İran İslam Respublikasının təhlükəsizlik naziri Əli Yunisi ilə görüş
17.12.2004
Qonağı səmimiyyətlə salamlayan nazir son illər cinayətkarlıqla mübarizə sahəsində qazanılan uğurlardan, hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti, həyata keçirdiklər qətiyyətli tədbirlər nəticəsində ölkədə sabitliyin dönməzliyinin təmin olunmasından, kriminogen durumun tam nəzarət altına alınmasından danışmışdır. Azərbaycanda gedən demokratikləşmə prosesi, Avropa standartlarına uyğun yeni qanunların qəbulu, Nazirliyin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən general-polkovnik Ramil Usubov ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan İranla möhkəm dostluq və qonşuluq münasibətlərinin yaradılmasında və inkişafında ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırlatmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə bu ilin avqust ayında İran İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəminin ölkəmizə rəsmi səfəri zamanı imzalanmış sənədlər, o cümlədən təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Saziş, cinayətkarlıqla mübarizədə əməkdaşlığın daha genişlənməsinə əlverişli şərait yaratmışdır.
Nazir, general-polkovnik Ramil Usubov bu əməkdaşlığın potensial imkanlarını yüksək qiymətləndirirək, qarşılıqlı faydalı əlaqələrin ölkələrimizin və xalqlarımızın mənafelərinə, beynəlxalq təhlükəsizliyin təmini işinə xidmət etdiyini bildirmişdir.
Cənab Əli Yunisi səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edərək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin gələn ay İran İslam Respublikasına gözlənilən səfərinin dövlətlərimiz arasında münasibətlərin daha yüksək mərhələdə inkişafına təkan verəcəyini vurğulamışdır.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, silah qaçaqmalçılığı və hər iki tərəfi narahat edən digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.
Qəbulda İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymani, Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov və digər rəsmi şəxslər iştirak etmişlər.