Beynəlxalq əməkdaşlıq
Müstəqil dövlət kimi, Azərbaycan Respublikası öz daxili və xarici siyasət vasitələri ilə mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətinin formalaşdırılması və həyata keçirilməsi işini davam etdirməkdədir.
Ümumbəşəri dəyərlərə, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsip və ideyalarına əsaslanaraq, keçmiş Sovet rejiminin süqutundan sonra Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyi xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılmasına başlamışdır.
Həyata keçirilən geniş miqyaslı sosial, iqtisadi və demokratik-hüquqi islahatlar çərçivəsində Daxili İşlər Nazirliyinin fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi məqsədilə onun fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən bir sıra normativ aktlar və konseptual sənədlər Almaniya, İngiltərə, Fransa, İspaniya və digər Avropa ölkələrinin hüquqşünas mütəxəssislərinin iştirakı ilə tərtib edilmişdir.
1992-ci ildə Azərbaycan Beynəlxalq Kriminal Polis Təşkilatı - İNTERPOL-a üzv olduğu andan xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə bir başa əməkdaşlıq əlaqələrinin təməli qoyulmuşdur. BMT, Avropa Şurası kimi mötəbər təşkilatların hüquq mühafizə sahəsi üzrə ixtisaslaşmış qurumları ilə münasibətlər intensivləşmiş və eyni zamanda ölkənin iqtisadiyyatının, sosial durumunun dinamik inkişafı, Azərbaycana xarici investorların axının artmasına səbəb olmuşdur. Bu baxımdan həmin ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli hüquqi munasibətlərin qurulması zərurəti yaranmışdır.
Son 18 il ərzində Daxili İşlər Naziriliyi tərəfindən 40-a yaxın dövlətin aidiyyəti qurumları ilə 48 ikitərəfli və 27 çoxtərəfli idarələrarası və hökumətlərarası saziş, memorandum və protokollar imzalanmışdır. Həmin beynəlxalq-hüquqi sənədlərin predmetini transmilli cinayətkarlığın müxtəlif növləri, narkotik vasitələrin, psixotrop maddələrin, silahların qanunsuz dövriyyəsi, terrorçuluq, insan alveri, qanunsuz miqrasiya, qaçaqmalçılıq və digər cinayətlərlə mübarizədə qarşılıqlı fəaliyyət əsasında məlumat və təcrübə mübadiləsinin, birgə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, polis təlim və təhsili sahəsində əməkdaşlıq məsələləri təşkil edir.
Miqyas və nüfuzundan asılı olmayaraq, universal və regional beynəlxalq təşkilatlar dünyada yaranan yeni təhdidlərlə mübarizədə getdikcə daha çox rol oynamaqda davam edirlər. Belə ki, beynəlxalq təşkilatlar təhdidlərin aradan qaldırılmasına və ya onların qarşısının alınmasına yardım etməklə yanaşı, Azərbaycan Respublikasının milli maraqlarının qlobal siyasətdə müdafiəsinə geniş imkanlar yaradırlar.
ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı), "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM", NATO (Şimali Atlantik Alyansı Təşkilatı) QDİƏT (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı), İƏT (İqtisadi Əməkdaşlıq Təşkilatı), İKT (İslam Konfransı Təşkilatı), MDB (Müstəqil Dövlətlər Birliyi) kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində Daxili İşlər Nazirliyinin bu istiqamətdə fəaliyyətinə xüsusi önəm verilir.
1992-2010-cu illər ərzində transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən narkotiklərin, silahların qanunsuz dövriyyəsi, terrorçuluq, insan alveri, qanunsuz miqrasiya, korrupsiya, çirkli pulların yuyulması və maliyyə saxtakarlığı, informasiya texnologiyaları vasitələrinin tətbiqi ilə törədilən cinayətlərlə mübarizə, həmçinin məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, eləcə də itkin düşmüş şəxslərin axtarışı, kriminalistik tədqiqatlar mövzusunda ölkədə və onun hüdudlarından kənarda keçirilən 3000-ə yaxın konfrans, seminar və treninqlərdə 5000-dən artıq polis əməkdaşı iştirak etmişdir.
