"İnsan alverinə qarşı mübarizı haqqında"
Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi
barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanunun 15.5-ci maddəsində nəzərdə tutulmuş insan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanunun 22.3-cü maddəsində nəzərdə tutulmuş insan alveri qurbanlarına kömək fondunun fəaliyyətinin hüquqi əsaslarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.8. öz səlahiyyətləri daxilində “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində və 7.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 9.5-ci maddəsində ikinci halda, 10.3-cü maddəsində, 12.3-cü maddəsində, 15.5-ci maddəsində, 17.2-ci maddəsində, 20.4-1-ci maddəsində və 22.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 7.1-ci maddəsində, 9.1-ci maddəsində və 19.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;
2.5. həmin Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir;
2.6. həmin Qanunun 9.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi həyata keçirirlər;
2.7. həmin Qanunun 9.5-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
2.8. həmin Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
2.9. həmin Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
2.10. həmin Qanunun 20.1-ci, 20.2-ci maddələrində və 20.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.