2021-ci ilin yekun təhlili
Respublikada cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fəaliyyət 2021-ci ildə də məqsədyönlü şəkildə həyata keçirilmiş, vətəndaşların təhlükəsizliyi etibarlı qorunmuş, kriminogen durum nəzarətdə saxlanılmışdır.
Hesabat ilində əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 31.131 cinayət qeydə alınmışdır. Onların 37,6%-i (11.032-i) iqtisadi fəaliyyət sahəsinə aid, 40,8%-i (11.965-i) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 18,3%-i (5.372-i) şəxsiyyət əleyhinə olan və s. hüquqazidd əməllərdir.
Cinayətlərin 84%-ni (24655-ni) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmiş, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 307 fakt olmuşdur.
Şəxsiyyət əleyhinə olan cinayətlər 4,3%, o cümlədən qəsdən adam öldürmələr 13%, qəsdən sağlamlığa az ağır zərər vurmalar 2,7%, oğurluqlar 3,3%, onlardan mənzillərdən edilənlər 14%, soyğunçuluqlar 26%, avtonəqliyyat vasitəsinin qaçırılması 0,7%, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər 31%, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 21,4% azalmışdır.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 29.327 cinayətin 88,9%-nin (+3,4%) açılması təmin edilmişdir.
Ağır və xüsusilə ağır cinayətlərin 83%-i, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4%-i, şəxsiyyət əleyhinə olanların 98%-i, onlardan qəsdən sağlamlığa ağır zərər vurmaların 98,2%-i, mülkiyyət əleyhinə olanların 80%-i, o cümlədən oğurluqların 72,3%-i, dələduzluqların 92,7%-i, soyğunçuluqların 90%-i, quldurluqların 92%-i, hədə-qorxu ilə tələb etmələrin 93,8%-i, avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin 92%-i, habelə xuliqanlıqların 96,7%-i açılmışdır.
Keçmiş illərdən bağlı qalmış 332, "isti izlərlə" 2.620 cinayət açılmış, 9.802 hüquqazidd əməlin qarşısı alınmışdır.
Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 2,3% yaxşılaşaraq 82,9% təşkil etmiş, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 57 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 46 nəfərin yeri müəyyən olunmuşdur.
Bütövlükdə müxtəlif cinayətlərə görə 16.647, o cümlədən qanunsuz odlu silah saxlayan və daşıyan 188 şəxs tutularaq məhkəmə məsuliyyətinə cəlb edilmiş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 268 kriminal qrup zərərsizləşdirilmişdir.
Qeyri-leqal dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox və ya 3 ton 45 kiloqram narkotik vasitə çıxarılmışdır. Ümumi çəkisi 175 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmiş, 866 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.
Paytaxt – Bakı şəhəri
2021-ci ildə də paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmişdir.
Daxili işlər və prokurorluq orqanları üzrə respublikada qeydə alınmış 29327 cinayətin 12761-i və ya 43,5%-i Bakı şəhəri üzrə olmuş, açılması 86,3% (+5.4%) təşkil etmişdir.
Həmin cinayətlərin 81,5%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 18,5%-i ağır və xüsusilə ağır növlərdir.
2020-ci illə müqayisədə qəsdən adam öldürməyə cəhdlər 21,7%, qəsdən sağlamlığa ağır zərər vurmalar 7%, oğurluqlar 13,6%, o cümlədən mənzillərdən edilənlər 24,8%, soyğunçuluqlar 38,3%, hədə-qorxu ilə tələb etmələr 4,3%, avtonəqliyyatı qaçırmalar 8,3% azalmışdır.
Qeyri-aşkar şəraitdə törədilən cinayətlərin 80,6%-i, şəxsiyyət əleyhinə olanların 97,3%-i, onlardan qəsdən adam öldürmələrin 98,3%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,6%-i açılmışdır.
Prokurorluq orqanları ilə birgə həyata keçirilən tədbirlərlə keçmiş illərdən bağlı qalmış 180, o cümlədən 38 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmiş, həmin hüquqazidd əməllərə görə 250 təqsirləndirilən şəxs tutulmuşdur.
Əcnəbilərə qarşı törədilən cinayətlər 6,8% azalmış, eyni zamanda açılması yüksək olmaqla 82% təşkil etmişdir.