Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

24.10.2005
























Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 24-də Qərbi Avropa İttifaqı və Parlamentlərarası Avropa Təhlükəsizliyi və Müdafiə Assambleyalarının Prezidenti cənab Stef Qorisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları səmimiyyətlə salamlayan nazir onlara DİN-nin funksiyaları və vəzifələri, müstəqilliyimizin ilk illərində ölkədəki gərgin ictimai-siyasi, kriminogen durum, Ermənistanın Azərbaycana təcavüzü, bunun nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan artıq soydaşımızın qaçqın düşməsi, ayrı-ayrı siyasi partiyaların xaos və anarxiyadan istifadə edərək zorla hakimiyyətə gəlmək cəhdləri barədə ətraflı məlumat vermişdir. Daxili işlər naziri qeyd etmişdir ki, Azərbaycan tarixinin belə həlledici məqamında ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbilə ali hakimiyyətə qayıdışından sonra həyata keçirilmiş qətiyyətli tədbirlər nəticəsində qanunsuz silahlı dəstələr ləğv edildi, xeyli odlu silah-sursat yığıldı, kriminogen durum tam nəzarətə götürüldü və 1996-cı ildən etibarən ölkəmizdə sabitlik, əmin-amanlıq tam bərqərar oldu. Avropalı diplomatların diqqətinə çatdırılmışdır ki, görülmüş tədbirlər nəticəsində son on ildə ümumilikdə bütün cinayətlər 30 faiz, odlu silahın tətbiqiylə törədilən cinayətlər 11, qəsdən adam öldürmələr 2,5 dəfə, soyğunçuluq, quldurluq bir neçə dəfə azalmışdır. Halbuki bu müddətdə ölkə əhalisinin sayı bir milyon nəfərədək artmışdır. Daha sonra cənab Ramil Usubov bildirmişdir ki, əsas vəzifələrdən biri Avropa dəyərlərinə söykənən, dünya standartlarına cavab verən qanunların qəbul olunmasını, daxili işlər orqanlarının yeni demokratik prinsiplər əsasında, qanunlar çərçivəsində fəaliyyət göstərməsini, polis əməkdaşlarının dünyagörüşünün, peşəkar, fiziki, döyüş hazırlığının daha da artırılmasını təmin etməkdir. Bu məqsədlə Avropa Şurası ekspertlərinin iştirakıyla ölkəmizdə müxtəlif seminarlar, treninqlər keçirilmiş, əməkdaşlarımız təcrübə mübadiləsi məqsədilə bir sıra ölkələrdə ezamiyyətdə olmuşlar. Daxili işlər oqrqanlarının xidməti fəaliyyətdə üzləşdikləri problemlərə toxunan nazir son illər mütəşəkkil transmilli cinayətkarlığın yayılmasının qlobal xarakter almasını, onun ayrı-ayrı növlərindən, xüsusən terrorizmin hər cür təzahürlərindən və narkotik qaçaqmalçılığından ölkəmizin də hər zaman əziyyət çəkdiyini təəssüflə bildirmişdir. Dörd il öncə ABŞ-da baş vermiş məlum sentyabr olaylarından sonra ölkəmizin antiterror koalisiyasının fəal üzvü olduğunu xatırladan DİN rəhbəri digər hüquq-mühafizə orqanları ilə birlikdə respublika ərazisində onlarca terrorçunun zərərsizləşdirildiyini və onların aidiyyəti ölkələrə ekstradisiya olunduğunu diqqətə çatdırmışdır. Qarşıdan gələn parlament seçkilərinə toxunan nazir demişdir ki, bu sahədə polisin qarşısında duran əsas vəzifə ictimai asayişin, təhlükəsizliyin qorunması və ölkə vətəndaşlarının şəxsiyyət vəsiqələrilə təminidir. Qeyd olunmuşdur ki, indiyədək səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının 97 faizi şəxsiyyət vəsiqələrilə təmin edilmişdir. Nazir əmin olduğunu bildirmişdir ki, daxili işlər orqanları əməkdaşları seçkilər zamanı da üzərlərinə düşən məsul vəzifəni qanun çərçivəsində yerinə yetirəcəklər. Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən cənab Stef Qoris Qərbi Avropa İttifaqı və Parlamentlərarası Avropa Təhlükəsizliyi və Müdafiə Assambleyalarının Azərbaycanın Avropaya inteqrasiyasında maraqlı olduğunu bildirmişdir. O, eyni zamanda rəhbərlik etdiyi təşkilatın transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə də xüsusi önəm verdiyini vurğulamışdır. Qəbul zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilmişdir.