DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilə biləcək cinayətlərin qarşısının alınması istiqamətində DİN tərəfindən kompleks tədbirlər görülür

24.05.2024

Mayın 24-də Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbirdə Nazirliyin və müxtəlif dövlət qurumlarının əməkdaşları, eləcə də QHT nümayəndələri iştirak ediblər.

Çıxışçılar zorakılığa məruz qalmış, eləcə də insan alverinin qurbanı olmuş uşaqların reabilitasiyası və reinteqrasiyası üçün respublikada dövlət sektoruna, eləcə də qeyri-hökumət təşkilatlarına məxsus 14 müəssisənin fəaliyyət göstərdiyini bildiriblər.

Daxili İşlər Nazirliyi tərəfindən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilə biləcək cinayətlərin, inzibati xətaların, eləcə də uşaqlara qarşı baş verən hüquqpozmaların qarşısının alınması sahəsində aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları tərəfindən kompleks tədbirlərin görüldüyü, uzunmüddətli proqramların qəbul edildiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il tarixli sərəncamları ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”-nın icra olundu vurğulanıb.

O da qeyd edilib ki, cinayətlərin, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş zorakılıq əməllərinin qarşısının vaxtında alınması və operativ tədbirlər görülməsi məqsədilə Nazirlikdə “102” Xidməti-zəng mərkəzi, elektron poçt ünvanı, “Qaynar xətt” kimi sistemlər, E-polis mobil tətbiqi və sosial şəbəkələrdə DİN-in hesabları fəaliyyət göstərir.

Vətəndaşların müraciət etmələrinin asanlaşdırılması, baş verə biləcək hadisələrə çevik müdaxilə edilməsi məqsədilə polis sahə rəisləri və yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorlar tərəfindən vətəndaşlara vizit kartlar paylanılıb, sığınacaq və sosial reabilitasiya mərkəzlərinə ərazi polis orqanlarının növbətçi hissələrinin əlaqə nömrələri verilib.

Bununla yanaşı, sığınacaqlarda işləyən və orada yaşayan şəxslərin təhlükəsizliyinin təmin olunması, onların çağırışlarına yerli polis orqanları tərəfindən dərhal reaksiya verilməsi vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Sonda konfrans iştirakçıları fikir mübadiləsi aparıblar, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.