DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

27.07.2005






























İyulun 27-də Daxili İşlər Nazirliyində cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini üzrə respublika daxili işlər orqanlarının fəaliyyətinin nəticələrinə, qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir.
Kollegiya iclasını giriş sözü ilə açan respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov əvvəlki illərdə cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində görülmüş müsbət işlərin, qazanılmış nailiyyətlərin cari ilin altı ayında da uğurla davam etdirildiyini bildirmişdir.
General-polkovnik Ramil Usubov xüsusilə vurğulamışdır ki, ümumən ölkəmizdə gedən inkişaf, iqtisadi yüksəliş, sosial problemlərin həlli istiqamətində aparılan işlər dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsidir, Azərbaycan polisi   ölkədə həyata keçirilən geniş quruculuq prosesini şərtləndirən vacib amil olan sabitliyin qorunub-saxlanılması, ictimai asayişin təmini üçün lazımi tədbirləri görür və bu sahədə uğurlu fəaliyyət davam etdirilməlidir.
Nazir xatırlatmışdır ki, ölkə prezidentinin tapşırıqları, göstərişləri hər bir polis əməkdaşının fəaliyyət proqramına çevrilmişdir və onun icrası gündəlik nəzarətdədir. DİN rəhbərliyi bununla bağlı müvafiq tədbirlər həyata keçirir, Kollegiya iclasınadək yerlərdə, şəhər, rayon polis orqanlarında, Naxçıvan Muxtar Respublikasında yarım ilin yekunlarıyla bağlı keçirilən müşavirələrdə bu məsələlər bir daha təhlil olunmuş, qarşıda duran məsələlər müəyyənləşdirilmişdir.
Sonra daxili işlər nazirinin  müavini, polis general-mayoru Vilayət Eyvazov hesabat dövründə görülmüş işlər barədə məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri  və istintaq hərəkətləri nəticəsində cari ilin 6 ayı ərzində 917 cinayət törətmiş 1768 nəfərdən ibarət 723, o cümlədən adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, quldurluq və soyğunçuluq cinayətləri törətmiş 110 nəfərdən ibarət 41 cinayətkar dəstə və qrup zərərsizləşdirilmişdir. Cinayətlərin strukturunda adam oğurluğu, qəsdən adamöldürmə, qəsdən sağlamlığa az ağır zərərvurma, hədə-qorxu ilə tələbetmə, soyğunçuluq, xuliqanlıq, avtonəqliyyatın oğurlanması və mal-qara oğurluğu faktlarının sayı xeyli azalmışdır. Axtarışda olan 2326, o cümlədən MDB ölkələrində gizlənmiş 134 təqsirləndirilən şəxs, habelə ağır və xüsusilə ağır cinayətlər törətmiş 248 nəfər müəyyən edilərək yaxalanmışdır. Hesabat dövründə Daxili İşlər Nazirilyi üzrə qeydə alınmış 7998 cinayətin 92,8 faizinin, onlardan qeyri-aşkar şəraitdə baş vermiş 2718 cinayətin 83,3 faizinin, habelə keçmiş illərdən bağlı qalmış 290 cinayətin, o cümlədən 88 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmişdir. Cinayətlərin strukturunda şəxsiyyət əleyhinə olanların, o cümlədən qəsdən adamöldürmələrin açılma göstəriciləri yaxşılaşmış, banditizm və adamları girov götürmə cinayətlərinin hamısı açılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 95,1 kiloqram narkotik vasitə götürülmüş, ümumi çəkisi 212,5 ton olan narkotik xassəli bitki yaşıl kütlə halında məhv edilmişdir. Qanunsuz saxlanılan 969 odlu silah, o cümlədən 105 avtomat, 98 tapança, 8 qumbaraatan, 629 tüfəng və 84 minə yaxın patron götürülmüş, odlu silahla törədilən cinayətlər 40 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin sayı iki dəfə azalmışdır. Qeyd olunmuşdur ki, bəzi polis orqanlarında cinayətlərin dinamikasına mənfi təsir göstərən amillərin vaxtında müəyyənləşdirilib qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülmədiyindən bir sıra nöqsan və çatışmazlıqlar da mövcud olmuşdur.
Müzakirələrdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, daxili xidmət general-mayoru Əhməd Əhmədov, Bakı şəhər BPİ-nin rəisi, polis general-leytenantı Məhərrəm Əliyev, Gəncə ŞPİ-nin rəisi, polis polkovniki Qərib Həsənov və başqaları çıxış edərək, qazanılan uğurlarla yanaşı xidməti fəaliyyətdə buraxılmış nöqsanlar, onların həlli yolları barədə danışmışlar.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik Ramil Usubov dövlət başçımızın bu günlərdə şimal bölgəsinə səfəri zamanı  vətəndaşlarla görüşlərdə vurğuladığı bir fikri tədbir iştirakçılarının yenidən nəzərinə çatdırmışdır: İqtisadi inkişaf, tərəqqi daxili sabitlikdən, əmin-amanlıqdan çox asılıdır. Bu istiqamətdə  Azərbaycan Polisinin üzərinə mühüm vəzifələr  düşür. Nazir qeyd etmişdir ki, daxili işlər orqanlarının şəxsi heyətinin böyük əksəriyyəti tərəfindən bu işin məsuliyyəti düzgün anlaşılır və yüksək səviyyədə öz icrasını tapır. 
Eyni zamanda aparılan təhlillər və təcrübə göstərir ki, polisin adına, onun şərəfli xidmətinə xələl gətirən nöqsanlar da var. Bunlardan biri vətəndaş-polis münasibətlərinin hələ də günün tələbləri səviyyəsində qurulmamasıdır. Bəzi əməkdaşlar bütövlükdə xidmətimizə qiymət verilməsinin vətəndaşların rəyindən, fikirlərindən birbaşa asılı olduğunu hələ də tam mənasında anlaya bilmir. Daxili işlər naziri bir daha polis orqanları rəhbərlərindən vətəndaşların ərizə və şikayətlərinə çox həssas, diqqətli, operativ yanaşmağı tələb etmişdir.
General-polkovnik R.Usubov şəxsiyyət vəsiqələrinin verilməsi məsələsinə də toxunmuşdur. Nazir ölkə prezidentinin məlum tapşırığını bir daha xatırlatmışdır ki, səsvermə hüquq olan hər bir vətəndaş seçki gününədək şəxsiyyət vəsiqəsi ilə təmin olunmalıdır. Bu tələbi yerinə yetirməyən əməkdaşlar barədə ən ciddi təşkilati tədbirlər görüləcəkdir.
Hesabat dövründə şəxsi heyətin üzərinə düşən məsul vəzifələrin öhdəsindən layiqincə gəldiyini xatırladan nazir əmin olduğunu bildirmişdir ki, daxili işlər orqanları bundan sonra da ölkə prezidenti ətrafında daha sıx birləşəcək, qarşımıza qoyduğu bütün tapşırıq və göstərişləri yüksək məsuliyyətlə yerinə yetirəcək, cinayətkarlıqla mübarizədə və ictimai asayişin  təmini sahəsində daha qətiyyətli olacaq və ilin sonrakı dövrünü də yüksək göstəricilərlə başa vuracaqdır.