DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu mətbuat xidmətlərinin məlumatı

13.11.2014

Respublikanın daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə daha bir ağır cinayətin üstü açılıb və həmin hadisəni törətməkdə şübhəli bilinən şəxslər tutulublar.
Xəbər verildiyi kimi, noyabrın 7-də Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib. Yanğın söndürüldükdən sonra ev sahibinin əlləri və ayaqları naqillə bağlanmış halda qismən yanmış meyiti tapılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlərlə müəyyən edilib ki, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Müşfiq Cəlilov həmin tarixdə tamah məqsədilə yaşadığı mənzilə daxil olaraq Pərvanə İsmayılovanı xüsusi amansızlıqla qətlə yetiriblər. Daha sonra onlar sonuncuya məxsus nağd pul, qızıl-zinət və digər qiymətli əşyaları götürərək cinayətin izini itirmək məqsədi ilə mənzili və meyiti yandırıblar.

İstintaq hərəkətləri ilə həmçinin o da müəyyən olunub ki, M.Cəlilov və R.Hüseynov bu il oktyabrın 1-də gecə saatlarında maska geyinməklə Gəncə şəhər sakini Dilarə Qasımovanın da yaşadığı mənzilə daxil olaraq quldurluq hadisəsi törədib, bıçaqla hədə-qorxu gələrək mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları aparıblar.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.