Ümummilli liderin tapşırıqları yüksək səviyyədə yerinə yetirilir
14.12.2004
Bu, bir tarixi gerçəklikdir ki, dünya şöhrətli siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə triumfial qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə siyasətinin reallaşdırılmasında hiss ediləcək uğurlar qazanılmış, həyata keçirilmiş məqsədyönlü, ardıcıl əməliyyat-axtarış, istintaq hərəkətləri nəticəsində kriminogen durum tam nəzarətə götürülmüş, sabitliyin dönməzliyi təmin olunmuşdur. Fərəhləndirici haldır ki, böyük öndərimiz Azərbaycan Polisinin göstərilən istiqamətdə qazandığı uğurları dəfələrlə yüksək qiymətləndirmiş, DİO-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, xidməti və döyüş hazırlığının, peşəkarlığının, təcrübəsinin artırılmasına daim xüsusi önəm vermişdir. İki il əvvəl ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Polisinin yaranmasının 84-cü ildönümünə həsr olunmuş təntənəli mərasimdə daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, əmin-amanlığın, sabitliyin dönməzliyinin qorunub saxlanılmasındakı xidmətlərini növbəti dəfə yüksək dəyərləndirmiş, Polis Akademiyasında təlimin keyfiyyətcə yaxşılaşdırılması, ümumilikdə tədris-təlim prosesinin, kadr hazırlığının ən müasir tələblər səviyyəsində qurulması, müdavim və dinləyicilərin sayının artırılması, bütövlükdə bu ali təhsil ocağının yüksək standartlara cavab verəcək səviyyədə yenidən qurulmasına dair konkret tapşırıqlar vermişdi.
Dekabrın 14-də Polis Akademiyasında tikintisi yenicə başa çatmış yataqxananın istifadəyə verilməsi iki il əvvəl Azərbaycan Polisinin peşə bayramına həsr olunmuş təntənəli yığıncaqda ümummilli liderimizin verdiyi konkret tapşırıq və tövsiyyələrin DİN rəhbərliyi tərəfindən yüksək səviyyədə yerinə yetirilməsinin növbəti təzahürü oldu. Bu münasibətlə elə həmin gün Akademiyada yeni obyektin açılışını bildirən təntənəli mərasim keçirildi. Təntənəli tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edirdi.
Əvvəlcə Polis Akademiyasının rəisi, polis general-mayoru Rəsul Rəsulov general-polkovnik Ramil Usubovu salamlayaraq şəxsi heyətin mərasimə hazır olması barədə raport verdi. Nazir, general-polkovnik R.Usubov təntənəli mərasimə dəvət olunmuş qonaqlar əsaslı yenidənqurma işləri tamamlanmış, ən müasir texniki vasitələrlə, kompüterlə təmin olunmuş Polis Akademiyasının mətbəəsi və maliyyə hissəsinə baxdılar.
Daha sonra DİN Əsaslı Tikinti İdarəsinin rəisi, daxili xidmət polkovniki Qasım Əliyev daxili işlər nazirinə Akademiyanın yeni altı mərtəbəli tədris korpusunun tikintisi barədə məlumat verdi. Nazir R.Usubov və qonaqlar Akademiyanın tədris korpuslarını, ayrı-ayrı fənn kabinələrini, otaqları gəzərək bu ali təhsil ocağında tədris prosesinin bugünkü vəziyyəti ilə tanış oldular. Polis general-mayoru R.Rəsulov Polis Akademiyasında son illər tədris prosesinin beynəlxalq tələblər səviyyəsində qurulması, kadr hazırlığı sahəsində görülmüş işlər barədə DİN rəhbərini ətraflı məlumatlandırdı.
