Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Polisin etik davranış kodeksi

DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ ETİK DAVRANIŞ KODEKSİ

PREAMBULA

Azərbaycan Respublikasının daxili işlər orqanlarında fəaliyyətin məqsədyönlü təşkili və həyata keçirilməsi əməkdaşların şəxsi, mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət qurmaq bacarığından bilavasitə asılıdır.

Cəmiyyətin etibarı isə – saf mənəviyyat, xalqa və dövlətə sədaqətli xidmət, dürüstlük kimi mühüm keyfiyyətlər sayəsində əldə edilir.

Fəaliyyətin səmərəliliyi həm də insanların dəstəyi və inamı, əməkdaşların cəmiyyətə münasibəti və davranışı, ictimai asayişin və qanunçuluğun qorunmasındakı rolu, insan ləyaqətinə və fərdin əsas hüquq və azadlıqlarına hörməti ilə bağlı olduğundan daxili işlər orqanları əməkdaşlarının (bundan sonra - əməkdaşlar) Kodeksin tələblərinə riayət etməsi daxili işlər orqanlarının nüfuzunun yüksəldilməsinin zəruri şərtlərindən biridir.

Eyni zamanda, Kodeksin müddəalarına zidd hərəkət etmiş, maraqlar toqquşması və korrupsiya hallarına yol vermiş əməkdaşlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi onların şəffaflıq və hesabatlılıq mühitində xidmət göstərmələrinə şərait yaradır.

Qeyd edilənlər, eləcə də daxili işlər orqanlarının hüquq mühafizə sistemində mühüm rolu və əhəmiyyəti baxımından əməkdaşların etik davranış qaydalarının mövcudluğu zəruridir. Bu məqsədlə təkmilləşdirilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi” (bundan sonra - Kodeks) etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

 

FƏSİL 1. ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Kodeksin əhatə dairəsi və əsaslandığı normalar

1.1. Kodeks bütün əməkdaşlara şamil edilir.

1.2. Kodeks Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın tələblərinə, Avropa Şurası Parlament Assambleyasının 1979-cu il 8 may tarixli 31-ci sessiyasında qəbul edilmiş 690 (1979) nömrəli Qətnaməsinə və ona əlavə edilən “Polis haqqında Bəyannamə”yə, Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il 11 may tarixdə keçirilmiş 106-cı sessiyasında qəbul edilən R (2000) 10 nömrəli Tövsiyəyə və ona əlavə edilən “Dövlət məmurları üçün davranış kodeksi”nə, 2001-ci il 19 sentyabr tarixdə keçirilmiş nazir müavinlərinin 765-ci iclasında qəbul edilən Rec(2001)10 nömrəli Tövsiyəyə və ona əlavə edilən “Polis Etikasının Avropa Kodeksi”nə, Beynəlxalq Cinayət Polisi Təşkilatının (INTERPOL) polislər üçün müəyyən etdiyi əsas prinsip və standartlara, o cümlədən INTERPOL Baş Məclisinin 2001-ci il 24-28 sentyabrda keçirilmiş 70-ci sessiyasında qəbul edilən AG-2001-RES-04 nömrəli Qətnaməyə və ona əlavə edilən “Polis qüvvələrində (xidmətlərində) korrupsiyaya qarşı mübarizə üzrə qlobal standartlar”a əsaslanır.

Maddə 2. Kodeksə riayət etmək vəzifəsi

2.1. Əməkdaş fəaliyyəti dövründə polis andına sadiq olmalı, xidmət zamanı və xidmətdən kənar davranışını həmin anda və Kodeksə uyğun qurmalıdır.

2.2. Əməkdaş Kodeksin tələblərini öyrənməli və bu tələblərə əməl edəcəyi barədə üzərinə öhdəlik götürməlidir. Əməkdaş Kodekslə tanış olmadan və Kodeksin tələblərinə əməl edəcəyinə dair öhdəlik götürmədən xidməti fəaliyyətə başlaya bilməz. Kodeksin tələblərinə əməl edilməsinə dair öhdəlik daxili işlər orqanları əməkdaşının şəxsi işinə əlavə edilir.

2.3. Əməkdaşlar ildə bir dəfədən az olmayaraq Kodeksin müddəalarına, o cümlədən dürüstlük, maraqlar toqquşması və korrupsiyaya qarşı mübarizəyə dair təlimlərə cəlb edilir. Təlimlərdə dürüstlük, maraqlar toqquşması və korrupsiyaya qarşı mübarizəyə dair məsələlərin nəzəri-hüquqi əsasları və konkret təcrübi misallara istinad edilməklə praktikada tətbiqi imkanları tədris olunur, etik dilemmalar nəzərdən keçirilir.

Maddə 3. Kodeksin məqsədləri

3.1. Kodeksin məqsədləri aşağıdakılardan ibarətdir:

3.1.1. dürüstlüklə bağlı standartların və əməkdaşların riayət etməli olduğu etik prinsip və normaların müəyyən edilməsi;

3.1.2. əməkdaşlar tərəfindən etik davranış normalarına əməl olunmasının təmin edilməsi;

3.1.3. daxili işlər orqanlarının nüfuzunun artırılması, cəmiyyətin daxili işlər orqanlarına və əməkdaşlara etimadının yüksəldilməsi;

3.1.4. daxili işlər orqanlarının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;

3.1.5. daxili işlər orqanlarında korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması;

3.1.6. əməkdaşların fəaliyyətinin cəmiyyətin gözləntilərinə uyğun qurulması;

3.1.7. əməkdaşlar tərəfindən Kodeksin müddəalarına əməl edilməsinin vəziyyəti barədə cəmiyyətin məlumatlandırılması və hesabatlılığın yüksəldilməsi.

FƏSİL 2. ETİK DAVRANIŞIN ÜMUMİ PRİNSİPLƏRİ

Maddə 4. İnsan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipi

4.1. Əməkdaş tərəfindən şəxsin hüquq və azadlığı yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında nəzərdə tutulmuş əsaslarla məhdudlaşdırıla bilər. Hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda əməkdaş məhdudlaşdırmanın əsaslarını və səbəblərini, bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir.

4.2. Əməkdaşın fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Əməkdaş tərəfindən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verilməməlidir.

4.3. Əməkdaş xidməti vəzifəsini yerinə yetirərkən cəsur, qorxmaz və qətiyyətli olmalı, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalı, yaşamaq hüququnun müddəalarına hörmət etməlidir. Əməkdaş hər kəsi hüquqazidd əməllərdən və zorakılıqdan müdafiə etməli, təhlükəli şəraitdə olanları, xüsusilə qadın, uşaq, qoca, xəstə və əlilliyi olan şəxsləri köməksiz vəziyyətdə qoymamalıdır.

