DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_20231027175856.jpg

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

27.10.2023

Oktyabrın 27-də Daxili İşlər Nazirliyində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin, şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyətinə, eləcə də cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov hər üç məsələnin fundamental insan hüquqlarının müdafiəsində, vətəndaş məmnunluğunun təmin edilməsində, hər bir şəxsin qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.  

Müzakirələrə başlamazdan əvvəl nazir V.Eyvazov Xankəndi şəhəri və ona yaxın ərazilərdə yerləşmiş Ermənistan ordusunun qalıqlarının basdırdığı minaların bu ilin sentyabr ayının 19-da partlaması nəticəsində daha 6 nəfərin, o cümlədən polis əməkdaşlarının həlak olması, həmin gün Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirlərində iştirak edən Daxili İşlər Nazirliyinin şəxsi heyətindən 20 nəfərin şəhid olmasını və 24 nəfərin yaralanmasını, ümumilikdə isə Vətən müharibəsi də nəzərə alınmaqla Daxili Qoşunların və polisin 78 şəhid verdiyini və 370 nəfərin yaralandığını diqqətə çatdırıb və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

General-polkovnik V.Eyvazov oktyabrın 15-də də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını, habelə Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsinin yaradıldığını, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların təyin edildiyini, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd etdi.
Bütövlükdə polisin və Daxili Qoşunların Qarabağın bütün ərazisində  xidməti vəzifələri böyük məsuliyyətlə, peşəkarlıqla yerinə yetirdiyini, təhlükəsizliyi qoruduğunu, bu prosesin davamlı olacağını vurğuladı. 

Nazir daha sonra bildirib ki, daxili işlər orqanları və Daxili Qoşunlar qanunla müəyyən edilmiş vəzifələri cari ilin 9 ayında da layiqincə yerinə yetirib. Ümumi cinayətlərin açılması 86,8 faiz təşkil edib, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 26.778 cinayətin 88,6 faizi açılıb. 
Baş Prokurorluqla birgə görülmüş tədbirlərlə keçmiş illərdən bağlı qalmış 336, o cümlədən bir neçə xüsusilə ağır cinayətin açılması təmin edilib.                    
Qəsdən sağlamlığa ağır zərər vurmaların, xuliqanlıqların, quldurluqların, dələduzluqların, hədə-qorxu ilə tələb etmələrin, soyğunçuluqların və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb. 
Odlu silahın tətbiqi ilə törədilən cinayətlər, oğurluqlar, quldurluqlar, soyğunçuluqlar, xuliqanlıqlar, avtonəqliyyat vasitəsinin qaçırılması faktlarının sayı azalıb. 
Ağır və xüsusilə ağır cinayətlər törətmiş 466 nəfərdən ibarət 178 cinayətkar qrup zərərsizləşdirilib. Axtarılan təqsirləndirilən şəxslərin 83,3 faizi tutulub. Törədilmiş cinayətlər nəticəsində vətəndaşlara dəymiş maddi ziyanın 79, xırda talamalar nəticəsində vurulmuş ziyanın 93,1 faizi ödətdirilib.

Ölkədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də nəzarətdə saxlanılıb. Qanunsuz dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 19 kiloqram çox – yəni 4 ton 18 kiloqram narkotik vasitə və 343 kiloqram psixotrop maddə çıxarılıb, 244 nəfərdən ibarət 110 cinayətkar qrup zərərsizləşdirilib və bu cinayətlərə görə ümumilikdə 6.344 nəfər məhkəmə məsuliyyətinə verilib. Antinarkotik təbliğat sahəsində işlər də davamlı olmaqla təhsil müəssisələrində 1.028 maarifləndirmə tədbiri keçirilib.
Yol hərəkəti təhlükəsizliyinin təmini və təşkili, qəzаlаrın qаrşısının аlınmаsı, sürücü intizаmının аrtırılmаsı məqsədilə davam etdirilən tədbirlərlə respublika üzrə qeydə alınmış yоl-nəqliyyаt hаdisələrinin sayı 55 fakt, qəzalar nəticəsində xəsarət alanların sayı 65 nəfər azalıb. Müəyyən edilmiş yol hərəkəti qayda pozuntularının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyondan çox artaraq 5,1 milyona çatıb və onların 64 faizi хüsusi tехniki vаsitələrlə аşkаrlаnıb. 
Vətəndaşların müraciətlərinə baxılması, qəbulların keçirilməsi, şikayətlərə çevik reaksiya verilməsi sahəsində görülən işlər ötən 9 ayda da gündəlik nəzarətdə qalmaqla daxil olmuş 75.146 müraciətə baxılıb, habelə bu mühüm işə paralel olaraq kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 9 şəhər və rayonunda 3.000-ə yaxın vətəndaşın qəbulu həyata keçirilib. Qaldırılan problemlərin həlli təmin edilib, təşəbbüskarlardan 2.500-dən çox minnətdarlıq məktubları alınıb. 