Mütəmadi olaraq Azərbaycanda yerləşən diplomatik missiyaların, beynəlxalq təşkilatların nümayəndələri ilə Nazirliyin rəhbərliyi və aidiyyəti xidmət rəhbərləri arasında görüşlər keçirilir, yeni əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılır.
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 1999-cu ildən qüvvəyə minən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratiyanın inkişafına kömək, eləcə də iqtisadi əməkdaşlıq və investisiya qoyuluşu üçün əlverişli şərait yaradır. Azərbaycan Respublikasının 2004-cü ildə Avropa İttifaqının "Yeni Qonşuluq Siyasəti"nə daxil olması və bu siyasət çərçivəsində 2006-cı ildə qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının həyata keçirilməsi siyasi dialoq və siyasi, iqtisadi və institusional islahatlar sahəsində əməkdaşlığı daha da inkişaf etdirərək keyfiyyətcə yeni mərhələyə keçid üçün zəmin yaradır.
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına kömək edən siyasi dialoq üçün müvafiq çərçivənin təmin edilməsini, demokratiyanın möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi və bazar iqtisadiyyatına keçidin başa çatdırılmasında, eləcə də Azərbaycan Respublikasının səylərinin müdafiə olunmasını, davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə Tərəflər arasında ticarətin, sərmayə qoyuluşunun və ahəngdar iqtisadi əlaqələrin genişləndirilməsini, hüquq-mühafizə, iqtisadi, maliyyə, elm, texnologiya və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Fəaliyyət Planının həyata keçirilməsi məqsədilə, hökumət tərəfindən "Avropa İttifaqı - Azərbaycan Fəaliyyət Planının həyata keçirilməsi üzrə Milli Tədbirlər Proqramı"nı hazırlamışdır.
Bu proqrama əsasən Nazirliyin müvafiq əmrilə aidiyyəti xidmətlərin nümayəndələrindən ibarət DİN-in Avropaya inteqrasiya üzrə işçi qrupu yaradılaraq, qrupun Fəaliyyət Planı təsdiq edilmişdir.
Polis əməkdaşlarının seçki prosesinə müdaxiləsinin qarşısının alınması, azad toplaşma hüququnun qorunması, vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində islahatların aparılması, işgəncə və digər pis rəftarın qarşısının alınması, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, cəmiyyətdə və iqtisadi həyatda gender bərabərliyinin təmin edilməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərin hüquq mühafizə orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərin davam etdirilməsi kimi prioritet sahələrdə zəruri təşkilati-praktiki tədbirlərin görülməsi Qrupun Fəaliyyət Planında öz əksini tapmışdır.
Bundan əlavə Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində TAİEX, Tvininninq və Siqma Yardım alətlərindən istifadə olunmaqla, korrupsiya və narkotiklərlə qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə və yol hərəkəti təhlükəsizliyi sahələrində Belçika, İngiltərə, İspaniya, Almaniya və sair ölkələrdən olan ekspertlərin, eləcə də yerli hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə seminarlar keçirilir.
Fərəhli haldır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın artıq yeni mərhələyə keçməsi ilə əlaqədar 13 yanvar 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Sədri Coze Manuel Barrozunun Bakıda görüşü keçirilmiş və görüş zamanı bir neçə mühüm sənədlər imzalanmışdır.
Siyasi, iqtisadi, mədəni, sosial islahatlar nəticəsində Azərbaycan Respublikası dünyanın bu günkü qabaqcıl dövlətlərindən birinə, eyni zamanda regional lider və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilmiş, demokratik prinsiplər əsasında öz müstəqilliyini bərpa edərək, dünyanın bütün beynəlxalq təsisatları ilə əməkdaşlıq əlaqərinin genişləndirilməsi istqamətində fəaliyyətini davam etdirir.
Geriyə qayıt Çap et