Azərbaycan Respublikası Baş Prokurorluğunun, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin məlumatı
03.03.2005
|
2005-ci il martın 2-də, saat 21.00 radələrində, «Monitor» jurnalının baş redaktoru, 1967-ci il təvəllüdlü Elmar Hüseynov yaşadığı Bakı şəhəri, Nizami rayonu Qara Qarayev küçəsi 39 nömrəli evin üçüncü mərtəbəsində odlu silahdan açılmış atəş nəticəsində qətlə yetirilmişdir. Hadisə yerinə dərhal Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, eləcə də paytaxtın hüquq mühafizə orqanlarının rəhbərliyi çıxmış, istintaq-əməliyyat qrupu göndərilmişdir. Qəsdən adam öldürmə faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228-ci (xüsusi amansızlıqla qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmış, Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmışdır. İş üzrə məhkəmə-tibb, məhkəmə-ballistik, məhkəmə-trasoloji və digər ekspertizalar təyin edilmiş, təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hadisə yerindən təxminən 150 metr aralıda səsboğucusu olan «PSM» markalı tapança götürülmüşdür. Hüquq mühafizə orqanlarının əməkdaşları və istintaq-əməliyyat qrupu üzvlərinin iştirakı ilə təcili olaraq Nizami rayon polis idarəsində keçirilən əməliyyat müşavirəsində Daxili İşlər Naziri və Baş Prokuror tərəfindən əməliyyat və istintaq hərəkətlərinin icrası ilə əlaqədar qrupun ilkin hesabatı dinlənilmiş, bütün fərziyyələrin araşdırılması barədə tapşırıq verilmişdir. Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri bəyan edir ki, törədilmə səbəblərindən asılı olmayaraq Elmar Hüseynovun qətlindən müxtəlif siyasi niyyətlərlə, o cümlədən ictimai-siyasi vəziyyəti gərginləşdirmək və qəsdən qarşıdurma yaratmaq məqsədilə istifadə edilməsi cəhdləri qətiyyən yolverilməzdir. Bu ağır cinayət barədə məlumatlandırılmış Dövlət Başçısı qətl hadisəsinin tezliklə açılması və əməliyyat şəraitinə nəzarətin daha da gücləndirilməsinə dair müvafiq göstərişlər vermişdir. İstintaqın gedişi xüsusi nəzarətdə saxlanılır. Elmar Hüseynovun qətli ilə bağlı görülən işlərin nəticələri haqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir. | ||
|