Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Azərbaycan Respublikası Baş Prokurorluğu, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərindən

25.10.2005


     Azərbaycan Respublikasında hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, kütləvi iğtişaşa hazırlıq, mənimsəmə və ya israf etmə maddələri ilə başlanmış cinayət işi üzrə aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə bir sıra yeni hallar və cinayətin başqa iştirakçıları aşkarlanmışdır.
     Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev və "Azərkimya" Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqov külli miqdarda dövlət əmlakını talamaqda, qulluq mənafeyi əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən və barəsində məhkəmə tərəfinən həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan olunmuş Rəsul Quliyev, eləcə də sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq maliyyə naziri Fikrət Yusifov və hakimiyyətin zorla ələ keçirilməsində maraqlı olan digər şəxslərlə cinayət əlaqəsinə girmişlər. Onlar Novxanı-Sumqayıt yolunun kənarındakı «Flaqman» restoranında, habelə paytaxtdakı və ətraf rayonlardakı müxtəlif mənzillərdə, eləcə də bağ evlərində keçirdikləri gizli görüşlərdə hakimiyyətin zorla ələ keçirilməsi, planlaşdırılan kütləvi iğtişaşlara cəlb ediləcək təxribatçı dəstələrin təşkili və bu işlərin maddi təminatı məsələlərində razılığa gəlmişlər.
     İstintaq araşdırmaları göstərmişdir ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Fikrət Yusifov Rəsul Quliyevin tapşırığı ilə «Azərkimya» Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovla onun xidməti kabinetində görüşərək Azərbaycanda hakimiyyətin zorla ələ  keçirilməsi üçün maliyyə vəsaitlərinin gərəkli olduğunu bildirmişdir. Bu təşəbbüsü dəstəkləyən Fikrət Sadıqov onunla mütəmadi olaraq görüşərək ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vermişdir.                                                                   
     Fikrət Yusifov, ifadəsində, pulun alınması barədə apardıqları telefon danışıqları zamanı konspirasiya məqsədilə müxtəlif kodlaşdırılmış sözlərdən istifadə etdiklərini göstərmişdir. Əldə olunmuş razılığa əsasən, Fikrət Sadıqov, sürücüsü Qəhrəman Qəhrəmanov vasitəsilə 2005-ci il oktyabrın 16-da "Flaqman" restoranında Fikrət Yusifova 10 min ABŞ dolları məbləğində pul çatdırmışdır. Şahid qismində istintaqa ifadə verən Fikrət Sadıqov, bu məqsədlərlə hələ 2001-ci ildən başlayaraq, ayrı-ayrı vaxtlarda Fikrət Yusifova müxtəlif məbləğlərdə, cəmi 30 min ABŞ dolları pul verdiyini təsdiqləmişdir.
     İstintaqın gedişatında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev 2005-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Baş prokuroruna ərizə ilə müraciət edərək dövlət hakimiyyəti əleyhinə hazırlanan cinayətlə bağlı ona məlum olan faktları açıqlamaq istədiyini bildirmişdir. O, verdiyi ifadədə jari il oktyabr ayının 13-də sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xidməti kabinetində görüşdüyünü və Fərhad Əliyevin indiki hakimiyyətin sonuna az qaldığını, özünün və Əli İnsanovun heç nədən qorxmadığını, bu baxımdan mövcud iqtidara qarşı fəaliyyətin gücləndirilməsinin vacibliyi barədə danışdığını qeyd etmişdir.
     Cinayət işi üzrə təqsirləndirilən, habelə şübhəli və şahid qismində dindirilən şəxslər Akif Muradverdiyevin anti-konstitusion hərəkətlərin hazırlanmasında yaxından iştirak etdiyini öz ifadələrində təsdiqləmiş və sonuncu 24 oktyabr 2005-ci il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Akif Muradverdiyevin Novxanıdakı bağ evində aparılan axtarış zamanı 32.700 ABŞ dolları, 14.000 avro, 9.100 Böyük Britaniya funt-sterlinqi, habelə başqa xarici valyutalar, 209 ədəd müxtəlif nominallı qızıl pul, 40 ədəd qızıl saat və digər zinət əşyaları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. 
     Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hakimiyyətin zorla ələ keçirilməsinə hazırlıq cinayətində şübhəli bilinən 1947-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Xızı rayon Şurabad bələdiyyəsinin sədri Nəcəfqulu Quliyev tutulmuşdur.
     O, istintaqa verdiyi ifadəsində sabiq səhiyyə naziri Əli İnsanovun və Akif Muradverdiyevin Xızı rayon Altıağac bələdiyyəsinin Qızıl Qazma kəndi ərazisindəki bağ evlərində tez-tez görüşdüklərinin, həmin şəxslərin iqtidar əleyhinə fikirlər söylədiklərinin, son aylarda isə onların hakimiyyətin zorla ələ keçirilməsinin zəruriliyi barədə söhbətlər apardıqlarının şahidi olduğunu bildirmişdir. Nəcəfqulu Quliyev ayrı-ayrı görüşlərdə Fikrət Sadıqovun və tanımadığı digər şəxslərin də iştirak etdiyini vurğulamışdır.
     İstintaq araşdırmaları ilə müəyyən edilmişdir ki, Rəsul Quliyev, 2005-ci il oktyabr ayının əvvəllərində yaxın münasibətlərdə olduğu və 1980-cı illərdə rəhbərlik etdiyi «Azneftyağ» zavodunda müqavilə əsasında rəssamlıq işləri görən Sabir Baxşəliyevlə gizli telefon nömrəsi vasitəsilə əlaqə yaradaraq Bakı hava limanında onun həbsinə maneçilik törədilməsində özünün iştirakı və bu işə başqalarını da cəlb etməsi barədə şəxsən tapşırıqlar vermişdir.
     Bununla əlaqədar zəruri iş aparan Sabir Baxşəliyev, eyni zamanda 17 oktyabr 2005-ci il tarixdə polis orqanları tərəfindən asayişin mühafizəsi üzrə görüləcək qabaqlayıcı tədbirlər barədə məlumat əldə etmək üçün məqsədyönlü addımlar atmışdır. Belə ki, o, əvvəllər "Azərneftyağ" İstehsalat Birliyində fəhlə işləmiş, 1992-ci ildən tanıdığı və yaxın münasibətlərdə olduğu Bakı şəhəri Nəsimi rayon polis idarəsinin rəis müavini İlqar Rəhimzadə ilə əlaqə yaradaraq 16 oktyabr 2005-ci il tarixdə sonuncunun dəvəti ilə onun iş otağında görüşmüşdür. Vəzifə borjuna xəyanət edən İlqar Rəhimzadə Bakı şəhərində ictimai təhlükəsizliyin qorunması üzrə həyata keçiriləcək işləri əks etdirən və icra olunması üçün ona verilmiş tədbirlər planı ilə Sabir Baxşəliyevi tanış etmişdir. Həmin planın üzünü köçürən Sabir Baxşəliyev onun məzmunu, polis qüvvələrinin dislokasiyası barədə məlumatları İlqar Rəhimzadənin iş otağından telefon vasitəsilə müvafiq maraqlı şəxslərə ötürmüşdür.
     Törətdikləri əməllərə görə İlqar Rəhimzadə və Sabir Baxşəliyev Azərbaycan Respublikası Cinayət Məjəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə onlar haqqında həbs qətimkan tədbiri seçilmişdir.     
 Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.