalmışdır.
Yol hərəkətinə nəzarət prosesində hesabat dövründə 2012-ci illə müqayisədə 40 faiz çox və ya 1.429.781 müvafiq inzibati xəta müəyyən edilmişdir. Şüşələrinə pərdə və plyonka çəkilmiş 10.578 avtomobil, avtoxuliqanlığa görə 703 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülmüşdür. Xətaların 11,8 faizi (168.197-si) avtomatik rejimdə işləyən foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə müəyyən edilmişdir.
Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2012-ci illə müqayisədə 29 faiz çox və ya 1.452.461 protokol tərtib olunmuş, nəticədə 1.347.617 nəfər cərimələnmiş, 4130 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunmuş, 41.495 şəxsə xəbərdarlıq edilmişdir.
Cəmiyyətdə polisin nüfuzunun vətəndaşların müraciətlərinə vaxtında, obyektiv və ədalətli şəkildə baxılmasından, bütövlükdə insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminindən birbaşa asılı olduğunu qeyd edən general-polkovnik Ramil Usubov ötən il Azərbaycan polisin 95 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin “...İnsanlara polis əməkdaşları tərəfindən daim diqqət, qayğı göstərilməlidir, kobudluğa yol verilməməlidir...Cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə aparılmalıdır...Yəni, polis orqanları və onun əməkdaşları bu istiqamətdə də çox ciddi olmalıdırlar...Polis əməkdaşları korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə də ön sıralarda olmalıdırlar...” sözlərini xatırladaraq vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində möhtərəm dövlət başçımızın qarşıya qoyduğu proqram vəzifələrin icrasının daim ciddi nəzarətdə saxlanıldığını və zəruri təşkilati-əməli tədbirlərin ötən il də planlı surətdə yerinə yetirildiyini vurğulamışdır. Bildirilmişdir ki, Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 5 mindən çox, o cümlədən qabaqcadan məlumat verilməklə 64 şəhər və rayon üzrə 476 vətəndaş qəbul olunmuş, qaldırılan məsələlərin əksəriyyəti yerində müsbət həll edilmişdir. Hesabat ilində vətəndaşlardan Nazirliyə 45 minə yaxın, o cümlədən elektron poçt ünvanına 9800 müraciət daxil olmuş, onların yalnız 3 faizini polis əməkdaşlarından şikayətlər təşkil etmişdir.
O da nəzərə çatdırılmışdır ki, xalqa xidmət funksiyalarının icrasının və vətəndaş məmnunluğunun daha effektli təşkilinin zəruriliyi baxımından, qanunçuluğun qorunması işinə də böyük tələbkarlıqla yanaşılmışdır. Nəticədə polis əməkdaşları tərəfindən döymə, işgəncə vermə, qanunsuz axtarış aparma, tabel silahından qanunsuz istifadə etmə halları qeydə alınmamışdır. İnsan hüquq və azadlıqlarının pozulması məzmunlu şikayətlər hərtərəfli və obyektiv araşdırılmış, təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilmişdir. Belə ki, daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 118, əsassız saxlamaya görə 35, əsassız polisə gətirməklə bağlı 28 fakt üzrə 341 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülmüşdür. Korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanmış 66 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 106 əməkdaşdan 84-ü xidmətdən xaric edilmiş, 20-si aşağı vəzifəyə keçirilmiş, 2-si barədə digər tənbeh növləri tətbiq edilmişdir.
Məruzədə əldə olunmuş uğurlarla bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir Kollegiya iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəltmişdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə hüquqi islahatların, böyük infrastruktur layihələrinin və sosial proqramların uğurla həyata  keçirildiyini xatırlatmış, respublikamızda gedən geniş quruculuq, inkişaf proseslərində mühüm amillərdən olan sabitliyin, təhlükəsizliyin təminində daxili işlər orqanlarının şəxsi heyətinin də böyük əməyi olduğunu, eyni zamanda, aidiyyatı Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin lazımi səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, asayişin qorunması sahəsində bir sıra uğurlar əldə edildiyini vurğulamışdır.  
Məruzəətrafı müzakirələrdə çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Cavanşir Məmmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Daxili Təhqiqatlar İdarəsinin rəisi Rasim Musayev və başqaları hesabat dövründə görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışaraq, çatışmazlıqların cari ilin birinci rübündə aradan qaldırılması üçün təsirli tədbirlərin görüləcəyini bildirmişlər.  

İclasa yekun vuran nazir daxili işlər orqanlarının öz xidməti vəzifələrini uğurla yerinə yetirmələri üçün möhtərəm dövlət başçımız tərəfindən hər cür şəraitin yaradıldığını, ötənilki fəaliyyətin yekunlarının ümumilikdə müsbət qiymətləndirildiyini, polis əməkdaşlarının və hərbi qulluqçuların xüsusi qayğı ilə əhatə olunduğunu xatırladaraq arxayınlaşmamağı, peşəkarlığı, hər bir  əməkdaşın bilik və təcrübəsini daim artırmağı, cinayətkarlığa, o cümlədən şəxsi heyət arasında korrupsiya hüquqpozmalarına qarşı aparılan işin davamlı olmasının zəruriliyini vurğulamış, bəzi konkret tapşırıq və tövsiyyələrini vermişdir.
O demişdir ki, cənab Prezidentin müəyyən etdiyi məqsədlərə nail olmaq, həmçinin müasir dövrün çağırış və təhdidləri baxımından cari ildə qarşımızda çox məsul vəzifələr durur. İlk növbədə cinayətlərin qarşısının alınması, açılması, ölkədə sabitliyin, vətəndaşların əmin-amanlığının, qanuni mənafelərinin etibarlı qorunması, orqan və hissələrdə qanunçuluğun və daxili təhlükəsizliyin möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, transmilli mütəşəkkil cinayətkar qruplaşmaların ölkəmizin ərazisindən istifadə etmələrinin, radikal dini təriqətlərin və ekstremizmin qarşısının vaxtında və qətiyyətlə alınması, bu işə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən nüfuzlu şəxslərin, tanınmış elm və din xadimlərinin cəlb olunması, qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparılmalıdır.
Əsas vəzifələrdən biri olan vətəndaşların ərizə və şikayətlərinə baxılmasına böyük həssaslıqla yanaşılmalı, daxil olan müraciətlər ətraflı və obyektiv yoxlanılmalı, onların pozulmuş hüquqlarının bərpası tam təmin edilməlidir. Şəxsi heyətin peşəkarlıq səviyyəsi də daim artırılmalı, bu sahədə peşə hazırlığı sistemində məqsədyönlü tədbirlərin keçirilməsinə önəm verilməlidir. Ərazi polis orqanlarının rəisləri və nizami hissələrin komandirləri xidmətə qəbul prosesində namizədlərin intellektual səviyyəsinə, fiziki inkişafına və müəyyən edilmiş digər meyarlara ciddi diqqət yetirməlidirlər.
Nazir, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin etmşdir ki, şəxsi heyət bütün qüvvəsini ölkədə cinayətkarlıqla mübarizəyə, hüquq qaydasının etibarlı təmin edilməsinə, bütövlükdə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək, qarşıya qoyulmuş məsul tapşırıqları 2014-cü ildə də əzmlə yerinə yetirəcək, xalqa, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət edəcəkdir.