DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

22.07.2019

İyulun 22-də - ölkəmizdə Milli Mətbuat Gününün qeyd edildiyi bir vaxtda əsas vəzifəsi cəmiyyəti operativ, obyektiv və  dolğun informasiya ilə təmin etməli olan bir neçə media təmsilçisi öz peşə borclarını yerinə yetirmək əvəzinə, ictimai diqqəti üzərlərinə çəkmək məqsədi ilə söz, mətbuat və ifadə azadlığı ilə heç bir çərçivəyə sığmayan hərəkətlərə yol vermişlər. Bildiririk ki, medianın inkişafı üçün  dövlət tərəfindən yaradılmış əlverişli şəraitdən belə sui-istifadə halları mövcud qanunvericiliyin tələblərinə əsasən qətiyyən yolverilməzdir.

Özlərini müstəqil jurnalist adlandıran həmin şəxslər səhər saatlarında Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında qanunsuz olaraq toplaşmağa və aidiyyatı dövlət orqanları ilə öncədən razılaşdırmadan aksiya keçirməyə cəhd göstərmişlər.
Polis əməkdaşları tərəfindən bu təxribat xarakterli cəhdin qarşısı alınmış və aparılmış profilaktik söhbətlərdən sonra həmin şəxslər ərazidən uzaqlaşmışlar.
Onlar bununla kifayətlənməyərək analoji hərəkətləri Mətbuat Şurasının inzibati binasının qarşısında da təkrarlamağa çalışmış,  lakin  ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulmasına yol verilməmişdir. 

Həmin hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılmış, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılmışdır.