Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məlumatı
16.02.2005
|
Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan bir qrup məhkum müxtəlif tələblər irəli sürməklə, 15 fevral 2005-ci il tarixdə itaətsizliklə müşayiət olunan davamlı etiraz aksiyası keçirmişdir. Bununla əlaqədar zəruri təhlükəsizlik tədbirləri görülmüş, eyni zamanda hadisənin səbəblərinin araşdırılması məqsədilə ədliyyə nazirinin sərəncamına əsasən müvafiq Komissiya yaradılmışdır. Komissiya tərəfindən insan hüquqları üzrə müvəkkil (ombudsman), qeyri-hökumət təşkilatlarının nümayəndələri və məhkumların yaxın qohumları cəlb edilərək qanunsuz aksiya iştirakçıları ilə dəfələrlə müvafiq söhbətlər aparılmış, onlar daxili rejim qaydalarına əməl olunmasına, qanunsuz hərəkətlərin dayandırılmasına dəvət edilmişlər. Lakin bu çağırışlar heç bir nəticə verməmiş, əksinə, etiraz aksiyası keçirən məhkumlar müəssisədə özbaşınalıq və qanunsuzluq mühitinin yaradılması məqsədilə saxlanma qaydalarına zidd olan əsassız tələblər irəli sürmüş, müxtəlif əşyalarla silahlanmış, digər məhkumlara fiziki və psixoloji təsir göstərməklə onları da itaətsizliyə və öz sıralarına qoşulmağa məcbur etmişlər. Həmin məhkumlar aksiyanın digər cəzaçəkmə müəssisələrinə də keçməsinə, penitensiar sistemin fəaliyyətinin pozulmasına, müəssisədə yanğınlar törədilməsinə cəhdlər göstərmişlər. Bununla əlaqədar səsgücləndirici vasitələrdən istifadə etməklə onlara dəfələrlə rəsmi xəbərdarlıq edilmiş və qanunsuz əməllərdən çəkinməyəcəkləri halda asayişin bərpası üçün qanunvericiliyə uyğun olaraq fiziki qüvvə və xüsusi vasitələrin tətbiq ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, iğtişaş iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmayıb daha da azğınlaşmış, əldə etdikləri metal parçaları, kəsici-deşici əşyalarla digər məhkumların, habelə müəssisə əməkdaşlarının həyat və sağlamlığı üçün real təhlükə yaratmışlar. Mövcud vəziyyətlə əlaqədar ədliyyə və daxili işlər nazirliklərinin xüsusi qüvvələri tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada fiziki qüvvə və xüsusi vasitələr tətbiq edilməklə əməliyyat keçirilmiş, görülmüş zəruri tədbirlər nəticəsində cəzaçəkmə müəssisəsinin normal fəaliyyəti və daxili asayiş heç bir itki olmadan tam bərpa edilmişdir. 11 saylı cəzaçəkmə müəssisəsində iğtişaş törədilməsi və müəssisənin normal fəaliyyətinin pozulması faktları üzrə Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılmışdır. Hadisənin təşkilatçılarının və fəal iştirakçılarının məsuliyyətə cəlb edilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Ölkənin hüquq-mühafizə orqanları respublika ictimaiyyətini əmin edir ki, cəzaçəkmə müəssisələrinin cinayətkar ünsürlərin təsiri, müdaxiləsi - "oğru qanunları" ilə idarə olunmasına edilən hər bir cəhdin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. | ||
|