2023-cü ilin 1-ci yarımili üzrə təhlil
2023-cü ilin 1-ci yarımilliyində cinayətkarlığa qarşı mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə dair təhlil
Respublikada cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fəaliyyət 2023-cü ilin I yarımilində də məqsədyönlü şəkildə həyata keçirilmiş, vətəndaşların təhlükəsizliyi etibarlı qorunmuş, kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat ilində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 19.533 cinayət qeydə alınmışdır. Onların 40,9%-i (7.982-i) iqtisadi fəaliyyət sahəsinə aid, 41,6%-i (8.120-i) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 13,8%-i (2.691-i) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir. Cinayətlərin 82,6%-i (16.145-i) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir.
2022-ci ilin 6 ayı ilə müqayisədə qəsdən adam öldürmə 15,4% (-14), oğurluq 1,7% (-65), soyğunçuluq 8,4% (-10), quldurluq 25% (-13), xuliqanlıq 16,6% (-53), ekoloji cinayətlər 26,1% (-59) azalmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 18.661 cinayətin 90%-nin açılması təmin edilmişdir. Ağır və xüsusilə ağır cinayətlərin 90%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 85,7%-i, şəxsiyyət əleyhinə olanların 97,8%-i, onlardan qəsdən adam öldürmələrin 97,5%-i, adam öldürməyə cəhdlərin 97,1%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 96,6%-i, mülkiyyət əleyhinə olanların 81,3%-i, o cümlədən oğurluqların 72,4%-i, dələduzluqların 92,1%-i, soyğunçuluqların 95,8%-i, quldurluqların 95,1%-i, hədə-qorxu ilə tələb etmələrin 97,1%-i, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin 87%-i, habelə xuliqanlıqların 92,1%-i açılmışdır.
Keçmiş illərdən bağlı qalmış 258, "isti izlərlə" 837 cinayət açılmışdır. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 2,9% yaxşılaşaraq 77% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 65 (+19) şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 25 (+8) nəfərin yeri müəyyən olunmuşdur.
Bütövlükdə müxtəlif cinayətlərə görə 9.723, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 129 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 115 kriminal qrup zərərsizləşdirilmişdir.
Qeyri-leqal dövriyyədən 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 946 kq çox və ya 2 ton 921 kiloqram narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 143 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir.
Paytaxt – Bakı şəhəri
2023-cü ilin 6 ayında da paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmişdir.
Daxili işlər və prokurorluq orqanları üzrə respublikada qeydə alınmış 18.661 cinayətin 8.552-i və ya 45,8%-i Bakı şəhəri üzrə olmuş, açılması 88,5% təşkil etmişdir. Həmin cinayətlərin 80,4%-i az ağır və böyük ictimai təhlükə törətməyən,
19,6 %-i ağır və xüsusilə ağır növlərdir.
2022-ci ilin 6 ayı ilə müqayisədə qəsdən adam öldürmə 17,9%, seksual xarakterli zorakılıq hərəkətləri 44,4%, oğurluq 5,5%, soyğunçuluq 18,4%, quldurluq 16,7%, xuliqanlıq 27,9%, narkotik vasitələrlə bağlı cinayətlər 2,1%, insan alveri cinayətləri 13,6% azalmışdır.
Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 84,3%-i, şəxsiyyət əleyhinə olanların 97,3%-i, onlardan qəsdən adam öldürmələrin 100%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 97,6%-i, zorlama cinayətlərinin 83,3%-i açılmışdır.
Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalmış 114, o cümlədən 15 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmiş, həmin hüquqazidd əməllərə görə 181 təqsirləndirilən şəxs tutulmuşdur.
Əcnəbilərə qarşı törədilən cinayətlər açılması yüksək olmaqla 80% təşkil etmişdir.
Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi