DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin məlumatı

13.07.2018

Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində  iki polis zabiti şəhid olmuşdur. 

Bu cinayətin iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində Dövlət Başçısının şəxsi nəzarəti altında intensiv surətdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilmiş və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilmişdir. 

Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilmiş və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanmışdır.  
Bütövlükdə qeyd olunan cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunmuş, biri məhv edilmişdir. 
Törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Görülən işlərin gedişi barədə əlavə məlumat veriləcəkdir.