4.4. Əməkdaşın hər hansı şəxslə insan ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhəli bilinən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təzyiq göstərmək qadağandır. Əməkdaş belə rəftar və ya cəzanı nəzərdə tutan əmr, sərəncam, göstəriş və ya tapşırığa tabe olmamaq öhdəliyi daşıyır.

4.5. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, əməkdaş xidməti vəzifələrin icrası ilə bağlı fiziki şəxslərin şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.

4.6. Əməkdaş hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətə və ya hərəkətsizliyə yol verməməlidir.

4.7. Əməkdaş xidməti vəzifələrini icra edərkən hər kəsin fikir, vicdan, din, ifadə azadlığı, dinc toplaşmaq, hərəkət etmək və mülkiyyətdən istifadə etmək kimi əsas hüquqlarını həmişə nəzərə almalıdır.

4.8. Əməkdaş cəmiyyətə qarşı hörmətlə davranmalı, xidməti vəzifələrini icra edərkən həssas qruplara aid olan şəxslərin vəziyyətini nəzərə almalıdır.

4.9. Şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri əməkdaş tərəfindən pozulduqda daxili işlər orqanları həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur. Əməkdaşların qanunazidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

Maddə 5. Qanunçuluq prinsipi

5.1. Hər bir əməkdaş Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər hüquqi aktlarına və bu Kodeksin tələblərinə riayət etməlidir.

5.2. Əməkdaş səlahiyyətindən yalnız qanun çərçivəsində istifadə etməli, cinayət və digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalıdır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilən qaydada fiziki qüvvə, xüsusi vasitə və odlu silah  tətbiq etmək zərurəti yarandıqda səlahiyyət həddini aşmamalı, adekvat tədbir seçməyi bacarmalıdır. Zərurət yarandıqda “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada qanuni  məqsədə çatmaq üçün əməkdaş fiziki qüvvə, xüsusi vasitə və odlu silahı yaranmış təhlükəyə mütənasib tətbiq etməlidir.

Maddə 6. Hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsipi

6.1. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir.

6.2. Əməkdaş tərəfindən insan və vətəndaş hüquqlarını və azadlıqlarını Kodeksin 6.1-ci maddəsində nəzərdə tutulan əsaslara görə məhdudlaşdırmaq qadağandır.

Maddə 7. Qərəzsizlik və faktlara əsaslanma prinsipi

7.1. Əməkdaş xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul  edərkən faktlara əsaslanmalı, ədalətli və qərəzsiz olmalı, özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələri yerinə yetirməsinə təsir etməsinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

7.2. Əməkdaş xidməti fəaliyyətdə obyektivliyi və qərəzsizliyi təmin etmək üçün qanunla nəzərdə tutulmuş müvafiq hallar mövcud olduqda özünün prosesdən kənarlaşdırılması barədə müəyyən edilmiş qaydada məsələ qaldırmalıdır.

Maddə 8. Siyasi bitərəflik prinsipi

8.1. Əməkdaş heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta, siyasi fəaliyyətlə məşğul ola bilməz.

8.2. Əməkdaş hər hansı siyasi partiyanın və ya təşkilatın üzvü olmamalı, siyasi partiyalara maddi və ya hər hansı digər şəkildə dəstək verməməlidir.

8.3. Əməkdaşa ictimai və siyasi birliklərin struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

8.4. Əməkdaş qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ayrı-ayrı fiziki və hüquqi şəxslərin, ictimai birliklərin maraqları dairəsində fəaliyyət göstərməməli, vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən sui-istifadə etməməlidir.

Maddə 9. İctimai etimad prinsipi

9.1. Əməkdaş daxili işlər orqanlarının və daxili işlər orqanlarında xidmətin nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

9.2. Əməkdaş xidməti fəaliyyətində şəxsi maraqlarını cəmiyyətin və peşəsinin mənafelərindən üstün tutmamalıdır.

9.3 Əməkdaş xidməti fəaliyyəti ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə daxili işlər orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.

9.4. Əməkdaş etik davranış normalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

9.5. Əməkdaş sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda, xüsusi geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən həddini bilməli, özünü idarə etməyi bacarmalı, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirməyə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır.

9.6. Əməkdaş cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nikahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir.

9.7. Əməkdaş xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, özünün xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir.

Maddə 10. Vicdanlılıq prinsipi

10.1. Əməkdaşlar şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə xidməti vəzifələrini səmərəli və vicdanla yerinə yetirməyə borcludur. Əməkdaş xidməti vəzifələrini yerinə yetirərkən bilik və bacarıqlarından tam istifadə etməlidir.

10.2. Əməkdaşlar bütün hallarda cəmiyyət üçün vicdanlılıq və dürüstlük nümunəsi olmalı, xidməti və xidmətdənkənar vaxtlarda hamılıqla qəbul olunmuş əxlaq, sosial və ailə-məişət dəyərlərinə riayət etməli, Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericiliklə müəyyən edilmiş vəzifə və öhdəlikləri lazımi səviyyədə icra etməlidir.

Maddə 11. Mədəni davranış prinsipi

Əməkdaş bütün şəxslər, o cümlədən bilavasitə və yuxarı rəhbəri, tabeliyində olan şəxslər və iş kollektivinin üzvləri ilə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır.

Maddə 12. Loyallıq prinsipi

12.1. Əməkdaş onun xidməti vəzifəsinə aid olmadığı hallarda digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.

12.2. Əməkdaş açıq çıxışlarla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir.

FƏSİL 3. XİDMƏTİ DAVRANIŞ İLƏ BAĞLI TƏLƏBLƏR

Maddə 13. Xidməti davranış və xidməti intizam

13.1. Əməkdaşın xidməti davranışı qanunvericiliklə ona həvalə edilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olan fəaliyyətidir.

13.2. Əməkdaş iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir.

13.3. Əməkdaş birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə iş vaxtının olub-olmamasından asılı olmayaraq çağırışsız xidmət yerinə gəlməlidir. Yaşayış yeri və anket məlumatlarında dəyişikliklər baş verdikdə, bu haqda dərhal xidmət etdiyi orqanın rəisini məlumatlandırmalıdır. Müəyyən edilmiş qaydada icazə almadan yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyəti keçirəcəyi yeri bildirməlidir.

13.4. Əməkdaş yaxın qohumunun məhkum olması ona məlum olduğu vaxtdan bir ay müddətində xidmət etdiyi orqanın rəhbərliyinə məlumat verməlidir.

Maddə 14. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

14.1. Əməkdaş fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıqla yerinə yetirməyə borcludur.

14.2. Əməkdaş üçün ixtisasını artırmaq – onun xidməti borcu, işçilərinin nəzəri biliklərinin və peşə hazırlığını artırmaq üçün tədbirlər görmək – rəhbər vəzifəli şəxslərin xidməti vəzifəsidir.

14.3. Əməkdaş öz xidmət sahəsi üzrə fiziki və hüquqi şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrinə, həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş    insan hüquq və azadlıqlarına dair prinsip və normalara yaxından bələd olmalı, ümumi və hüquqi biliklərini, nəzəri və peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləməli və milli qanunvericilikdə olan yenilikləri izləməlidir.

14.4. Əməkdaş özünə qarşı tələbkar olmalı, üzərinə düşən vəzifələri vaxtında və vicdanla yerinə yetirməli, süründürməçilik hallarına yol verməməli, peşəkarlığının, təhsilinin və ümumi intellektual səviyyəsinin artırılması üçün mütəmadi olaraq öz üzərində çalışmalı, bilik və təcrübəsini, xidməti ənənələri gənc əməkdaşlara aşılamalıdır.

Maddə 15. Zorakılıq və qısnama təzahürlərinin yolverilməzliyi

15.1. Xidməti və ya xidmətdənkənar münasibətlərdən asılı olmayaraq əməkdaş tərəfindən zorakılıq və qısnama təzahürlərinə yol verilməsi qadağandır.

15.2. Əməkdaş xidməti münasibətlərdə olan işçini, həmçinin xidməti və xidmətdənkənar fəaliyyəti ilə əlaqədar digər şəxsləri alçaldan və təhqir edən hər hansı hərəkət və ya hərəkətsizliyə, seksual qısnamaya, cinsi mənsubiyyətdən irəli gələn ayrı-seçkiliyə məruz qoymamalı, ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışa yol verməməlidir.

15.3. Əməkdaş ona qarşı yol verilmiş zorakılıq və qısnama təzahürləri, eləcə də narahatlıq doğuran digər hallar barədə bilavasitə rəhbərinə, bilavasitə rəhbər tərəfindən müvafiq tədbir görülmədikdə aidiyyəti üzrə yuxarı və ya digər rəhbərə yazılı və ya şifahi qaydada müraciət edə bilər.

15.4. Seksual qısnamaya, habelə zorakılıq və qısnamanın digər təzahürlərinə, eləcə də narahatlıq doğuran başqa hallara görə şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına yol verilməməlidir.

Maddə 16. Əmlakdan istifadə

16.1. Əməkdaş istifadəsində olan əmlakdan, o cümlədən maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

16.2. Əməkdaş xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməli, dövlət əmlakından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməli, istifadəsində olan xidməti silahın və xidməti vəsiqənin saxlanması və gəzdirilməsində məsuliyyətli olmalıdır.

Maddə 17. Məlumatlardan istifadə

17.1. Əməkdaş xidməti vəzifələrin icrası ilə əlaqədar ona məlum olan sirləri və xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatları yaymamalı, funksiyalarının icrası ilə əlaqədar olmayan digər məqsədlər, o cümlədən şəxsi məqsədlər üçün istifadə etməməli, paylaşmamalı, belə məlumatların həm xidmət müddətində, həm də xidmətdən sonrakı dövrdə özü və ya üçüncü şəxslər tərəfindən istifadəsinə şərait yaratmamalıdır. Xidmətdən xaric olunmuş sabiq polis əməkdaşlarından həmin məlumatların yayılmamasına görə iltizam alınır (1 nömrəli əlavə).  Əməkdaş insanların şəxsi həyatına, şərəf və ləyaqətinə toxunan məlumatları gizli saxlamağa borcludur.

17.2. Əməkdaş xidməti informasiyanın təqdim edilməsi üzrə Nazirlik tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Qanunla nəzərdə tutulmuş hallarda ictimaiyyətə açıqlana bilən hallar istisna olmaqla özünün xidməti fəaliyyəti və Nazirliyin fəaliyyəti ilə əlaqədar olan məlumatları birbaşa rəisinin və ya Nazirliyin rəhbərliyinin icazəsi olmadan digər şəxslərə verməməlidir.

17.3. Əməkdaş xidməti informasiyanın təqdim edilməsi ilə bağlı daxili işlər orqanlarında müəyyən olunmuş qaydalarına riayət etməlidir.

17.4. Qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək, qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək qadağandır.

Maddə 18. Digər əməkdaşlar ilə münasibətlərin xüsusiyyətləri

18.1. Əməkdaş daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq, qarşılıqlı yardım, cəsurluq, təmənnasızlıq, alicənablılıq, fədakarlıq, xidməti borca sədaqət, peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir.

18.2. Əməkdaş həmkarları ilə qarşılıqlı hörmət və yardıma söykənən münasibət qurmalı, bir-birinə qarşı münaqişəli və ya qərəzli münasibət təzahürlərindən çəkinməli, bütün səylərini xidməti vəzifələrin icrasına yönəltməlidir.

18.3. Əməkdaşın həmkarlarının işindəki nöqsanlara münasibəti obyektiv yanaşmanı əks etdirməli, hörmət, dözümlülük, təmkinlilik və nəzakətliliyi ehtiva etməlidir.

18.4. Əməkdaş həmkarlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsini dəstəkləməli, buna maneə yaratmamalıdır.

18.5. Əməkdaş rəhbərliklə münasibətlərində subordinasiyaya, bilavasitə və yuxarı rəhbərinə qarşı münasibətdə tabelik qaydalarına dönmədən riayət etməli, tabeliyində olan işçilərə qarşı nəzakətli və diqqətli olmalı, vəzifə səlahiyyətlərindən irəli gələn üstünlüyünü nümayiş etdirməməli, onları Kodeksin 6.1-ci maddəsində nəzərdə tutulan əsaslara, habelə tutduğu vəzifəyə görə fərqləndirməməlidir.

Maddə 19. Qərar, əmr, sərəncam, göstəriş və ya tapşırıqların yerinə yetirilməsi

19.1. Əməkdaş bilavasitə və ya yuxarı rəhbərin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı qərarı, əmri, sərəncamı, göstərişi və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.

19.2. Əməkdaş bilavasitə və ya yuxarı rəhbər tərəfindən ona verilən qərar, əmr, sərəncam, göstəriş və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı bilavasitə və ya yuxarı rəhbərinə təqdim etməlidir. Bu halda yuxarı rəhbər onun dəlilləri ilə razılaşır və bilavasitə rəhbərin yazılı qərar, əmr, sərəncam, göstəriş və ya tapşırığını ləğv edir və ya onun dəlilləri ilə razılaşmayaraq dəyişdirmədən saxlayır. Bilavasitə rəhbərin qərar, əmr, sərəncam, göstəriş və ya tapşırıqlarına edilən etiraz onların icrasını dayandırmır.

19.3. Birbaşa və ya yuxarı rəhbərin qanuna uyğun olan və səlahiyyətləri daxilində verdiyi qərar, əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Qanunsuz qərar, əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməməsi məsuliyyət yaratmır.