Tədris prosesi ilə tanışlıqdan sonra ən müasir tələblər səviyyəsində tikilmiş beşmərtəbəli, iki min yerlik yataqxananın açılışı oldu. Nazir R.Usubov mərasim iştirakçılarının alqışları altında yataqxananın rəmzi açılışını bildirən qırmızı lenti kəsdi. Daxili xidmət polkovniki Q.Əliyev yeni istifadəyə verilmiş obyektin bəzi parametrləri barədə mərasim iştirakçılarına bilgi verdi. Qeyd olundu ki, ümumi sahəsi 3900 kvadratmetr olan yataqxana binasının hər mərtəbəsində müasir avadanlıqlarla təmin olunmuş 2-3 nəfərlik 12 yataq otağı, sanitar qovşaqları, məişət otağı, foye və s. nəzərdə tutulmuşdur. Həmçinin yeni binada ümumi sahəsi 650 kvadratmetr olan zirzəmi də inşa edilmişdir. Yataqxana zəruri mühəndis kommunikasiya vasitələri ilə (isti, soyuq su, istilik sistemi və s.) təchiz olunmuşdur. Yeni obyektin ümumi smeta dəyəri 3,48 milyard manatdır. Xüsusilə qeyd edilməlidir ki, son iki ildə Polis Akademiyasında yeni obyektlərin tikintisinə dövlət büdcəsindən 10,5 milyard manatdan çox vəsait ayrılmışdır.
General-polkovnik Ramil Usubov yeni obyektin ən müasir tələblər səviyyəsində tikilməsindən və burada müdavimlərin normal yaşayıb fəaliyyət göstərmələri üçün yaradılmış şəraitdən razılığını bildirdi, Akademiyanın rəhbərliyinə bu yöndə konkret tapşırıq və tövsiyələrini verdi. Yataqxanadan sonra qonaqlar bu ilin mart ayının əvvəllərində istifadəyə verilmiş 1000 nəfərlik yeməkxanada oldular.
Akademiyanın həyətində yenicə quraşdırılmış bir qurğu qonaqların xüsusi diqqətini cəlb etdi. "Solaris LTD" şirkətinin direktoru Zakir Sadıxov qeyd etdi ki, onların quraşdırdığı, alternativ günəş enerjisi ilə işləyən, həm ekoloji, həm də iqtisadi cəhətdən çox sərfəli olan bu su qızdırıcısı eyni vaxtda 100, bir gün ərzində isə 400-450 nəfərin yuyunmasını təmin edir. Bu da öz növbəsində il ərzində dövlətin 250-260 milyon manat vəsaitinə qənaət etməyə imkan verir.
Tədbirin sonunda daxili işlər naziri və qonaqlar Akademiyanın yeni mühazirə zalı, iclas salonu və kitabxanası ilə yaxından tanış oldular. Kitabxanada bildirildi ki, Akademiyanın hər bir müdavimi burada quraşdırılmış yeni kompüterlərin köməkliyi ilə beynəlxalq şəbəkəyə daxil olmaqla onları maraqlandıran ən müxtəlif mövzulara dair istənilən informasiyanı asanlıqla əldə edə bilir.
Polis Akademiyası ilə tanışlıqdan sonra kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandıran daxili işlər naziri R.Usubov Avropa standartlarına cavab verən yataqxananın ümummilli liderimiz Heydər Əliyevin iki il öncə verdiyi tapşırıq və tövsiyələr əsasında inşa edildiyini xatırlatdı, Akademiyanın yeni tədris korpusunun gələn il böyük öndərin doğum gününədək təhvil veriləcəyinə əminliyini bildirdi. DİN rəhbəri qeyd etdi ki, tək Polis Akademiyasında deyil, respublikamızın müxtəlif yerlərində şəxsi heyətin sosial, məişət şəraitinin, rifah halının yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür, yeni obyektlər istifadəyə verilir. General-polkovnik R.Usubov ümummilli liderimiz Heydər Əliyevin verdiyi tapşırıqların, tövsiyələrin bu gün DİN rəhbərliyi tərəfindən ən yüksək səviyyədə yerinə yetirilməsindən, Polis Akademiyasında müdavim və dinləyicilərin sayının 50 faizdən də çox artırılmasından, kadr hazırlığı, tədris prosesinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasından məmnunluqla danışdı, şəxsi heyətin əzəli və əbədi liderimizin amallarına, onun siyasi kursunu uğurla davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı siyasətə, xalqa, dövlətçiliyə daim sadiq qalacağını vurğuladı.
Tədbirdə Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin üzvü Şaitdin Əliyev, digər rəsmi şəxslər iştirak edirdilər.