| Nazir bildirmişdir ki, BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan Respulikasında uşaq hüquqlarının vəziyyəti ilə bağlı tövsiyə və tələblərinə müvafiq olaraq Daxili İşlər Nazirliyi tərəfindən zəruri tədbirlər görülmüş, uşaqlarla işləyən polis əməkdaşlarına uşaq hüquqları haqqında Konvensiyanın, Konvensiyaya dair əlavə protokolların öyrədilməsi və xidməti fəaliyyətdə tətbiq olunması daim diqqət mərkəzində saxlanılmışdır. Bu istiqamətdə UNİCEF-in ölkəmizdəki nümayəndəliyi, eləcə də respublikada fəaliyyət göstərən ayrı-ayrı beynəlxalq qurumlarla birgə Uşaq Hüquqları Konvensiyasının prinsiplərinə uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlara, o cümlədən küçə uşaqları, baxımsız, çətin tərbiyə olunan, zorakılığa məruz qalan azyaşlı və yeniyetmələrin hüquqlarının müdafiəsi istiqamətində çoxsaylı seminarlar, konfranslar, dəyirmi masalar təşkil olunmuş, toplantılar keçirilmiş, bu məqəsədlə işçi qrupları və sektorlararası şuralar yaradılmış, davamlı fəaliyyətin istiqamətləri müəyyənləşdirilmişdir.
UNİCEF-in Azərbaycan hökuməti ilə hazırda həyata keçirdiyi 3-cü əməkdaşlıq proqramı (2005-2009-cu illər) çərçivəsində Daxili İşlər Nazirliyi əsas tərəfdaşlarından biri kimi son 5 ildə respublika və beynəlxalq miqyaslı tədbirlərin iştirakçısı olmuş, ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərin, aparılan islahatların perspektivləri barədə müntəzəm olaraq hesabat vermiş, keçirilən müzakirələrdə təklif və tövsiyələrini bildirmiş, birgə layihələrin hazırlanıb həyata keçirilməsində fəal iştirak etmişdir.
Daxili işlər naziri qeyd etmişdir ki, son 5 ildə DİN-in UNİCEF-lə birgə həyata keçirdiyi qarşılıqlı fəaliyyət daha səmərəli və əhatəli olmuş, uşaq hüquqlarının müdafiəsi, Yuvenal Ədliyyə sahəsində islahatların aparılması, yeni iş metodlarının öyrənilməsi, gündəlik fəaliyyətdə tətbiqi, eləcə də yeniyetmələrin digər problemlərinin həlli istiqamətində davamlı işlər görülmüşdür.
Cənab Ramil Usubov xüsusi vurğulamışdır ki, respublikamızda uşaq hüquqları, kimsəsiz uşaqlara yardım məsələləri şəxsən cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqətindədir. Göstərilən dövrdə qeyd olunan məsələlərlə bağlı 11, o cümlədən 5 beynəlxalq konfrans keçirilmiş, 7 ölkədə beynəlxalq təcrübə mübadiləsi aparılmış, DİO-nun yeniyetmələrlə iş üzrə inspektorları ilə 4 mərhələdə 300-dən artıq əməkdaşın cəlb olunduğu treninqlər təşkil olunmuş, BMT-nin, ATƏT-in və digər beynəlxalq qurumların ekspertlərinin cəlb olunduğu 18 seminar, 9 təlim kursu, 6 dəyirmi masa və s. keçirilməsi təmin edilmişdir.
Daxili işlər naziri bildirmişdir ki, müzakirə olunan məsələlər gələcəkdə də nazirliyin rəhbərliyinin diqqət mərkəzində olacaq, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün tədbirlər görüləcəkdir.
Xanım Hanaa Singer səmimi qəbula və səmərəli əməkdaşlığa görə daxili işlər naziri cənab Ramil Usubova minrətdarlığını bildirmiş və Azərbaycan kimi günü-gündən inkişaf etməkdə olan bir ölkədə çalışdığından qürur duyduğunu ifadə etmişdir. |