Maddə 20. Prokurorluq orqanları, məhkəmə və vəkillərlə münasibətlərin xüsusiyyətləri

20.1. Əməkdaş prokurorluq orqanları, məhkəmə və vəkillərlə qanunvericiliklə müəyyən edilmiş hədlərdə və qaydada prosessual münasibətlər qurur.

20.2. Hakimlərin müstəqilliyi və onların yalnız qanuna tabe olması prinsipi nəzərə alınmalı, prokurorların və hakimlərin fəaliyyətinə təsir göstərilməsinə yol verilməməlidir.

20.3. Əməkdaş tərəfindən vəsatət verilməsi və ya qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi halları istisna olmaqla, prokuror və məhkəmənin qərarlarının və hərəkətlərinin qanuniliyi və əsaslılığı şübhə altına alınmamalı, onların icrasına mane olunmamalıdır.

20.4. Əməkdaş cinayət mühakimə icraatında və inzibati xətalar üzrə  icraatda müdafiəçilərin roluna hörmətlə yanaşmalı və qanunla nəzərdə tutulmuş hallarda, xüsusən tutulmuş və ya həbs edilmiş şəxslərlə bağlı səmərəli hüquqi yardım almaq hüququnun təmin edilməsinə köməklik göstərməlidir.

20.5. Əməkdaş prosessual fəaliyyəti həyata keçirərkən proses iştirakçıları ilə etik qaydalar çərçivəsində münasibət qurmalı, dürüstlük və təmkin nümayiş etdirməli, nitq mədəniyyətinə riayət etməlidir.

Maddə 21. Digər dövlət orqanları (qurumları) ilə münasibətlərin xüsusiyyətləri

21.1. Əməkdaş digər dövlət orqanları (qurumları) ilə qanunvericiliklə müəyyən edilmiş hüquqlar, vəzifələr və səlahiyyətlər çərçivəsində münasibət yaratmalı, dövlətin hüquq mühafizə siyasətinin effektli və ədalətli təmini sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq mühafizə və digər dövlət orqanları ilə səmərəli əməkdaşlığı təmin etməlidir.

21.2. Əməkdaş digər dövlət orqanlarının (qurumlarının) əməkdaşları ilə qarşılıqlı münasibətlərdə qanunun tələblərinə əsaslanmaqla səriştəli, nəzakətli, tələbkar və prinsipial olmalıdır.

21.3. Əməkdaş digər dövlət orqanları (qurumları) ilə münasibətlər zamanı qanunvericiliklə ona verilmiş imtiyaz və səlahiyyətləri nümayiş etdirməməli, əməkdaşlıqdan şəxsi məqsədləri üçün istifadə etməməlidir.

Maddə 22. Media ilə münasibətlərin xüsusiyyətləri

22.1. Əməkdaş medianın daxili işlər orqanlarının fəaliyyətini işıqlandırmaq istəyinə rəğbətlə yanaşmalı, media subyektlərinin dürüst və obyektiv məlumat almaq hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsinə mane olmamalıdır.

22.2. Əməkdaşın mediada işıqlandırdığı rəsmi (yazılı və şifahi) çıxışlarındakı məlumatlar daxili işlər orqanlarının rəsmi mövqeyi hesab edildiyindən etibarlı və balanslaşdırılmış olmalı, müzakirələr hüquq normalarına xələl gətirmədən aparılmalıdır. Mediada çıxışlar yalnız Nazirliyin Mətbuat Xidməti ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Çıxışlar azərbaycan dilinin leksik, qrammatik və fonetik normalarına (aydın, səlis və lakonik) uyğun olmalıdır.

22.3. Əməkdaş mediada çıxış edərkən aşağıdakı qaydalara riayət etməlidir:

22.3.1. onun səlahiyyətinə aid olmayan məsələlərlə bağlı rəsmi açıqlamalardan, mühakimələrdən və qiymətləndirmələrdən çəkinməli, qanunvericiliklə müəyyən edilmiş qaydada əmlak və digər məxfi məlumatların verilməsinə dair tələblərə riayət etməli, konfidensial məlumatların açıqlanması ilə nəticələnə biləcək hallara yol verməməlidir;

22.3.2. maraqlar toqquşmasına səbəb olacaq, siyasi, dini, irqi, milli, etnik, cinsi, sosial düşmənçilik və ya ədavətin, nifrət və ya ayrı-seçkilik, psixi və ya fiziki zorakılıq, seksual, alçaldıcı elementləri olan, özləri, habelə digər şəxslər tərəfindən qəbul edilən qərarlara təsir edə bilən, xidməti vəzifələrin qərəzli icra edilməsi təəssüratı yaradan ifadə və reaksiyalara yol verməməlidir;

22.3.3. təqsirsizlik prezumpsiyasının tələblərinə riayət olunmasını təmin etməlidir;

22.3.4. mediada etdiyi yazılı və ya şifahi çıxışın ciddi potensial nəticələr yaratma imkanını nəzərə almalı, sözlərinin məzmununu və məlumatların mətnini düzgün seçməli, peşəkarlığını qoruyub saxlamalıdır.

Maddə 23. Fiziki şəxslərlə münasibətlərin xüsusiyyətləri

23.1. Əməkdaş fiziki şəxslərlə ünsiyyət zamanı dövlətin hüquq mühafizə fəaliyyətinə və daxili işlər orqanlarına olan inamının artırılmasına çalışmalıdır.

23.2. Əməkdaş daxili işlər orqanlarının icraatında olan işlər üzrə proses iştirakçıları ilə qanunla nəzərdə tutulmayan qeyri-prosessual münasibətlər yaratmamalı, icraatında olan işlərin məqbul və ya qeyri-məqbul həllinə dair maraqlı şəxslərə vədlər verməməlidir.

23.3. Əməkdaş qanunvericiliklə nəzərdə tutulmuş hallar və ya xidməti zərurət istisna olmaqla, xidməti vəzifələrin icrası ilə əlaqədar fiziki şəxslərlə daxili işlər orqanlarının inzibati binalarında ünsiyyət qurmağa üstünlük verməlidir.

23.4. Əməkdaş müraciətçilərin qəbulu zamanı qanunamüvafiq şəkildə problemin həlli yolunu izah etməlidir.

23.5. Əməkdaş daxili işlər orqanları və ictimaiyyət arasında əlaqələrin inkişaf etdirilməsinə, effektiv dialoqun qurulmasına nail olunmalıdır.

23.6. Əməkdaş qanunla və Nazirliyin müvafiq aktları ilə nəzərdə tutulmuş hallarda və qaydada qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində iştirak edə bilər.

23.7. Əməkdaş real təhdidlə qarşılaşdıqda təhdidin səbəbi qeyd edilməklə dərhal bilavasitə rəhbəri vasitəsilə Nazirliyin Daxili Təhlükəsizlik İdarəsinə məlumat verməlidir.

Maddə 24. Beynəlxalq işgüzar münasibətlərin xüsusiyyətləri

24.1. Əməkdaş beynəlxalq əməkdaşlıq çərçivəsində beynəlxalq təşkilatlar və xarici dövlətlərin orqanları ilə işgüzar münasibətilərin inkişafı üçün çalışmalı, bu işdə qanunvericiliklə müəyyən edilmiş qaydada həmkarlarına hərtərəfli kömək göstərməlidir.

24.2. Xarici ölkələrə rəsmi nümayəndə heyətinin tərkibində və ya tək ezam olunduqda əməkdaş ezamiyyət məqsədlərinə, o cümlədən iştirakçısı olduğu beynəlxalq tədbirin proqramına riayət etməli, olduğu xarici ölkənin adət-ənənələrini, milli dəyərlərini və qaydalarını gözləməklə ümumi qəbul edilmiş əxlaq və birgəyaşayış qaydalarına əməl etməli, daxili işlər orqanlarının əməkdaşı adına xələl gətirə biləcək hərəkət və hərəkətsizliyə yol verməməlidir.

FƏSİL 4. MARAQLAR TOQQUŞMASININ VƏ KORRUPSİYANIN QARŞISININ ALINMASI İLƏ BAĞLI TƏLƏBLƏR

Maddə 25. Xidmətlə bir araya sığmayan fəaliyyət

25.1. Əməkdaş ödənişli və ya ödənişsiz olmasından asılı olmayaraq onun xidməti vəzifələri ilə bir araya sığmayan, xidməti vəzifələrin qərəzsiz və obyektiv icrasına mənfi təsir göstərən, təsir göstərə bilən və belə təəssürat yaradan heç bir kənar fəaliyyətlə məşğul olmamalıdır.

25.2. Əməkdaş heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməz.

25.3. Əməkdaşın başqa işlə məşğul olma imkanı onun üçün maraqlar toqquşmasına şərait yaratmamalıdır. Əməkdaş maraqlar toqquşması yarada biləcək hər hansı konkret iş təklifi barədə dərhal öz rəhbərinə və maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi funksiyasını həyata keçirən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə məlumat verməli, sonuncunun rəyini öyrənməli və rəyin tələblərinə riayət etməlidir. Maraqlar toqquşmasının və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi funksiyasını həyata keçirən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsi həvəsləndirmə, intizam məsuliyyətinə cəlb etmə, insan resurslarının idarə olunması və işçilərin fəaliyyətinin qiymətləndirilməsində birbaşa və ya dolayı yolla iştirak etmir, öz funksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuz müdaxilələri istisna edən zəruri müstəqilliyə malik olmaqla hesabatlılıq və qərəzsizlik tələblərinə uyğun fəaliyyət göstərir.

25.4. Əməkdaş xidmət yerini dəyişmək üçün başqa dövlət orqanları tərəfindən qulluğa (xidmətə) qəbulla bağlı keçirilən müsabiqələrdə (müsahibələrdə, imtahanlarda) iştirak etmək istədikdə, eləcə də hər hansı bir iş təklifini qəbul etdikdə bu haqda qabaqcadan müəyyən edilmiş qaydada raportla Nazirliyə müraciət etməlidir.

25.5. Əməkdaş daxili işlər orqanlarındakı xidmətindən kənarda gələcəkdə özü və başqaları üçün iş əldə etmək məqsədilə xidməti vəzifələrindən sui-istifadə etməməlidir.

25.6. Əməkdaş ona etibar edilən məlumat və resurslardan yalnız xidməti məqsədlər üçün istifadə etməlidir. Xidmətdən xaric edilmiş əməkdaşın xidməti istifadə üçün ona etibar edilən məlumat və resurslardan istifadə etməsi qadağandır.

25.7. Əməkdaş xidmətdən xaric edildiyi vaxtdan 2 il müddətində dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri ilə əlaqələr yaradıb ictimai əhəmiyyətli qərarların qəbuluna təsir etmək məqsədilə xüsusi maraqların müdafiə edilməsi fəaliyyəti ilə məşğul ola bilməz. İctimai əhəmiyyətli qərarların qəbuluna təsir etmək məqsədilə dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri ilə əlaqə yaradaraq xüsusi maraqların müdafiə edilməsi fəaliyyəti ilə məşğul olan şəxs daxili işlər orqanlarında xidmətə yalnız bu fəaliyyətə xitam verdikdən 2 il sonra qəbul oluna bilər.

25.8. Əməkdaş hər hansı fəaliyyətin onun xidməti ilə bir araya sığmadığı barədə qərar qəbul edə bilmədikdə bu haqda maraqlar toqquşması və  korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi funksiyasını həyata keçirən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə müraciət etməlidir.

25.9. Tərəflərdən biri daxili işlər orqanları olan əqdlər üzrə əməkdaş digər tərəf ola bilməz.

Maddə 26. Maraqlar toqquşmasının qarşısının alınması

26.1. Maraqlar toqquşması əməkdaşın şəxsi marağının onun xidməti vəzifələri qərəzsiz və obyektiv icrasına təsir göstərdiyi və ya belə təsir göstərmək təəssüratı yaratdığı halda yaranır. Əməkdaşın şəxsi marağı dedikdə onun özü, yaxın qohumları, qohumları, yaxın münasibətinin olduğu digər fiziki və hüquqi şəxslər üçün hər hansı maddi və ya qeyri-maddi üstünlük nəzərdə tutulur.

26.2. Əməkdaş real, potensial və ya təəssürat formada olmasından asılı olmayaraq maraqlar toqquşmasına yol verməməli və vəzifə  səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

26.3. Xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, əməkdaş həmin maraqların xarakteri barədə maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi funksiyasını həyata keçirən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə məlumat verməyə, onun rəyini öyrənməyə, öz imkanları daxilində maraqlar toqquşmasının qarşısını almağa və rəyin tələblərinə riayət etməyə borcludur.

26.4. Başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqlar toqquşmasına səbəb ola biləcəyi hallarda, əməkdaş bu haqda maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə məlumatları qəbul edən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə məlumat verməlidir.

26.5 Əməkdaş vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydalarını, korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması ilə əlaqədar normativ hüquqi və normativ xarakterli aktların tələblərini bilməli, bu aktlara əməl edilməsi ilə bağlı suallar yarandıqda məsləhət almaq məqsədilə maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi funksiyasını həyata keçirən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə müraciət etməlidir.

26.6. Əməkdaş vəzifəyə təyin edilməzdən əvvəl, eləcə də xidmətkeçmə müddətində hər il yanvar ayının 10-dək xidməti fəaliyyəti zamanı yaranan və ya yarana biləcək maraqlar toqquşması halları ilə bağlı maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə məlumatları qəbul edən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə məlumat verməlidir.

