DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİN mətbuat xidmətinin məlumatı

28.01.2005



Respublika Daxili İşlər Nazirliyində daxili işlər orqanları tərəfindən 2004-cü ildə cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə görülən işlərin yekununa həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov qeyd etmişdir ki, respublikanın ictimai-siyasi həyatında mühüm hadisələrlə zəngin olan 2004-cü ildə Azərbaycanın dövlətçiliyi, müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz beynəlxalq birliyə sürətlə inteqrasiya etmiş, milli maraqlarımız yüksək səviyyədə təmin olunmuşdur.

Ötən 10 il ərzində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən respublikada aparılmış hərtərəfli islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilərək dövlətimizə böyük uğurlar gətirmiş, onun iqtisadi əsaslarını əhəmiyyətli dərəcədə gücləndirmişdir. Möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik qorunub-saxlanılmış, sosial tərəqqiyə, vətəndaşların həmrəyliyinə, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təminatına xidmət edən kompleks tədbirlər həyata keçirilmişdir.

 

Sözsüz ki, bütün dövlət strukturlarını əhatə edən müasirləşmə və yeniləşmə prosesləri daxili işlər orqanlarının fəaliyyətinə də öz müsbət təsirini göstərmişdir.

2004-cü il iyunun 30-da daxili işlər orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin əyani təzahürü olaraq dövlət başçısı cənab İlham Əliyev tərəfindən mühüm əhəmiyyətə malik bir sıra Fərman və Sərəncamlar imzalanmışdır. Şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə daxili işlər orqanları sistemində çalışan polis əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə maaşları 2 dəfə, xüsusi təyinatlı və çevik polis nizami hissələrində isə 3 dəfə artırılmışdır. Həmin Fərmanla nazirliyin strukturunda Daxili Təhlükəsizlik İdarəsi təsis edilmişdir.

“Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq, nazirliyin müvafiq əmrləri ilə ötən ilin may ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin strukturunda İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılmışdır.

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurlu nəticəsi olaraq dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” xüsusi Dövlət Proqramı qəbul olunmuşdur və onun icrası üçün lazımi işlər davam etdirilir.

Daxili işlər naziri daha sonra bildirmişdir ki, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın təmin olunmasında son illərin müsbət təmayülü və ənənələri ötən ildə də davam etdirilmişdir.

Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının (203) az olması baxımından Azərbaycan MDB məkanında öncül mövqeyini 2004-cü ildə də qoruyub saxlamışdır.

Hesabat dövründə 16 min 210 cinayət hadisəsi qeydə alınmış, cinayətlərin açılma göstəriciləri 2003-cü illə müqayisədə daha da yaxşılaşaraq 94,2 faizə qədər yüksəlmişdir. Bağlı qalmış cinayətlərin sayı 11,4 faiz azalmışdır. Cinayətlərin strukturunda qəsdən adam öldürmələrin, quldurluqların, soyğunçuluqların açılma göstəriciləri yüksəlmiş, banditizm, adamları girov götürmə, adam oğurluğu və hədə-qorxu ilə tələbetmə cinayətlərinin hamısı açılmışdır. Adamöldürməyə cəhdlər 9,8 faiz, zorlamalara 49 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 15,4 faiz, avtonəqliyyatın oğurlanması 28,8 faiz, mal-qara oğurluqları 24,4 faiz azalmışdır. Qeyri-aşkar şəraitdə baş vermiş 186 cinayətin “isti izlərlə” açılması təmin edilmiş, qanunsuz saxlanılan 1631 odlu silah götürülmüşdür.

Axtarışda olan 5 min 188, o cümlədən MDB ölkələrində gizlənmiş 231, habelə dövlət hakimiyyəti əleyhinə cinayətlər törətmiş 6 nəfər tutulmuşdur. Qrup halında 1850 cinayət törətmiş 3 min 952 nəfər tutularaq məsuliyyətə cəlb edilmişdir. Saxta pul və digər qiymətli kağızlar hazırlama və ya satma ilə bağlı 21 fakt aşkar olunmuşdur. İnsan alveri ilə bağlı 115 fakt aşkar olunmuş, bu cinayətlər üzrə 106 nəfər məsuliyyətə cəlb edilmişdir. İctimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə əlaqədar müəyyən olunmuş 113 cinayət faktı üzrə 89 nəfər məsuliyyətə cəlb edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 218 kiloqram narkotik vasitə götürülmüş, onun satışı ilə bağlı 674 fakt aşkar edilmişdir. Həmçinin, ümumi çəkisi 410 ton olan narkotik tərkibli bitki aşkar olunaraq məhv edilmişdir.

Hesabat məruzəsində qeyd olunmuşdur ki, 2004-cü ildə kriminal xarakterli olmayan inzibati məsuliyyət yaradan qanun pozuntularının vaxtında aşkara çıxarılıb adekvat tədbirlərin görülməsi də diqqət mərkəzində olmuşdur.

