Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəxsi heyət yüksək etimadı yenə doğruldacaqdır

30.12.2004



Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri giriş sözü ilə açaraq yüksək dövlət mükafatlarının Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən təqdim edildiyini nəzərə çarpdırmış, daxili işlər orqanlarının şəxsi heyətinin ərazi bütövlüyümüzün, suverenliyimizin, sonrakı illərdə ölkəmizdə sabitliyin dönməzliyinin, dövlətçiliyin qorunmasında, müstəqilliyimizin möhkəmləndirilməsində çox böyük fədakarlıq və şücaət göstərdiyini vurğulamışdır.

Nazir daha sonra qeyd etmişdir ki, daxili işlər orqanlarının əməkdaşları yola saldığımız ili də uğurla başa vururlar, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, ictimai asayişin qorunması, sabitliyin dönməzliyi yüksək səviyyədə təmin edilmişdir. Bu sahədə ötən illər qazanılmış müsbət tendensiyalar 2004-cü ildə də qorunub-saxlanılmışdır.

 

Xüsusilə qeyd olunmuşdur ki, şəxsi heyətin fədakar xidməti ümummilli liderimiz Heydər Əliyev tərəfindən daim yüksək qiymətləndirilmişdir.

Bu gün ölkəmizə rəhbərlik edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dahi öndərin siyasi kursunu layiqincə davam etdirir, daxili işlər orqanlarının sosial müdafiəsinə, problemlərinə qayğı göstərir, eyni zamanda, respublikamızda ictimai asayişin, əmin-amanlığın möhkəm qorunmasını tələb edir.

DİN rəhbəri ölkə prezidentinin, nazirliyin rəhbərliyi və Kollegiyasının, şəxsən öz adından təltif olunanları, onların ailə üzvlərini təbrik etmiş, möhkəm cansağlığı və uğurlar arzulamışdır.

 

Sonra Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Məmməd Əsgərov təltif olunanların siyahısını diqqətə çatdırmış, nazir, general-polkovnik Ramil Usubov vətənin yüksək mükafatlarını - "Azərbaycan Bayrağı" ordenlərini və "İgidliyə görə" medallarını təqdim etmişdir.

Tədbirə yekun vuran nazir təltif olunanları və onların ailə üzvlərini bu, həmçinin əlamətdar bayramlar münasibətilə bir daha təbrik etmiş, şəxsi heyətin üzərinə düşən məsul vəzifələrin öhdəsindən yeni ildə də uğurla gələcəyinə inandığını bildirmişdir.