26.7. Cinayət mühakimə icraatı və inzibati xətalar üzrə icraat çərçivəsində daxili işlər orqanlarının vəzifələrini yerinə yetirən əməkdaş aşağıdakı hallarda özünə etiraz etməklə birbaşa rəisinə məlumat verməli və icraatdan kənarlaşmalıdır:

26.7.1. tutduğu vəzifəyə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə;

26.7.2. cinayət işinə, cinayət təqibi ilə bağlı digər materiala və ya inzibati xətalar haqqında işə baxılması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun səlahiyyətlərə malik olmadıqda;

26.7.3. həmin cinayət işi, cinayət təqibi ilə bağlı digər material və ya inzibati xətalar haqqında iş üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda;

26.7.4. həmin cinayət işi, cinayət təqibi ilə bağlı digər material və ya inzibati xətalar haqqında iş üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə;

26.7.5. ittiham və ya müdafiə tərəfindən prosesin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq yaxud şəxsi asılılıq münasibətində olduqda;

26.7.6. cinayət işi, cinayət təqibi ilə bağlı digər material və ya inzibati xətalar haqqında işdə digər marağı olduqda.

Maddə 27. Korrupsiyanın qarşısının alınması

27.1. Əməkdaşın qanunsuz olaraq maddi və sair nemət, imtiyaz və ya güzəşt əldə etməyə yönəlmiş hərəkət (hərəkətsizlik) və ya qərar qəbul etməsi qadağandır.

27.2. Əməkdaş onun hərəkətinin (hərəkətsizliyinin) və ya qərarının maddi və sair nemət, imtiyaz və ya güzəşt əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

27.3. Əməkdaş qanunsuz maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunduğu hallarda aşağıdakı tədbirləri görməlidir:

27.3.1. təklif olunan, vəd edilən və ya verilən maddi və sair nemət, imtiyaz və ya güzəştdən imtina etməlidir (gələcəkdə maddi sübut qismində istifadə etmək məqsədi olsa belə həmin maddi və sair nemət, imtiyaz və ya güzəştin qəbul edilməsi yolverilməzdir);

27.3.2. maddi və sair nemət, imtiyaz və ya güzəşt ondan asılı olmayan səbəblərdən verilərsə, bu haqda dərhal maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə məlumatları qəbul edən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə məlumat verməli, maddi və sair nemət, imtiyaz və ya güzəşt Nazirliyin Daxili Təhlükəsizlik İdarəsinə akt üzrə təhvil verilməlidir. Nazirliyin Daxili Təhlükəsizlik İdarəsi bu maddədə nəzərdə tutulan maddi və sair nemətin, imtiyaz və ya güzəştin qeydiyyatını aparmalı və qiymətləndirilməsini təşkil etməlidir. Qiymətləndirmə müstəqil ekspert və ya mütəxəssis tərəfindən həyata keçirilir.

27.3.3. maddi və sair nemət, imtiyaz yaxud güzəşt təklif və ya vəd edənin şəxsiyyətini müəyyən etməlidir;

27.3.4. qanunsuz maddi və sair nemət, imtiyaz və ya güzəştin təklif edilməsi, vəd olunması faktı barədə təxirəsalınmadan müəyyən edilmiş qaydada raport tərtib etməli, həmçinin bu haqda maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə məlumatları qəbul edən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə məlumat verməlidir.

27.4. Qanunsuz maddi və sair nemət, imtiyaz və ya güzəştin təklif edilməsi, vəd olunması faktını təsdiq edən ilkin dəlillər toplandıqdan sonra bu fakta qiymət verilməsi üçün həmin dəlillər və müvafiq məlumatlar aidiyyəti ibtidai istintaq orqanına göndərilir.  

Maddə 28. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

28.1. Əməkdaş xidməti vəzifələrin obyektiv və qərəzsiz icrasına təsir edən, təsir göstərə bilən və ya bu cür təsir təəssüratı yaradan yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, təklif və ya vəd olunan yaxud bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün istəyə, tələb edə və ya qəbul edə bilməz.

28.2. Heç bir fiziki və ya hüquqi şəxsdən daxili işlər orqanları üçün ianə və ya ödəniş birbaşa və ya dolayı yolla istənilə, tələb oluna və ya qəbul edilə bilməz.

28.3. Kodeksin 28.1-ci maddəsində nəzərdə tutulan qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir. Bu halda əməkdaş hədiyyənin verildiyi tarixdən 3 gün ərzində maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə məlumatları qəbul edən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə məlumat verməlidir. Maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə məlumatları qəbul edən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsi hədiyyənin müstəqil ekspert və ya mütəxəssis tərəfindən qiymətləndirilməsini təmin etməlidir. Əməkdaş hədiyyəni qiyməti yalnız “Korrupsiyaya qarşı mübarizə haqqında“ Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmadığı halda qəbul edə bilər. Hədiyyənin dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında“ Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olarsa, hədiyyə onu təqdim edən şəxsə qaytarılmalı, əgər bu mümkün olmazsa Nazirliyin Daxili Təhlükəsizlik İdarəsinə aktla təhvil verilməlidir. Qiymətindən asılı olmayaraq bütün hədiyyələrin qeydiyyatı Nazirliyin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən aparılır.

28.4. Əməkdaş xidməti vəzifəsi ilə bağlı olmayan məqsədlər üçün aldığı hədiyyənin onun xidməti vəzifələrinin obyektiv və qərəzsiz icrasına  etdiyini, təsir göstərə biləcəyini və ya bu cür təsir təəssüratı yaratdığını düşünürsə bu haqda maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi funksiyasını həyata keçirən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə məlumat verməli, onun rəyini öyrənməli və rəyin tələblərinə riayət etməlidir. Maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə məlumatları qəbul edən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsi zəruri hesab etdiyi halda həmin hədiyyəni Kodeksin 28.3-cü maddəsində nəzərdə tutulan qaydada qiymətləndirilməsi üçün tələb edə bilər. Bu halda əməkdaş həmin hədiyyəni qiymətləndirmə üçün təqdim etməlidir.

28.5. Hədiyyənin dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında“ Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmadığı halda da əməkdaş həmin hədiyyənin xidməti vəzifələrin obyektiv və qərəzsiz icrasına təsir etdiyini, təsir göstərə biləcəyini və ya bu cür təsir təəssüratı yaratdığını düşünürsə bu barədə maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi funksiyasını həyata keçirən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə məlumat verməli, onun rəyini öyrənməli və rəyin tələblərinə riayət etməlidir.

28.6. Əməkdaş hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi funksiyasını həyata keçirən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə məlumat verməli, onun rəyini öyrənməli və rəyin tələblərinə riayət etməlidir.

28.7. Əməkdaş regional, beynəlxalq və başqa xarici tədbirlərdə iştirak edərkən digər ölkələrin və ya beynəlxalq təşkilatların nümayəndələri tərəfindən mövcud protokol və etiket qaydalarına görə onlara verilən hədiyyəni qəbul etdiyi halda, bu haqda dərhal onunla birlikdə səfərdə olan nümayəndə heyətinin rəhbərinə, tək ezam olunduğu halda isə ezamiyyətdən qayıtdıqdan sonra bilavasitə rəhbərinə və maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi funksiyasını həyata keçirən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə məlumat verməli, onun rəyini öyrənməli və rəyin tələblərinə riayət etməlidir.

 Maddə 29 Maliyyə xarakterli məlumatların bəyan edilməsi

29.1. Daxili işlər orqanlarının ali rəis heyəti, Baş idarə və İdarə rəisləri və onların müavinləri, şəhər (rayon) polis orqanlarının, nizami polis hissələrinin rəisləri Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na müvafiq olaraq “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulmuş maliyyə xarakterli məlumatları Nazirlik vasitəsilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edirlər.

29.2. Əməkdaş xidmətə başlamazdan əvvəl “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulmuş maliyyə xarakterli məlumatları Daxili İşlər Nazirliyinə bildirməlidir.

Maddə 30. Vəzifə səlahiyyətlərindən sui-istifadə

30.1. Əməkdaş vəzifə səlahiyyətlərindən, eləcə də vəzifənin verdiyi üstünlüklərdən xidmətdənkənar məqsədlər üçün istifadə etməməlidir.

30.2 Əməkdaş xüsusi geyim formasını, xidməti silahını və xidməti vəsiqəsini nümayiş etdirməklə fiziki və hüquqi şəxslərə qanunsuz təsir göstərməməli, onlardan sui-istifadə hallarına yol verməməli, iş vaxtından kənar müddətdə ictimai yerlərdə xüsusi geyim formasından istifadəyə məhdudiyyət qoymalıdır.

30.3. Əməkdaş ailə, məişət, maliyyə və digər sahələr üzrə münasibətlərdə yaranan çətinlik və ya anlaşılmazlıqların həlli zamanı yalnız qanuni üsullardan istifadə etməli, dövlət orqanları ilə yaradılmış əməkdaşlıqdan qanunvericiliklə nəzərdə tutulmayan qaydada şəxsi maraqları üçün istifadə etməməlidir.

30.4. Əməkdaş onun barəsində digər hüquq mühafizə orqanlarında cinayət təqibi, cinayət xarakterli məlumat üzrə araşdırma aparıldığı, mülki hüquq və vəzifələri məhkəmə qaydasında müəyyən edildiyi hallarda bu halların ona məlum olduğu andan dərhal, habelə cinayət təqibinin aparılması, mülki və ya inzibati-prosessual qaydada məhkəməyə müraciət etməzdən qabaq bu haqda bilavasitə rəhbərinə məlumat verməlidir.

30.5. Əməkdaş xidməti vəzifələrin icrası ilə birbaşa bağlı olmayan sahələrə müdaxilə etməməli, başqa əməkdaşların səlahiyyət dairəsinə aid məsələlərə, icraatında olan sənəd və materialların həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməlidir.

Maddə 31. Kodeksin tələblərinin pozulması barədə məlumat vermə

31.1. Hər hansı əməkdaş tərəfindən Kodeksin müddəalarının pozulduğunu hesab edən və ya belə pozuntu barədə məlumat əldə edən digər əməkdaş bu haqda pozuntuya yol verməsi iddia olunan əməkdaşın birbaşa və ya yuxarı rəisinə məlumat verməlidir.

31.2. Əməkdaş maraqlar toqquşması və korrupsiyanın qarşısının alınmasına dair Kodeksin müddəalarının pozulması barədə müraciətini maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə məlumatları qəbul edən daxili işlər orqanlarının müvafiq vəzifəli şəxsinə edir.

31.3. Əməkdaş digər əməkdaşın korrupsiya faktını gördükdə və ya bu barədə dəlilləri olduqda Kodeksin 27.3-cü maddəsində göstərilən tədbirləri görməlidir.

31.4. Kodeksin 31.1-ci və 31.2-ci maddələrinin tələblərinə uyğun olaraq aidiyyəti şəxslərə müraciət edən və müraciət üzrə nəticəni qənaətbəxş hesab etməyən əməkdaş bu haqda daxili işlər nazirinə yazılı məlumat verə bilər.

31.5. Əməkdaş tərəfindən bu maddənin müddəalarına uyğun olaraq edilən müraciətə görə birbaşa və ya dolayı yolla əvəz çıxmaq məqsədilə tənbeh tətbiq etmə, xidmətə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əmək haqqından qanunsuz tutmalar etmə, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz. Maraqlar toqquşması və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ondan əvəz çıxmaq məqsədilə hər hansı tədbirin tətbiqinə dair ağlabatan dəlillər təqdim etdikdə həmin dəlillərin təkzib olunması aidiyyəti vəzifəli şəxsin üzərinə düşür.

Maddə 32. Qanunsuz təsirin qarşısının alınması

32.1. Əməkdaş xidməti vəzifələrin icrasına buna səlahiyyəti olmayan şəxslər tərəfindən müdaxilə etmək cəhdlərinin qarşısını almalıdır.

32.2. Əməkdaş özünü başqa şəxslərin xeyrinə hərəkət (hərəkətsiz) etmək öhdəliyində olmaq və ya belə öhdəlik təəssüratı yaratmaq vəziyyətinə salmamalıdır. Əməkdaşın xidməti və ya şəxsi həyatındakı davranışı onu başqalarının qanunsuz təsirinə məruz qoya biləcək vəziyyətə salmamalıdır.

32.3. Əməkdaş qərəzsizliyinə və obyektivliyinə təsir göstərə biləcək maliyyə və işgüzar münasibətlərdən çəkinməli, icra etmək imkanı olmayacağını qabaqcadan bildiyi yaxud bilməli olduğu öhdəlikləri (kredit, borc, pul, kirayə və sair) və qanunsuz öhdəlikləri üzərinə götürməməli, götürdüyü qanuni öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməli, müstəsna hallarda icra edə bilmədikdə bu haqda bilavasitə rəhbərinə dərhal məlumat verməli və səbəblərini bildirməlidir.

32.4. Daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciət edən şəxsin xidmət müddətində qərəzsizliyinə və obyektivliyinə təsir göstərə biləcək maliyyə və digər öhdəliklərinin (kredit, borc, pul, kirayə və sair) olub-olmaması araşdırılır və qəbul zamanı bu araşdırmanın nəticəsi nəzərə alınır.

Maddə 33. Dürüstlüklə bağlı yoxlamalar

Şəxs barəsində daxili işlər orqanlarında xidmətə başlamazdan əvvəl, əməkdaşın yuxarı vəzifəyə təyin edilməsi məsələsinə baxıldıqda, eləcə də xidmət keçmə müddətində mütəmadi olaraq dürüstlüklə bağlı yoxlamalar aparılır. Yoxlamanın keçirilmə qaydası daxili işlər naziri tərəfindən müəyyən edilir, nəticələri isə xidmətə qəbulda, habelə xidmət dövründə vəzifədə irəli çəkilmə və başqa vəzifəyə təyin olunma zamanı nəzərə alınır.