Gündəlikdəki məsələlər üzrə Nazirliyin aidiyyəti baş idarələrinin və bir sıra ərazi orqanlarının rəisləri görülmüş işlər, əldə edilmiş nəticələr, fəaliyyətin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məruzə ediblər.
İclasa yekun vuran nazir V.Eyvazov cari ilin 9 ayında cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmini sahəsində qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini vurğulayıb.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əldə olunmuş  müsbət nəticələri yüksək qiymətləndirən Nazir bu istiqamətdə fəaliyyətin daha böyük əzm və qətiyyətlə həyata keçirilməsini tapşıraraq diqqəti qarşıda duran vəzifələrə çəkib, həmçinin yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirən hər bir şəxsə, o cümlədən bloggerlərə və digər ictimai fəallara, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə və media mənsublarına təşəkkürlərini bildirib.
Paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlərin üzərində də dayanan Nazir yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının və digər qanunazidd halların aradan qaldırılmasının, ümumən bu sahədə tədbirlərin gücləndirilməsinin zəruriliyinə toxunub, hərəkətin təhlükəsizliyinin təmini ilə əlaqədar qarşıda duran vəzifələri müəyyən edib və aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. 

Vətəndaş məmnunluğunun təmin edilməsində, dövlətə inam və etimadın güclənməsində böyük əhəmiyyət kəsb edən müraciətlərə baxılması işinə xüsusi diqqət çəkən nazir V.Eyvazov şikayətlərə çevik reaksiya verilməsi işinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi üçün əlavə tapşırıqlar verib. 
Nazir bəzi ərazi orqanlarının fəaliyyətində olan müəyyən nöqsan və çatışmazlıqlara da diqqət çəkərək onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsini, hər bir şəxsin qanuni mənafeyinin, hüquq və azadlığının bundan sonra da etibarlı qorunmasını, bütövlükdə vətəndaş məmnunluğunun davamlı surətdə təmin olunmasını, şəxsi heyətin etik davranış qaydalarına daim riayət etməsini, qanunçuluğun möhkəmləndirilməsini və peşəkarlıq səviyyəsinin günbəgün artırılmasını tələb edib.
Kollegiya iştirakçılarının diqqətini ötən illər ərzində beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə baş tutmuş görüşlərə də yönəldən nazir V.Eyvazov ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq qeyd edib ki, bu sahədə fəaliyyətin effektivliyinin artırılması, institusional mexanizmlərin təkmilləşdirilməsi üzrə aparılan müzakirələr və görülmüş işlər çox faydalı olub.

Konkret olaraq, fəaliyyətin müasir tələblərə və mütərəqqi beynəlxalq təcrübəyə uyğun qurulmasında mühüm əhəmiyyət kəsb edən şəxsi heyətin professional hazırlığının artırılması məqsədilə son 5 ildə təkcə insan hüquqları üzrə Azərbaycanda və xarici dövlətlərdə keçirilən seminarlarda, təlim kurslarında, konfranslarda və digər tədbirlərdə daxili işlər orqanlarının 3000-dən çox əməkdaşının iştirak etdiyini, Polis Akademiyasında keçirilən məşğələlərə Avropa ekspertlərinin dəvət edildiyini, treninqlərin onlar tərəfindən də keçiriləcəyini bildirib, habelə, aidiyyəti tədris proqramlarının qısa müddətdə yenilənməsinə dair tapşırıqlar verib. “Açıq hökümətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair” Milli Fəaliyyət Planları əsasında idarədaxili nəzarət mexanizmlərinin, aidiyyəti vəzifə təlimatlarının təkmilləşdirildiyini, aidiyyəti qanunvericilik aktlarına beynəlxalq təcrübəyə uyğun dəyişikliklər edilməsi üçün layihələrin hazırlandığını, tutulmuş və həbs edilmiş şəxslərin beynəlxalq konvensiyalarda təsbit olunmuş bütün hüquqlarının və dindirmələrin şəffaflığının təmin edilməsi mövzularında respublikanın istintaq qurumlarının əməkdaşları üçün virtual təlimlərin təşkil edildiyini nəzərə çatdırıb. Nazirlik tərəfindən həyata keçirilən qətiyyətli tədbirlərin məntiqi nəticəsi kimi şəxsi heyət arasında neqativ halların minimuma endiyini, ötən 5 ildə xidməti intizam və etik davranış qaydalarını pozmuş 1.286 əməkdaş barəsində araşdırmalar aparılaraq 121 nəfərin xidmətdən xaric edildiyini, 139 nəfərin tutduğu vəzifədən azad olunduğunu, 1.026 nəfər haqqında başqa növ məsuliyyət tədbirləri görüldüyünü, cari ilin ötən dövründə isə polisə gətirilmiş şəxslərə qarşı kobudluğa yol vermiş 7 əməkdaşın xidmətdən xaric edildiyini, 16 əməkdaşın tutduğu vəzifədən azad olunduğunu, daha 21 əməkdaşa başqa növ intizam tənbehlərinin verildiyini qeyd edib.
Nazir bütün ərazi polis orqanlarının rəislərindən insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətin, xüsusən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasını tələb edib, onlara qarşı kobudluğun, hər hansı formada pis rəftarın yolverilməzliyini, qanundankənar davranışın ciddi məsuliyyət doğuracağını, normativ-hüquqi aktların tələblərinə dönmədən riayət olunmasının vacibliyini xatırladıb, bu istiqamətlərdə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb.
Bütövlükdə Daxili İşlər Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini, qarşılıqlı əlaqələrin gələcəkdə də konstruktiv şəkildə həyata keçiriləcəyini ifadə edib. 

General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğıya, şəxsi heyətinin fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada asayişin, təhlükəsizliyin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzifələr bundan sonra da böyük əzm və qətiyyətlə davam etdiriləcəkdir.

DİN_00007_2_2