Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Xəbərlər

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı 02 08 2021 Daxil olmuş məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub. Belə ki, həyata keçirilən əməliyyat zamanı müəyyən olunub ki, Sabunçu rayonunda yerləşən 11 saylı poliklinikanın qeydiyyatçısı Nəzrin Məmmədova, həmin tibb müəssisəsinin, eləcə də Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Gülnarə Mədətzadə və Vaqif Mirzəyevlə əlbir olaraq vətəndaşlardan 150 manat məbləğində pul alıb onlara vaksinasiyadan keçmədən peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri də məlum olub. Analoji hal Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Kürdəxanı Sağlamlıq Mərkəzində də aşkar edilib. Müəyyən olunub ki, həmin mərkəzin həkimi Ayaz Kərimov qeyd edilən müəssisədə tibb bacısı işləyən Kəmalə Əliyeva ilə birlikdə pul müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da Ayaz Kərimov və Kəmalə Əliyeva tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənəd təqdim olunub. Qeyd edilən hər iki faktla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, "961" nömrəli "Çağrı Mərkəzi", "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatı 27 07 2021 İyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlamış, nəticədə M.Ələsgərov ölmüşdür. Avtomaşında olan sərnişin, əvvəllər soyğunçuluq cinayətinə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanılıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
14 07 2021 Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigyena qaydalarına riayət edilməsi ilə bağlı tədbirləri davam etdirir. İyulun 7-də Xəzər rayonunun Türkan qəsəbəsində keçirilən növbəti belə tədbir zamanı Ə.Hacıyev küçəsində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Türkan Bələdiyyəsinin sədri B.Yarıyev barəsində inzibati xəta haqqında protokol tərtib edilib. İyulun 13-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçirilən tədbir zamanı isə Xəzər dənizinin sahil zolağında yerləşən “Mirvari”, “Gold Sea”, “Caspi”, “Bayraq” və “Dəniz” istirahət mərkəzlərində sanitariya-gigyena qaydalarının pozulması faktları aşkar edilib. Həmin istirahət mərkəzlərinin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
12 07 2021 Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə bu il iyul ayının 1-dən müəyyən qaydalara əməl olunmaqla toy şənliklərinin keçirilməsinə icazə verilib. Lakin aparılan yoxlamalar nəticəsində bəzi şadlıq saraylarında qeyd olunan qərardan irəli gələn tələblər pozularaq toyların təşkili zamanı "icaze.e-gov.az" portalından qeydiyyatdan keçməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi, mərasimlərə qatılan bəzi şəxslərin vaksinasiya olunmalarını təsdiq edən müvafiq sənədin olmaması, eləcə də şənliklərin saat 24:00-dan sonra da davam etməsi müəyyən edilib. 
Gənc zabitlər xidmətə başladılar
12 07 2021 İyulun 12-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib. Nazir, general-polkovnik Vilayət Eyvazov iştirakçıları zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb. Daxili İşlər naziri ölkə rəhbərliyinin gənclərə hər zaman diqqət və qayğı göstərdiyini, yüksək mənəvi, iş keyfiyyətlərinə malik bacarıqlı, istedadlı gənclərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını, hazırkı tədbirin də bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov Nazirliyə Bakı və Sumqayıt şəhərlərində qeydiyyatda olan məzunların dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkib və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar. Daxili İşlər naziri Vilayət Eyvazov gənc zabitlərə çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, öz üzərlərində işləyərək bilik və təcrübələrini daim artırmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, onlarla ünsiyyətdə, rəftarda hər zaman yüksək mədəniyyət və təmkinlik nümayiş etdirmələrini, ədalətli, obyektiv və dürüst olmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib. Qeyd edək ki, bu il DİN-in Polis Akademiyasının əyani şöbəsinin 153 məzunu olub. Onlardan qeydiyyatda olduqları ərazi üzrə 15 nəfəri Naxçıvan Muxtar Respublikasının, 138 nəfəri isə respublikanın digər şəhər və rayonlarının polis orqanlarına təyinat alıblar.
Baş Dövlət Yol Polisi İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin yeni inzibati binalarının açılışı olub.
Baş Dövlət Yol Polisi İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin yeni inzibati binalarının açılışı olub. 12 07 2021 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin yeni inzibati binaları istifadəyə verilib. 
Azərbaycan polisinin fəaliyyəti dövlətə və xalqa sədaqət nümunəsidir
Azərbaycan polisinin fəaliyyəti dövlətə və xalqa sədaqət nümunəsidir 11 07 2021 Azərbaycan Polisinin yaranmasının 103-cü ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov başda olmaqla Nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.
Cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsi etibarli təmin olunur
09 07 2021 İyulun 9-da Daxili İşlər Nazirliyində 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında Kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bu ilin birinci yarısının növbəti uğurlu hesabat dövrlərindən olduğunu, daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, xüsusi karantin rejiminə nəzarətin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gündəlik vəzifələrin öhdəsindən layiqincə gəldiyini, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə və işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyi etibarlı təmin etdiyini vurğulayıb. Ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 14.058 cinayətin qeydə alındığını, açılmasının isə xeyli yaxşılaşdığını qeyd edib. Nazir cənab Prezidentin sərəncamları ilə polisin və Daxili Qoşunların peşə bayramları ərəfəsində də 26 əməkdaşın və 12 hərbi qulluqçunun dövlət mükafatlarına layiq görüldüyünü, rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verildiyini, həmçinin Vətən müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən 1690 hərbi qulluqçunun dövlət təltiflərinə, o cümlədən 4 nəfərə “Vətən müharibəsi qəhrəmanı” adının verildiyini, habelə xidmətdə fərqlənmiş yüzlərlə əməkdaşın və hərbi qulluqçunun mükafatlandırıldığını bildirib. General-polkovnik V.Eyvazov bütün bunlarla bərabər, fəaliyyətdə nöqsan və çatışmazlıqların mövcudluğunu, onların ətraflı müzakirə edilib əlavə təşkilati tədbirlər müəyyən edilməklə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Hesabat məruzəsi ilə çıxış edən nazirin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov qeydə alınmış cinayətlərin 84,3 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olduğunu, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 1,3, adam öldürməyə cəhdlərin 11, oğurluqların 31, soyğunçuluqların 34, quldurluqların 8, avtonəqliyyat vasitələrinin qaçırılmasının 9,6, xuliqanlıqların 6,4, odlu silahın tətbiqi ilə baş verən cinayətlərin 32, yol-nəqliyyat hadisələrinin 0,5, qəzalarda ölənlərin sayının 11, xəsarət alanların sayının 0,5 faiz azaldığını, habelə prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açıldığını, axtarışda olan 2200, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 248 şəxsin tutulduğunu vurğulayıb. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 435 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb. Məruzəətrafı çıxışlarda Nazirliyin aparatının sturuktur qurumlarının və ərazi polis orqanlarının rəisləri görülmüş işlər, əldə olunmuş nəticələr, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə planlaşdırılan konkret tədbirlər barədə məlumat veriblər. İclasa yekun vuran daxili işlər naziri Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi polis orqanlarında ümumi işə mənfi təsir göstərən halları nəzərə çatdıraraq diqqəti onların aradan qaldırılması yollarına və qarşıda duran digər vəzifələrə yönəldib, tapşırıq və tövsiyələrini verib. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsini, şəxsi heyətin daha böyük əzmlə çalışmasını və əməkdaşların peşəkarlığının yüksəldilməsini hər bir polis orqanının rəhbərindən tələb edib. Ayrıca olaraq narkotiklərlə mübarizənin vəziyyətinə toxunan nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Eyni zamanda, vətəndaşlara müraciət edərək narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün bəşəriyyəti narahat etdiyini, bu bəlaya qarşı mübarizənin Azərbaycanın hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artması ilə bərabər ölkəyə gətirilməsinə edilən cəhdlərin çoxaldığını, belə bir vəziyyətin gənclərin narkotik aludəçisi olmaq təhlükəsini artırdığını bildirib. Problemlə bağlı mediada gedən tənqidi yazıların, sosial şəbəkələrdə aparılan müzakirələrdə səsləndirilən müxtəlif fikirlərin normal hal olduğunu və hər kəsin mövqeyinə və ictimai rəyə hörmətlə yanaşıldığını, bütövlükdə məsələyə cəmiyyətin diqqətindən razılığını ifadə edib. Bu təhlükəni aradan qaldırmaq üçün hər kəsin ümumi işə real köməkliyinin vacibliyini vurğulayıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyat tədbirlərinin keçirilidiyini bildirib və fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib. Yeniyetmələr və gənclər arasında aparılan izahat işlərinə də toxunan Nazir bu işin konkret həyat nümunələrinə əsaslandıqda daha təsirli olduğunu, bütün hallarda əsas diqqətin ölkədə narkotiklərə tələbatın azaldılmasına yönəlməsinin əhəmiyyətini nəzərə çatdırıb. Eləcə də COVID-19 pandemiyasından əvvəl respublikanın bütün təhsil müəssisələrində antinarkotik mövzuda davamlı tədbirlərin keçirildiyini, həmin tədbirlərdə gənclər təşkilatlarının fəallığını, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar antinarkotik təbliğat sahəsində vətəndaşların köməyinə həmişəkindən çox ehtiyac duyulduğunu bildirib. Daxili İşlər Nazirliyinin bu məsələdə cəmiyyətin yetkin təbəqəsinə, sağlam düşüncəli hər bir vətəndaşa güvəndiyini, mediadan, sosial şəbəkələrin aktiv istifadəçilərindən, o cümlədən bloggerlərdən daha böyük fəallıq gözləntilərinin olduğunu, “Narkotiklərə yox!” devizinin hamılıqla dəstəklənəcəyinə inandığını qeyd edib. General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına göstərdiyi ali diqqətə, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, respublikada ictimai asayişin mühafizəsi, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində vəzfələr bundan sonra da layiqincə və tam yerinə yetiriləcəkdir.
İşğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla keçmiş və minaya düşmüş şəxslərlə bağlı məlumat
08 07 2021 Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.