FƏSİL 5. XİDMƏTDƏN KƏNAR DAVRANIŞLA BAĞLI TƏLƏBLƏR

Maddə 34. Əməkdaşın xidmətdən kənar davranışının xüsusiyyətləri

34.1. Əməkdaşın xidməti fəaliyyətdən kənar davranışı onun peşə nüfuzuna kölgə salmamalıdır.

34.2. Əməkdaş kriminal və müəmmalı həyat tərzi keçirən, o cümlədən cinayətkar aləmdə tanınmış şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmamalı, şəxsi münasibətlər qurmamalı, onlar ilə hər hansı sövdələşmələrə getməməlidir.

34.3. Əməkdaş qumar oyunlarında iştirakdan çəkinməlidir.

Maddə 35. İctimai fəaliyyət

35.1. Əməkdaş qanunvericilik və vəzifə təlimatları ilə müəyyən edilmiş qaydada milli və beynəlxalq təşkilatların fəaliyyətində iştirak etmək hüququna malikdir.

35.2. İctimai fəaliyyətlə məşğul olarkən əməkdaş aşağıdakı hallara yol verməməlidir:

35.2.1 vəzifə mövqeyindən və səlahiyyətlərindən ictimai birliyin, milli və beynəlxalq təşkilatların maraqları naminə sui-istifadə etməməlidir;

35.2.2. qulluq mövqeyindən istifadə edərək həmkarlarını ictimai birliklərin fəaliyyətində iştiraka təhrik etməməlidir.

35.3. Əməkdaş xidməti fəaliyyətinə və daxili işlər orqanlarının nüfuzuna xələl gətirən ictimai fəaliyyətdən çəkinməlidir.

Maddə 36. Dini fəaliyyət

36.1. Daxili işlər orqanları əməkdaşının dinə etiqadını sərbəst müəyyən etmək hüququ vardır.

36.2. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlər və dini cərəyanlar istisna olmaqla əməkdaş hər kəsin dini etiqad azadlığına hörmətlə yanaşmalıdır.

36.3. Əməkdaş öz dini mənsubiyyətini təbliğ etməməlidir.

36.4. Dini fəaliyyətlə əlaqədar əməkdaş aşağıdakı qaydalara əməl etməlidir:

36.4.1. hər hansı dini təşkilatın və ya təsisatın üzvü olmamalı, dini təşkilat və ya təsisatlara maddi və ya başqa şəkildə dəstək verməməli və dini təşkilat yaxud təsisatlardan dəstək almamalıdır;

36.4.2. qulluq mövqeyindən istifadə edərək həmkarlarını dini təşkilat və ya təsisatın fəaliyyətində iştiraka təhrik etməməlidir;

36.4.3. dini təşkilatların və ya təsisatların struktur bölmələrini yaratmamalı, yaxud yaradılmasına hər hansı formada yardım etməməlidir;

36.4.4. dini ayinləri icra edərkən və dini mərasimlərdə iştirak edərkən ictimai qaydanı pozmamalı və ictimai əxlaqa zidd davranış nümayiş etdirməməlidir.

Maddə 37. Elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti

37.1. Elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq əməkdaşın hüququdur.

37.2. Əməkdaş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olaraq, elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün öz rəisi ilə razılaşdırılmış raportla daxili işlər nazirinə müraciət etməlidir.

37.3. Əməkdaş elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olarkən aşağıdakı qaydalara əməl etməlidir:

37.3.1. qanunvericiliklə müəyyən edilmiş məxfi məlumatları açıqlamamalı, xidməti fəaliyyəti ilə əlaqədar ona məlum olmuş məlumatların konfidensiallığını qorumalıdır;

37.3.2. həmin fəaliyyəti həyata keçirməsi əməkdaşın xidməti icra intizamını pozmasına səbəb olmamalıdır;

37.3.3. xidməti vəzifələrin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan məvacib və ya mükafat qəbul etməməlidir.

Maddə 38. Ailə və məişət məsələləri

38.1. Əməkdaş Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və 38-ci maddələrində təsbit olunmuş müddəaları rəhbər tutmaqla yardıma ehtiyacı olan ailə üzvlərinə kömək etməyə, uşaqlarının qayğısına qalmağa borcludur.

38.2. Əməkdaş ümumi qəbul edilmiş əxlaq normalarına, ictimai davranış və birgəyaşayış qaydalarına riayət etməlidir.

Maddə 39. Sosial mediada davranış məsələləri

Xidməti vəzifələrin icrasına bilavasitə aid olmadığı halda sosial mediada ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir.

FƏSİL 6. NƏZARƏT VƏ MƏSULİYYƏT

Maddə 40. Təminatlar sistemi

40.1. Əməkdaş tərəfindən etik davranış qaydalarına əməl olunması üçün:

40.1.1. davranışının Kodeksə uyğunluğu onun özü, bilavasitə və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilməlidir;

40.1.2. bilavasitə və ya yuxarı rəhbəri tərəfindən “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən edilmiş  və bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.

Maddə 41. Nəzarət funksiyası

41.1. Daxili işlər orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti rəhbər vəzifəli əməkdaşlar həyata keçirir.

41.2. Bu məqsədlə rəhbər vəzifəli əməkdaşlar:

41.2.1. tabelikdəkilərin iş həcmini, xidməti funksiyalarının həcmini və vəzifələrini onların xidməti keyfiyyətlərinə uyğun müəyyən etməlidir;

41.2.2. tabelikdəkilərin əməyinin qiymətləndirilməsində ədalətli və obyektiv olmalıdır;

41.2.3. tabelikdəkiləri hüquqazidd, ümumi qəbul edilmiş etik normalara uyğun olmayan qərarlar qəbul etməyə və hərəkətlərə sövq etməməlidir;

41.2.4. kadrların şəxsi münasibətlər zəminində seçilməsi və yerləşdirilməsi hallarına yol verməməlidir;

41.2.5. öz xidməti davranışları ilə bu Kodeksə əməl olunmasına nümunə göstərməlidir;

41.2.6. əməkdaş tərəfindən etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər müəyyən edib həyata keçirməlidir;

41.2.7. xidməti davranış qaydalarının pozulmasına görə intizam tənbehinin tətbiqi ilə bağlı səlahiyyəti daxilində məsələ qaldırmalıdır;

41.2.8. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə daxili işlər orqanlarına ictimai etimadın davamlı surətdə artırılması üçün tədbirlər görməlidir;

41.2.9. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.

Maddə 42. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

42.1. Kodeksin tələblərinin pozulması əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

42.2. Əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” və aidiyyəti vəzifə təlimatları ilə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.

Geriyə qayıt Çap et