Müxtəlif növ inzibati xətalara görə 244 min 785 nəfər, o cümlədən yol hərəkəti qaydalarının pozulması ilə bağlı 192 mindən çox sürücü, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarının pozulmasına görə 23 mindən artıq şəxs haqqında inzibati protokol tərtib edilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində ötən il, elektrik və istilik enerjisindən, habelə sudan istifadə qaydalarının pozulmasına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, 4 min 654 nəfər barədə protokol tərtib olunmuş, habelə magistral neft və qaz kəmərlərinin, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında qanunsuz tikilmiş 51 ev və hasarın sökülməsi təmin olunmuşdur. Baş vermiş yanğınlar zamanı 282 nəfərin həyatı, habelə 24,5 milyard manat məbləğində əmlak xilas edilmişdir.

Nazirlik tərəfindən beynəlxalq əməkdaşlıq sahəsində çoxtərəfli, regional və ikitərəfli səviyyələrdə xeyli işlər görülməsi diqqətə çatdırılmışdır.

General-polkovnik Ramil Usubov öz məruzəsində bildirmişdir ki, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” dövlət başçısı cənab İlham Əliyevi 24 noyabr 2003-cü il tarixdə imzaladığı Fərmandan irəli gələn tələblərin icrası ilə əlaqədar vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinə ciddi diqqət yetirilmiş, məsələ nazirliyin rəhbərliyinin gündəlik nəzarətində saxlanılmışdır. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsi olaraq, hesabat dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetindən və Milli Məclisindən nazirliyə daxil olan müraciətlərin sayı müvafiq olaraq 2,3 dəfə və 15,5 faiz, habelə polis əməkdaşlarından şikayətlər 32,6 faiz, o cümlədən qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti üzrə 30,7 faiz, yol polisi üzrə 22 faiz, ictimai qaydanın pozulması ilə bağlı 5,7 dəfə, obyektiv araşdırma aparılmaması ilə əlaqədar 28,4 faiz cinayət işlərinin istintaqı ilə bağlı olan müraciətlər 34,8 faiz azalmışdır.

Daxili İşlər Nazirliyində, eləcə də respublikanın müxtəlif regionlarında nazirliyin rəhbərliyi tərəfindən 512 vətəndaş qəbul edilmişdir. Bütün ərizə və şikayətlər xüsusi nəzarətə götürülmüş və böyük əksəriyyəti müsbət həll olunmuşdur.

Daxili işlər naziri öz məruzəsində qeyd etmişdir ki, ötən il uğurlarla yanaşı, ayrı-ayrı orqan və hissələrin işində müəyyən nöqsan və çatışmazlıqlar da mövcud olmuşdur.

Açılma göstəricilərinin yaxşılaşmasına və yüksək olmasına baxmayaraq, respublikada qəsdən adamöldürmələr 18, quldurluqlar 16, soyğunçuluqlar 8 fakt, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 23,1 faiz çoxalmışdır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə işinin göstəriciləri də real vəziyyəti əks etdirmir.

Nazir mövcud nöqsan və çatışmazlıqların tezliklə aradan qaldırılmasını tələb etmişdir.

Hesabat məruzəsi ətrafında Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Komandanı, general-mayor Zakir Həsənov, Naxçıvan MR daxili işlər naziri, daxili xidmət general-mayoru Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-leytenantı Məhərrəm Əliyev, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev, Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Zakir Nəsirov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov, Polis Akademiyasının rəisi, polis general-mayoru Rəsul Rəsulov və digərləri çıxış etmişlər.

Kollegiyaya yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov qeyd etmişdir ki, indi qarşımızda duran əsas vəzifə dövlətimizin tərəqqisi və qüdrətlənməsi, xalqın sosial rifahının yüksəldilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm amillərindən olan ictimai-siyasi sabitliyin etibarlı qorunması və daha da möhkəmləndirilməsi, dinamik inkişaf, hər bir sahədə fəaliyyətin təkmilləşdirilməsinə nail olmaqdır. Eyni zamanda, ölkənin qanunlarından, dövlət başçısının Fərman və Sərəncamlarından irəli gələn tələbləri uğurla yerinə yetirmək, ümummilli liderimiz Heydər Əliyevin tövsiyə etdiyi kimi, vətəndaşların inam və etimadını qazanmaq, xalqa və dövlətə həmişə sədaqətlə xidmət etməkdir.

Daxili işlər naziri Kollegiya iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin etmişdir ki, ölkəmizin tərəqqisi, xalqımızın rifahının yüksəldilməsi və xoşbəxt gələcəyi naminə daxili işlər orqanlarının şəxsi heyəti üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, asayişin, hüquq qaydalarının keşiyində daim ayıq-sayıq dayanacaqdır.