2024-cü ilin 1-ci yarımili üzrə təhlil
2024-cü ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlil
Respublikada cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fəaliyyət 2024-cü ilin I yarımilində də məqsədyönlü şəkildə həyata keçirilmiş, vətəndaşların təhlükəsizliyi etibarlı qorunmuş, kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat ilində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 18.518 cinayət qeydə alınmışdır. Onların 38,2%-i (7.078-i) iqtisadi sahədə cinayətlər, 43%-i (7.966-ı) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 15,2%-i (2.820-i) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin 85,4%-ni (15.819-u) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir.
2023-cü ilin 6 ayı ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurmalar 17,5% (-25), oğurluqlar 38,9% (-1444), soyğunçuluqlar 41,3% (-45), quldurluqlar 10,3% (-4), narkotik vasitələrlə bağlı cinayətlər 3,3% (-192), ekoloji cinayətlər 14,4% (-24) azalmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 17.492 cinayətin 90,7%-nin açılması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərin 88,6%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 86,8%-i, şəxsiyyət əleyhinə olanların 99,1%-i, onlardan qəsdən adam öldürmələrin 95,3%-i, adam öldürməyə cəhdlərin hamısı, qəsdən sağlamlığa ağır zərər vurmaların 99,3%-i, mülkiyyət əleyhinə cinayətlərin 83,1%-i, o cümlədən oğurluqların 71,7%-i, dələduzluqların 92,2%-i, soyğunçuluqların 98,5%-i, quldurluqların 96,9%-i, hədə-qorxu ilə tələb etmələrin 96,3%-i, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin hamısı, habelə xuliqanlıqların 97,9%-i açılmışdır.
Keçmiş illərdən bağlı qalmış 246, “isti izlərlə” 1.889 cinayət açılmışdır. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 2% yaxşılaşaraq 79% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 76 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 35 nəfərin yeri müəyyən olunmuşdur.
Bütövlükdə müxtəlif cinayətlərə görə 8.815, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 179 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 119 kriminal qrup zərərsizləşdirilmişdir.
Qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 296 ton 437 kq (+153 ton 437 kq) olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.
Paytaxt – Bakı şəhəri
2024-cü ilin 6 ayında paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmişdir.
Daxili işlər və prokurorluq orqanları üzrə respublikada qeydə alınmış 17.492 cinayətin 8.011-i və ya 45,8%-i Bakı şəhəri üzrə olmuş, açılması 88,6% təşkil etmişdir. Həmin cinayətlərin 83,1%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 16,9 %-i ağır və xüsusilə ağır növlərdir.
2023-cü ilin 6 ayı ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurmalar 10%, qəsdən sağlamlığa az ağır zərər vurmalar 13,8%, oğurluqlar 45,2%, soyğunçuluqlar 37,1%, quldurluqlar 24%, avtonəqliyyatın qaçırılması 2,7%, korrupsiya ilə bağlı cinayətlər 42,5% azalmışdır.
Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 85,1%-i, şəxsiyyət əleyhinə olanların 99,3%-i, onlardan qəsdən adam öldürmələrin 96%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,4%-i, zorlama cinayətlərinin hamısı açılmışdır.
Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalmış 92, o cümlədən 28 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmiş, belə növ hüquqazidd əməllərə görə axtarışda olan 275 təqsirləndirilən şəxs tutulmuşdur.
Əcnəbilərə qarşı törədilən cinayətlər açılması yüksək olmaqla 84,2% təşkil etmişdir.